Maqazin
25.06.2018 / 23:40

"Heç kim sabah nə olacağını bilmir..." Hacı Nuran

"Heç kim sabah nə olacağını bilmir..."
"Xəstəliyimə don geyindirməyə çalışanlar, ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz?"

İnform.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri "Həyat" fondunun rəhbəri Hacı Nuran Hüseynov Bakıda özəl klinikalardan birində olan zaman yanına at gətirilməsi barədə yazılanlara münasibət bildirərkən qeyd edib. Xeyriyyəçi sürprizləri sevdiyini söyləyib:

"Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım.

Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxt istəsə, o vaxt gəlir. Getmək vaxtını da özü bilir. Pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə "sağ olun" deyirəm. Haqqınızı halal edin! Kim məni sevindirmək üçün nə etdisə, çox təşəkkür edirəm. Kim bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz etməsin. Arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm, səmimi sözlər, dualar eşitdim.

Heç kim sabah nə olacağını bilmir. Dostlarımın diqqətinə, zarafatlarına, sürprizlərinə, xəstəliyimə don geyindirməyə çalışanlara üzümü tuturam. Ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz? Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. Bu, böyük günahdır".

Qeyd edək ki, “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovu müalicə aldığı xəstəxanada ziyarət edən şəxslər palataya at (poni) gətirmişdilər. Onların bu hərəkəti sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.

Xatırladaq ki, bir neçə gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb. Xeyriyyəçi hazırda müəlicəsini Almaniyada davam etdirir.

İnform.az

Baxış sayı: 1284