Mədəniyyət
27.06.2018 / 17:09

Lənkəran teatrı hamilik köməyini genişləndirir- FOTO

 Lənkəran teatrı hamilik köməyini genişləndirir-
Keçmiş ənənəsinə sadiq qalan Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi artıq 3 ildir ki, Cənub bölgəsinin mədəniyyət müəssisələrinə, özfəaliyyət dram kollektivlərinə və xalq teatrlarına özünün hamilik köməyini göstərməkdədir.

Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, bununla əlaqədar regional Mədəniyyət İdarələri və şöbələri ilə niyyət sazişləri imzalanıb, tərəflərin məqsəd və vəzifələri müəyyənləşdirilib.

Sazişə əsasən Lənkəran teatrı mədəni-maarif müəssisələrində ustad dərsləri keçirməyi, həmin kollektivlərə teatr tamaşaları hazırlamaqdan ötrü lazım olan dəstəyi göstərməyi öhdəsinə götürüb.

T.Heydərovun sözlərinə görə, artıq bu istiqmətdə müəyyən işlər görülüb. Məhz Lənkəran teatrının hamilik köməyi sayəsində Cəlilabad Rayon Mədəniyyət Şöbəsinin Xalq Teatrı 5 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib, həvəskar artistlərin ifasında Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Hacı Qara" komediyası tamaşaya hazırlanıb.

Anoloji yaradıcılıq dəstəyi həmçinin Biləsuvar rayonunda da öz əksini tapıb. Belə ki, Lənkəran teatrı ilə Biləsuvar Regional Mədəniyyət İdarəsi arasında niyyət sazişi imzalanıb. Həmin sənədə müvafiq olaraq Lənkəran Dövlət Dram Teatrı Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin özfəaliyyət teatr kollektivlərinə yaradıcılıq və texniki dəstək göstərməyi öhdəsinə götürüb. Lənkəranlı sənətçilərin hamiliyi ilə Biləsuvar Mədəniyyət Mərkəzinin özfəaliyyət teatr kollektivinin həvəskar aktyorlarının təqdimatında “Nəsimi” tamaşası oynanılıb, həmin tamaşa üçün lazım olan texniki və yaradıcılıq köməyi edilib, bu səhnə əsərinin müzakirəsində teatrının direktoru Tofiq Heydərov, baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov çıxış edərək tamaşa barədə fikir və mülahizələrini söyləyiblər.

Hamilik köməyini genişləndirən Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti iyulun 27-də Astara Rayon Mədəniyyət Şöbəsində keçirilən aylıq seminarda iştirak edərək, yerli özfəaiyyət teatr kollektivləri üçün tamaşanın hazırlanma prosesi ilə bağlı ayrı-ayrı mövzularda, o cümlədən rol bölgüsü, rol üzərində iş, səhnənin bədii tərtibatı, işıq-kölgə effektlərinin istifadə olunması xüsusiyyətləri, afişa və proqramların hazırlanması mövzularında metodiki söhbətlər aparıb. Astara Rayon Mədəniyyət Şöbəsinin müdiri Şadoğlan Bayramov çıxış edərək məzmunlu çıxışları üçün qonaqlara minnətdarlığını çatdırıb. Daha sonda teatrın truppasının ifasında yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası oynanılıb. Maraqla baxılan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qqızılgül ulliyeva, Səyad Əiyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

T.Heydərov bildirib ki, teatrımızın aktyor kadrlarına olan ehtiyacını məhz bölgənin istedadlı gəncləri hesabına ödəmək fikrindəyik:”Əsas məqsədimiz istedadlı gənclərin üzə çıxarılması, onların professional təhsil almaları və teatra cəlb edilməsi istiqmətində işləri bundan sonra da davam etdirməkdir”.

 Lənkəran teatrı hamilik köməyini genişləndirir-


 Lənkəran teatrı hamilik köməyini genişləndirir-


 Lənkəran teatrı hamilik köməyini genişləndirir-


 Lənkəran teatrı hamilik köməyini genişləndirir-


Ağaddin Babayev


Baxış sayı: 251