Siyasət
23.06.2018 / 09:53

"Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər"- Səfir

"Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər"-
"Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın göstəricilərini iki ölkənin işgüzar dairələri arasında birbaşa tərəfdaşlıq münasibətlərini inkişaf etdirərək və investisiya əməkdaşlığının miqyasını genişləndirərək bir neçə dəfə artırmaq olar."

İnform.az-ın xəbərinə görə, bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.

Onun sözlərinə görə, bank-maliyyə sektorunda əlaqələri inkişaf etdirmək lazımdır, iki ölkənin ixrac malları və xidmətlərinin siyahısına əsaslı şəkildə yenidən baxmağa ehtiyac var, çünki bu biznesmenlər arasında dialoqun genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir: “Hazırki ticari-iqtisadi əlaqələrin səviyyəsi bizi qane edə bilməz. 2017-ci ilin nəticələrinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 31,2 milyon dollar təşkil edib, onlardan 26,2 milyon dollar Özbəkistanın ixracı və yalnız 2,9 milyon dollar idxalına aiddir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdən potensialın tam istifadə olunması üçün səylərin artırılması tələb olunur”.

Səfir xatırladıb ki, Özbəkistana investisiyaların cəlb olunması üçün Şavkat Mirziyoyev tərəfindən kiçik də daxil olmaqla istənilən miqyasda biznesin aparılması üçün vergi, gömrük, kredit güzəştləri ilə xüsusi iqtisadi məkan olan azad iqtisadi zonalar yaradılıb.

H.Quliyevin sözlərinə görə, təsərrüfat subyektlərinin vergi yükünün əsas hissəsindən azad edilməsi onların sürətlə genişlənməsi üçün geniş imkanlar yaradır, ələxsus da söhbət xarici investisiyaların nizamnamə kapitalında iştirakından gedirsə.

“Özbəkistan iqtisadiyyatına Azərbaycan investisiyalarına gəlincə demək istərdim ki, bugünki günə respublikanın ərazisində 82 Azərbaycan müəssisəsi fəliyyət göstərir, onlardan 71-i birgə müəssisələrdi, 11-i isə 100 faizlik Azərbaycan kapitalı ilə olanlardır”, - deyə səfir bildirib.

O deyib ki, bu müəssisələrin əsas fəaliyyət sahələri maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla əməliyyatlar, energetika, xidmət sahəsi, zərgərlik məmulatlarının istehsalı və təmiri, yeyinti sənayesi və yüngül sənayedir: “Azərbaycan Mərkəzi Asiyanın ürəyi, böyük iqtisadi və strateji imkanlara malik olan Özbəkistanın potensialının istifadə olunmasında maraqlıdır. Ticari-iqtisadi və investisiya əlaqələrinin inkişafı Azərbaycan və Özbəkistanın ikitərəfli əməkdaşlığın prioritet istiqamətidir”.

İnforma.az

Baxış sayı: 38