İqtisadiyyat
28.06.2018 / 10:32

ƏMDK-dın xəbərdarlıq: ƏKİN SAHƏLƏRİNİ YANDIRANLAR CƏRİMƏLƏNƏCƏKLƏR

ƏMDK-dın  xəbərdarlıq:
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.

ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, komitə tərəfindən aparılan müşahidələrə əsasən, mövsümi biçin işlərinin başlanması nəzərə alınaraq kənd təsərrüfatı məhsulları əkilmiş, o cümlədən taxıl sahələrinin biçinindən sonra yandırılması halları müşahidə edilir.

Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər.

Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd edilməlidir ki,əkin sahələrinin yandırılması nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin, əkin sahələrinin yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən əkin torpaqlarının mühafizəsinin təmin edilməsi, eləcə də torpaqların istifadəsi və onların mühafizəsi sahəsində inzibati məsuliyyətə səbəb olacaq halların qarşısının vaxtında alınması məqsədi ilə yerli icra hakimiyyətləri, əlaqədar təşkilatlar əkin işləri ilə məşğul olan əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmasını təşkil etməlidirlər.

İnform.az


Baxış sayı: 25