Araşdırma, Hüquq
09.07.2018 / 12:00

Konstitusion qanunçuluğun, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu- Araşdırma

Konstitusion qanunçuluğun, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu-
Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılar və elmi məqalələrlə görüşünüzə gəlir.

Qeyd edək ki, bu layihə ilin sonunadək davam edəcək.


Əvvəli:http://inform.az/index.php?newsid=33203

Qanunçuluq və hüquq qaydası hüquq nəzəriyyəsi elminin tədqiqat predmetinə daxil olan əsas mövzulardan biridir.

Cəmiyyətin hüquqi sistemində bu kateqoriyaların qarşılıqlı əlaqəsi və bir çox ümumi əlamətlərə malik olması inkar edilməzdir.

Qanunçuluq və hüquq qaydasının eyni prinsiplər əsasında formalaşması, siyasi hakimiyyətlə bağlılığı, vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə uzlaşması, normativlik xüsusiyyəti təhlil olunan bu hüquqi hadisələrin ümumi aspektlərini xarakterizə edir.

Lakin ümumi cəhətlərə malik olması heç də bizə bu hüquqi kateqoriyaları eyniləşdirməyə əsas vermir.

Bu kontekstdə qanunçuluq və hüquq qaydası dialektikanın səbəb və nəticə metodologiyası əsasında izah oluna bilər.

Belə ki, qanun və digər normativ aktların tələbləri hamı tərəfindən yerinə yetirildiyi halda möhkəm hüquq qaydası yaranır. Hüquq qaydasının zəif olması isə onu göstərir ki, qanunlar pozulur, inkar olunur, başqa sözlə desək ölkədə qanunçuluq rejimi təmin olunmur. Bir sözlə, qanunçuluq olan yerdə hüquq qaydası da mövcuddur. Qanunçuluğun olmadığı yerdə isə hüquq qaydasından danışmaq olmaz.

Təsadüfi deyildir ki, gündəlik ictimai-siyasi leksikonda bu iki kateqoriya əsasən birlikdə işlədilir. Məsələn: qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi.

Hüquq qaydası ölkədə qanunçuluq vəziyyətinin real göstəricisi, onun nəticəsidir.

Qanunçuluq və hüquq qaydası mühüm sosial dəyərlər kimi ictimai və dövlət həyatında özbaşınalığın, sui-istifadə hallarının, sosial ziddiyyətlərin qarşısını alır, ümumilikdə cəmiyyəti xaos və anarxiyadan, zorakılıqdan qoruyur.

Hüquq ədəbiyyatlarında bu kateqoriyaların anlayışına dair fikir plüralizmi mövcuddur.

Müasir hüquq nəzəriyyəsində qanunçuluq dövlət və ictimai həyatın təşkili prinsipi, dövlət idarəetmə metodu və hüquq münasibətlərinin bütün subyektləri tərəfindən qanunların dəqiq və dönmədən icrasını təmin edən xüsusi rejim mənalarında izah olunur. Hesab edirik ki, qanunçuluğun anlayışına dair mövcud olan fikir plüralizmi heç də ziddiyyətli deyil, əksinə bu cür baxışlar bir-birini tamamlayır və qanunçuluq kimi bütöv bir hüquqi hadisəni formalaşdırır.

Qanunçuluğun tərifinə dair müxtəlif baxışların olmasına baxmayaraq praktiki olaraq onların hər birində qanunçuluğun mahiyyətini təşkil edən ictimai münasibətlərin bütün iştirakçıları tərəfindən hüquq normalarının göstərişlərinə ciddi sürətdə əməl etmək tələbi dayanır.

Bununla yanaşı hüququn realizəsi, hüquqi göstərişlərin həyata keçirilməsi heç də formal tələb olmayıb, cəmiyyətin və dövlətin normal fəaliyyətinin, ictimai qaydanın, hüquq qaydasının və dövlət intizamının təmin olunmasının əsas amili kimi çıxış edir. Yalnız möhkəm qanunçuluq şəraitində ictimai və dövlət həyatında ədalətlilik, humanistlik və azadlıq ideyaları bərqərar oluna bilər.

Bu kontekstdə geniş sosial-siyasi anlamda qanunçuluq ictimai-siyasi həyatın rejimi hesab oluna bilər. Bu elə bir rejimdir ki, burada hüquq subyektlərinin fəaliyyəti qanuna əsaslanır və hüququn ədalətlilik, humanistlik, azadlıq və məsuliyyət ideyaları şəxsi maraqlardan üstün dayanır.

Qanunçuluq elə bir mənəvi-siyasi mühitdir ki, hüquqi tələblərin yerinə yetirilməsi, vətəndaşların hüquq və azadlıqlarının reallığı və toxunulmazlığı, cəmiyyətin, vətəndaşların həyat tərzinin əsasını təşkil edir.

Beləliklə, hüquqi dövlətdə qanunçuluq rejimi bir-birini tamamlayan iki əsas faktoru ehtiva edir:

1) ictimai inkişafın tələblərinə cavab verən təkmil qanunvericiliyin mövcudluğu;

2) qanun və qanunqüvvəli aktların göstərişlərinin tam və qeyd-şərtsiz həyata keçirilməsi.

Qanunçuluğun möhkəmləndirilməsi nəzəriyyəsi və praktikası üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən biri də qanunçuluğun tələbləri və prinsipləri suallarının aydınlaşdırılmasıdır.

«Qanunçuluğun tələbləri» termininə son vaxtlar elmi-hüquqi ədəbiyyatlarda tez-tez rast gəlinir. Bu tələblərin məzmununa cəmiyyətin hüquqi həyatının elə bir prinsipial müddəaları daxil edilir ki, onlarsız real qanunçuluğun mövcudluğu qeyri mümkündür.

Əsas etibarilə qanunçuluğun tələbləri və hüququn prinsipləri üst-üstə düşür.

Belə ki, onların realizəsi ictimai tənzimetmənin optimal rejimini yaradır. Buna baxmayaraq, bu terminləri də eyniləşdirmək olmaz. Qanunçuluğun tələbləri hüququn ümumi prinsiplərinin (ədalətlilik, humanizm, bərabərlik və s.) həyata keçirilməsi üçün yalnız hüquqi vasitə kimi çıxış edir. Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, qanunçuluğun özü də hüququn əsas prinsiplərindən biridir.

Qanunçuluq hüquq münasibətlərinin subyektlərindən aşağıdakıları tələb edir :


1. İctimai və dövlət həyatında hüququn aliliyi ideyasını təmin etmək. Qanunçuluq rejimində ictimai münasibətlərin nizamlanmasında əsas rol hüquqa məxsusdur. Burada sosial tənzimetmənin əsasında şəxsi, ideoloji, siyasi və s. oxşar motivlər yox, məhz hüquq dayanır. Lakin bu heç də o demək deyildir ki, bütün münasibətlər hüquqi təsirə məruz qalmalıdır. Demokratik, hüquqi dövlətdə yalnız obyektiv zərurət olduğu halda ictimai münasibətlərin hüquqi tənziminə üstünlük verilir.

Bəzən müəlliflər qanunçuluğun mahiyyətini hüququn subyektləri tərəfindən yalnız qanunlarda göstərilən tələblərin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Əslində isə bu cür fikirlə tam şəkildə razılaşmaq olmaz.

Çünki belə bir mövqeyin qəbul edilməsi qanunçuluğun definisiyasından qanuntabeli normativ-hüquqi aktlara əməl etmənin vacibliyinin çıxarılması mənasını verə bilərdi ki, bu da son nəticədə labüd olaraq ölkədə qanunçuluq rejiminin zəifləməsinə gətirib çıxarardı. Hüququn aliliyi ideyası həm qanunların, həm də qanuntabeli normativ-hüquqi aktların təmin olunmasının zəruriliyini ehtiva edir.

Lakin, ictimai həyatın bütün sahələrində hüququn aliliyi barədə danışarkən unutmaq olmaz ki, nəzəri kontekstdə qanun, normativ-hüquqi akt və hüquq anlayışları ilə üst-üstə düşmür.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasında normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı olduğu vurğulanır. Yalnız bu halda möhkəm qanunçuluq rejimindən söhbət gedə bilər.

Ölkəmizdə aparılan hüquqi islahatların, hüquqyaratma fəaliyyətinin əsasında da elə məhz bu ideyalar dayanır.

Azərbaycan Respublikasının qanunvericilik sistemi hüququn demokratik prinsipləri, ümumbəşəri dəyərlər əsasında formalaşır. Bu da öz növbəsində ölkəmizdə qanunçuluğun daha da möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır.

2. Qanunun digər normativ-hüquqi aktlara nisbətən üstünlüyü.

Qanun - xalqın iradəsini, vətəndaş cəmiyyətinin maraqlarını ifadə edən, ali hüquqi qüvvəyə malik olan, səlahiyyətli dövlət orqanının hüquqyaratma aktıdır. Buna görə qanunçuluq ilk növbədə qanunların aliliyi ideyası ilə əlaqələndirilir. Bu kontekstdə qanunun tələblərinə zidd olan istənilən hüquqyaratma və hüquqtətbiqetmə aktlarının qəbulu qanunçuluğun pozulması kimi qiymətləndirilir.

Bütün normativ-hüquqi aktlar qanunla müəyyən olunmuş qaydada və formada qəbul olunmalıdır. O münasibətlər ki, obyektiv olaraq hüququn təsir dairəsinə daxil edilir, adətən qanunla tənzimlənir. Qanunqüvvəli hüquqi aktlar isə yalnız həmin münasibətlər qanunla tənzimlənmədiyi hallarda qəbul olunur (qanun əsasında və qanunla müəyyən olunmuş formada).
Yalnız bu zaman həmin hüquqi aktlar xalqın iradəsini, cəmiyyətin mənafeyini, hüququn əsas prinsiplərini ifadə edə və ölkədə möhkəm qanunçuluq rejimini təmin edə bilər.

Azərbaycan Respublikasının qanunvericilik sistemində ən yüksək hüquqi qüvvəyə malik olan qanun Konstitusiyamızdır. Məhz bu baxımdan Azərbaycan Respublikasında qanunçuluğun məzmununa onun mühüm elementi kimi konstitusiya qanunçuluğu anlayışının da daxil edilməsi xüsusi önəm kəsb edir.

Azərbaycan Respublikasında Konstitusiya qanunçuluğu aşağıdakıları ehtiva edir:


Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsini, mənafeyini ifadə edir, ümumbəşəri dəyərlərə əsaslanır, insan hüquqlarının və hər kəsin layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edir. Dövlətimizin Əsas Qanunu ölkədə demokratik siyasi rejim formasını, siyasi, iqtisadi plüralizm, hakimiyyətlər bölgüsü, yerli özünüidarəetmə və s. ümumbəşəri dəyərləri özündə inteqrasiya edir;

*Azərbaycan Respublikasının Konstitusiyası normativ-hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir. Ölkəmizdə həyata keçirilən hüquqyaratma və hüquqtətbiqetmə prosesi Konstitusiyaya tam uyğun olmalıdır;

*Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir;

*Dövlətimizdə konstitusiya qanunçuluğunu təmin etmək məqsədi ilə xüsusi Konstitusiya məhkəmə nəzarəti mexanizmi təsis olunur.

3. Hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi.

Cəmiyyətdə möhkəm və səmərəli qanunçuluq rejimi yalnız bütün şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyi şəraitində yarana bilər. Bir tərəfdən hüququn bütün subyektləri üzərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirməli, qanunun tələblərinə ciddi əməl etməli, digər tərəfdən isə dövlət onların hüquq və qanuni maraqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmalıdır.

Qanun və məhkəmə qarşısında bütün şəxslərin bərabərliyi tələbinə görə, qanun və onun göstərişləri eyni dərəcədə hamı üçün məcburidir, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hakimlər ədalət mühakiməsinin həyata keçirilməsində işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

4. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına zərər yetirə bilməz.

Demokratik, hüquqi dövlət quruculuğu şəraitində bu tələb prinsipial əhəmiyyətə malikdir. Belə ki, bir şəxsin azadlığı digərinin azadlığına zərər vurmaq yolu ilə realizə oluna bilməz. Əgər sərbəst toplaşmaq azadlığını həyata keçirən şəxslər başqalarının konstitusion hüquqlarını pozursa, deməli onlar qanunçuluğun tələblərini də pozurlar. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər bir şəxs başqalarının hüquq və azadlıqlarına hörmət bəsləməlidir.

5.Qanunçuluğun və məqsədəuyğunluğun qarşı-qarşıya qoyulmasının yolverilməzliyi.


Nə üçün qanunçuluğun və məqsədəuyğunluğun qarşı-qaşıya qoyulması yolverilməzdir?

İlk növbədə ona görə ki, hüquqa və haqq-ədalətə əsaslanan qanunun özü ən yüksək ictimai məqsədəuyğunluğu ilə fərqlənir və burada həm ictimai, həm də fərdi maraqlar maksimal dərəcədə nəzərə alınır.

Bu kontekstdə qanunçuluğun tələbinə müvafiq olaraq hüquqi dövlətdə hər bir halda qanuna əməl olunmalıdır. Məqsədəuyğunluq ideyası isə qanun əsasında və onun icrası prosesində realizə oluna bilər. Bu zaman qanun çərçivəsində elə bir tədbir görülməlidir ki, o yerli maraqları, fərdi xüsusiyyətləri nəzərə alaraq konkret hal üçün öz məqsədəuyğunluğu ilə seçilsin.

Əgər qanun ictimai inkişafın tələblərindən geri qalırsa, onda o müəyyən olunmuş qaydada dəyişdirilməlidir. Lakin nə qədər ki, qanun qüvvədədir, deməli onun göstərişləri də hamı üçün məcburidir. Köhnəlmiş qanun ləğv edilənə qədər heç bir kəs onu məqsədəuyğunsuzluq baxımından poza bilməz.

Hüquqtətbiqetmə subyektləri yalnız qanunverici orqan qarşısında köhnəlmiş qanunun ləğv edilməsi xahişi ilə çıxış edə bilər.

6. Qanunçuluğun ümumiliyi.

Bu tələb qanunçuluğun şəxslərə görə qüvvəsini xarakterizə edir. Qanunçuluq ayrı-seçkiliyə yol vermir və onun tələbləri istisnasız hüququn bütün subyektlərinə aiddir.

Hüququn göstərişlərinə bütün vətəndaşlar və onların yaratdığı birliklər, siyasi partiyalar, vəzifəli şəxslər, dövlət orqanları əməl etməlidirlər. Cəmiyyətdə elə bir təşkilat və yaxud insan ola bilməz ki, qanunçuluğun təsirindən kənarda qalsın.

Elmi-nəzəri ədəbiyyatlarda haqlı olaraq qeyd olunur ki, qanunçuluğun məzmunu əhəmiyyətli dərəcədə onun subyektlərinin tərkibindən asılıdır.

Alimlərin əksəriyyəti qanunçuluğun anlayışını ictimai münasibətlərin bütün iştirakçılarının, yəni dövlət orqanları, vəzifəli şəxslər, ictimai təşkilatlar və vətəndaşların fəaliyyəti ilə bağlayırlar.

Lakin bu definisiyada vətəndaşları, bəzi hallarda isə ictimai təşkilatları istisna edən və bu tərkibi əhəmiyyətli dərəcədə məhdudlaşdıran təkliflər də səslənir. Hesab edirik ki, qanunçuluğun subyektiv tərkibindən kimlərinsə çıxarılması həmin şəxslərdə hüquqi göstərişlərin icra edilməsinin qeyri-vacibliyi barədə fikir yarada və son nəticədə qanunçuluq rejiminin pozulmasına gətirib çıxara bilər.

Qanunçuluğun subyektiv tərkibinin məhdudlaşdırılması onun ümumiliyinə, hüquqi göstərişlərin ümumməcburiliyinə, o cümlədən hər kəsin hüquq bərabərliyi ideyasına ziddir.

Müasir konsepsiyaya görə qanunçuluğun əksər tələbləri hər şeydən əvvəl dövlət hakimiyyəti orqanlarına ünvanlanır. Belə ki, hakimiyyət səlahiyyətinə malik olan dövlət orqanlarının, vəzifəli şəxslərin hüquqazidd fəaliyyəti qanunçuluğun əsaslarını sarsıdaraq şəxsiyyət və cəmiyyət üçün daha çox təhlükə doğurur. Lakin, əgər vətəndaşlar tərəfindən törədilən hüquqpozma halları kütləvi xarakter alarsa, onda cəmiyyətdə cinayətkarlığın səviyyəsi artar və bu da sözsüz ki, qanunçuluq rejiminin pozulmasına səbəb olar.

Davamı var...


Ceyhun Süleymanov/ dosent, polis polkovniki
Hikmət Eyvazov/ dosent, polis polkovnik-leytenantı
Polis Akademiyası

Baxış sayı: 110