Hüquq
10.07.2018 / 11:58

Tənqidçinin öldüyü klinikanın sahibi yenə şikayət verdi

Tənqidçinin öldüyü klinikanın sahibi yenə şikayət verdi
Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan “Medi Sina” klinikasının sahibi Muğdət Həşimov yenidən kassasiya şikayəti verib.

İnform.az axar.az-a istinadən bildirir ki, Müğdət Həşimovun kassasiya şikayəti hakim Tahir Kazımovun icraatındadır.

Məhkəmə baxışı sentyabrın 5-ə təyin edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl də Müğdət Həşimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin proses zamanı təqsirləndirilən şəxs şikayətini geri götürüb.

Hakim heyəti Müğdət Həşimovun imtina ərizəsini təmin edib. Onun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılıaraq, iş materialları apellyasiya instansiyasına qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.

Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib.

“Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

İnform.az

Baxış sayı: 92