Baş xəbər, Hərbi
26.06.2018 / 11:36

"Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək"- İlham Əliyev

"Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək"-
"Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanında hərbi paradda nümayiş etdiriləcək.2

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan getdikcə güclənəcək: “Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. İqtisadi güc, hərbi güc bizdədir. Vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir və bir daha Azərbaycan xalqını əmin edir ki, o tam arxayın ola bilər ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

İlham Əliyev bildirib ki, 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı:

“Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın torpağında, işğaldan azad edilmiş torpaqlarda dalğalanır və bu parad üçün buraya gətirilibdir. Gün gələcək və bu gün işğal altında olan torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

İnform.az

Baxış sayı: 29