Mədəniyyət
30.06.2018 / 08:30

Astaralı gənc rəssamların uğurları- FOTO

Astaralı gənc rəssamların uğurları-
Astara Dövlət Rəsm Qalereyası sanki nağıllar dünyasını xatırladır.

Burada sərgilənən rəsm əsərləri dünənimizin və bu günümüzün reallıqlarını əks etdirən yaradıcılıq məkanıdır. Balaca rəssamların orijinallığı ilə diqqəti cəlb edən əsərləri onların maraq dünyasından, yaradıcılıq qabiliyyətindən xəbər verir.

1980-ci ildən fəaliyyət göstərən bu qalereya rayon mədəniyyət mərkəzinin binasında yerləşir. Qalereya 50 kvadratmetr ekspozisiya zalından və 12 kvadratmetr fond saxlayıcı otaqdan ibarətdir. Burada Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin müəllimlik etdiyi rəssamlıq dərnəyi fəaliyyət göstərir, 30-dan çox uşaq böyük həvəslə sənətin sirlərinə yiyələnir.

İnform.az-ın xəbərinə görə, qalereyanın direktoru Naibə Mustafayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində gənc rəssamların uğurlarından danışaraq bildirib ki, bina şəraiti ilə əlaqədar müxtəlif çətinliklərə baxmayaraq qalereya uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin təkmilləşməsində və yeni nəsil rəssamların yetişməsində mühüm rol oynayır. Qalereyanın gənc rəssamları ölkəmizdə təşkil olunan bir çox sərgilərdə uğurla iştirak ediblər. Astaranın gənc rəssamları beynəlxalq müsabiqələrdə və sərgilərdə ölkəni layiqincə təmsil edirlər.

Gənc rəssam Müslüm İmaməliyev 2008-ci ildə Misir Ərəb Respublikasında “İt mənim dostumdur” adlı beynəlxalq sərgidə əl işinə görə sertifikata, Firudin Quliyev 2011-2012-ci illərdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa və Kazan şəhərlərində keçirilmiş beynəlxalq simpoziumda “Altın Çiçək” qızıl medalına layiq görülüb.

2014-cü ildə Yaponiyada XXII Dünya Uşaq Rəsm Müsabiqəsində 83 ölkədən 23868 əl işi arasında astaralı rəssam Dəniz Baxışzadə “Pambıq yığımı” adlı əl işinə görə ikinci yeri tutub. Həmin il ona Rusiyanın Saratov şəhərində Dünya Uşaq Rəsm Müsabiqəsindən təşəkkür məktubu təqdim edilib.

2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xətti ilə I Ümumrespublika Rəsm Müsabiqəsində dərnəyin üzvü Nərmin Axundzadə “Ordumuzla fəxr edirik” adlı əl işinə görə ikinci yeri tutaraq 100 manat pul mükafatına layiq görülüb.

2016-cı ildə İspaniyanın Madrid şəhərində keçirilmiş beynəlxalq sərgidə birinci dərəcəli diploma layiq görülən astaralı rəssam Jalə Əliyeva elə həmin il Özbəkistanda “Daşkəndin sevincləri” VI Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində uğurla iştirak edib

2016-2017-ci illərdə qalereyanın gənc rəssamları Yunanıstanın Ksanfi şəhərində “Musiqi cığırı” adlı VII Uşaq İncəsənət Sərgisində, 2016-2017-ci illərdə Yaponiyanın Kanaqava şəhərində XIX Dünya Uşaq Bədii Sərgisində, Misir Ərəb Respublikasında Milli Uşaq Mədəniyyət Mərkəzinin təşkil etdiyi Beynəlxalq Rəsm Müsabiqəsində iştirak ediblər.

Bu ilin fevral ayında Bakı Xətai Sənət Mərkəzinin xətti ilə Respublika Uşaq Rəsm Müsabiqəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən, martda isə Respublika Uşaq Rəsm Müsabiqəsində “Yurdumuza bahar gəlir” rəsm əsərinə görə Leyli Dədəyeva diploma layiq görülüb.

İyun ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə “İstedadli uşaqlar” festivalında Mirbəyim İskəndərova diplom və 100 manat pul mükafatı alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ekoloq-2010” ekoloji maarifləndirmə ictimai birliyi tərəfindən reallaşdırılan “Narkomaniya cənublu məktəblilərin gözü ilə” rəsm müsabiqəsində dərnəyin üzvlərindən Riyad Rzayevə və Gülnar Abıyevaya sertifikatlar verilib.

Qalereyanın rəssamlıq dərnəyinin üzvlərindən bir qismi təhsillərini ali məktəbdə müvəffəqiyyətlə davam etdirirlər. Rüstəm Quliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyir, Aytac Zeynalova Bakı Sosioloji Pedaqoji Kollecində “Təsviri incəsənət” ixtisasına yiyələnib. Cavidan Əhmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika şöbəsində, Səbinə Əliyeva dekorativ tətbiqi sənət fakültəsində, Dəniz Baxışzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində, Məryəm Məhərrəmova Gəncə Şəhər Texnologiya Universitetinin memarlıq və dizayn fakültəsində, Nərmin Axundzadə UNEC-də, Aysel Əlizadə Bakı Memarlıq və İnşaat Kollecinin dizayn fakültəsində, Rüqəyya Rəşidzadə Astara Pedaqoji Kollecinin incəsənət şöbəsində təhsillərini davam etdirirlər.

Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının əl işləri əsasən rayon mədəniyyət mərkəzinin birinci mərtəbəsinin foyesində sərgilənir. Şərait olmadığından rəsmlərin bir qismini nümayiş etdirmək mümkün deyil. Rəssamlıq dərnəyinin rəhbəri Firudin Quliyevin müqəddəs Qurani-Kərimin surələri əsasında rəngli boya ilə çəkdiyi orijinal əsərlər uşaqların məşğələ keçirdiyi otaqda sərgilənir.

Naibə Mustafayevanın sözlərinə görə, qalereyadakı vəziyyət ayrıca binanın tikilməsi zərurətini yaradıb. Yeni bina uşaqların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, habelə rayonda rəssamlıq sənətinin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradar.

Astaralı gənc rəssamların uğurları-


Astaralı gənc rəssamların uğurları-


Astaralı gənc rəssamların uğurları-


Astaralı gənc rəssamların uğurları-


Astaralı gənc rəssamların uğurları-


Astaralı gənc rəssamların uğurları-


İnform.az

Baxış sayı: 37