İqtisadiyyat
10.07.2018 / 02:33

"Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib"- Şahin Mustafayev

"Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib"-
"Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, görülən sistemli tədbirlər qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası davam etdirilib."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Müəyyən etdiyiniz strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.

Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.

Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.

İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.

Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik, Dünya Bankının “Doing Bussiness” hesabatları və 2018-ci il İnklüziv İnkişaf İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşması, cənab Prezident, rəhbərliyinizlə aparılan məqsədyönlü və gələcək tərəqqiyə hesablanmış iqtisadi siyasətin, görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.

Bilavasitə təşəbbüskarı və müəllifi olduğunuz beynəlxalq və regional əhəmiyyətli strateji layihələrin reallaşdırılması Azərbaycanın dünyada söz sahibi olması və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu yaxınlarda rəsmi açılışı olan “Cənub Qaz Dəhlizi” və TANAP qlobal mənada dünyanın enerji xəritəsini dəyişən strateji layihələrdir.

Möhtərəm cənab Prezident, ölkənin sosial-iqtisadi inkişafına müstəsna töhfələr verən məqsədli dövlət proqramlarının uğurlu icrası əldə edilmiş nailiyyətlərin əsasını təşkil edir. Regionların sürətli inkişafını təmin edən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, xüsusilə infrastrukturun və əhaliyə sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.

İlin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib.

Bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib.

Aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması istiqamətində görüləcək işlər dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsait hesabına davam etdirilir.

Ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb.

Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib", - Ş. Mustafayev qeyd edib.

İnform.az

Baxış sayı: 17