Elm-təhsil
04.07.2018 / 14:48

ADPU–nun nümayəndə heyəti LDU-da olub- FOTO

ADPU–nun nümayəndə heyəti LDU-da olub-
Lənkəran Dövlət Universiteti (LDU) ilə qarşılıqlı əməkdaşlığa dair bağlanılmış müqavilənin şərtlərinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti bu ali təhsil müəssisəsində olub.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimovla görüşüb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, professor Natiq İbrahimov qonaqlara universitetin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, son illər təhsilin inkişafı istiqamətində qazandığı uğurlar, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, nümayəndə heyətini LDU-nun yeni istifadəyə verilmiş turizm təcrübə bazası, yardımçı təsərrüfatı, sitrus və çay plantasiyaları, tədris korpusları, laboratoriyaları, fənn kabinələri, tyutor xidməti ilə tanış edib.

Tanışlıqdan sonra söhbət dəyirmi masa ətrafında davam etdirilib. Söhbətdə ADPU-nun nümayəndə heyətinin üzvləri-rektor Cəfər Cəfərov, prorektorlar Asəf Zamanov, Fikrət Rzayev, universitetin Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlı, LDU-nün professor-müəllim heyəti iştirak edib.

İşgüzar və səmimi şəraitdə keçən söhbət zamanı ölkədə, o cümlədən adıçəkilən universitetlərdə təhsilin inkişafı istiqamətləri, prioritetləri geniş müzakirə edilib, regionda orta təhsil sisteminin inkişafı ilə bağlı birgə fəaliyyətin vacibliyi vurğulanıb, humanist pedaqoqika ilə bağlı birgə regional tədbirin keçirilməsi qərara alınıb.

Eyni zamanda elmi nəşrlərin birgə buraxılışı, birgə elmi layihələrin tədqiqi, doktorant-magistrlərin birgə hazırlanması, tələbə mobilliyi, müxtəlif ixtisaslar üzrə açıq dərslərin , mühazirələrin keçirilməsi, tələbə və müəllim ictimai təşkilatlarının əməkdaşlığı, ADPU-nun Cəlilabad Filialı ilə əməkdaşlıq, dərslik, elmi jurnalların mübadiləsi ətrafında geniş diskussiya aparılıb, təklif və rəylər dinlənilib.

Dəyirmi masa arxasında diskussiya-söhbətdən sonra ADPU-nun nümayəndə heyətinin üzvləri LDU-nun professor-müəllim heyəti ilə müxtəlif bölmələrdə humanitar və təbiyyat elmlərinin inkişafı, xarici dillərin tədrisi ilə bağlı elmi söhbət aparıblar.

Qeyd edək ki, belə görüşlərin növbəti tədris ilində davamlı və geniş tərkibdə keçirilməsi qərarlaşdırılıb.

ADPU–nun nümayəndə heyəti LDU-da olub-


İnform.az


Baxış sayı: 25