Baş xəbər, Hərbi
22.06.2018 / 11:30

" Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır"- Ali Baş Komandan İlham ƏLİYEV

" Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır"-
100 il əvvəl Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır.

Dövrün ağır şərtləri daxilində dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahür forması idi.

1918-ci il iyunun 26-da ilk hərbi hissənin - əlahiddə korpusun yaradılması haqqında qərar Demokratik Cümhuriyyətin öz ordusunu formalaşdırması sahəsində israrlı olduğunu ortaya qoydu və Azərbaycanda ordu quruculuğu istiqamətində əsaslı nəticələr əldə olunmasına səbəb oldu.

Bu addım xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri kimi tarixləşdi. Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başladılar.

Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qaldı. Lakin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən ümummilli lider Heydər Əliyev bu prosesin qarşısıalınmaz olduğunu bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu.

Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq, inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasətin davam etdirilməsinə şərait yaratdı. Ulu Öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasına səbəb olmaqla yanaşı, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxartdı. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez-tez səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atdı.

Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.

Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır.

Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir.

Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir.

Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev qazanılan uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab etdi: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.

Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar.

O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir". Prezident qeyd etdi ki, bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər".

Bəli, 100 yaşlı Azərbaycan dövləti və Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində fəxr ediləsi, qürur duyulası bir səviyyədədi və həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur. Bu uğurlar dövlətimiz və dövlətçiliyimiz naminə görülən işlərin davamı, gələcək nailiyyətlərin isə başlanğıcıdır.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə keçiriləcək parad isə qazanılan uğurların təsdiqi olacaq. Bu paraddan sonra müasir Azərbaycan Ordusunun indiki vəziyyətini, döyüş qabiliyyətini daha aydın təsəvvür etmək mümkün olacaq. Böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edən bu parad sübut edəcək ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, torpaqlarını qorumağa və işğaldan azad etməyə qadirdir.

Ən əsası sübut edəcək ki, qüdrətli ordusu olan ölkə məğlubiyyətlə barışmayacaq. Tezliklə qələbələri sıralayacaq və növbəti paradın işğaldan azad edilmiş Qarabağda keçirilməsinə nail olacaq!

" Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır"-


Məhəmməd ƏLİYEV/ "Azərbaycan Ordusu"

Baxış sayı: 55