Sosial
04.07.2018 / 01:00

Sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilir

Sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilir
Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

“20 Yanvar” metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.

BNA-nin İctimai əlaqələr və maarifləndirmə şöbəsindən İnform.az-a verilən məlumata görə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur.

Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

Metronun “Nəsimi”, “Azadlıq Prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur.

“Ulduz”, “N.Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur.

“28 May” metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək.

Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib.

İnform.az

Baxış sayı: 30