İqtisadiyyat
21.06.2018 / 08:35

Kənd turizmini necə inkişaf etdirməli? - EKSPERT RƏYİ

Kənd turizmini necə inkişaf etdirməli? -
Dünyada neftdən sonra ən çox gəlir gətirən sahələrdən biri də turizm sahəsidir.

Ölkəmizdə son illər ərzində bu sahəyə olan diqqət artırılsa da müəyyən problemlər hələ də qalmaqdadır. Turizmin istiqamətlərindən biri olan kənd-yaşıl turizminin inkişafı hələlik qaneedici səviyyədə deyil. Dünyanın əksər ölkələrində bu təcrübədən geniş istifadə edilsə də bizdə bu məsələyə yanaşma birmənalı deyil. Bəs görəsən kənd-yaşıl turizminin inkişafı üçün hansı addımlar atılmalıdır?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, turistlərin büdcəsinə uyğun təkliflər hazırlanmalıdır: “Turizm sahəsi son illərdə qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən biridir.

Azərbaycanda kənd turizminin inkişafı istənilən səviyyədə deyil. Bu sahəni inkişaf etdirməklə biz aqrar sahəni inkişaf etdirə, eyni zamanda bölgələrdə olan işsizlik problemini həll edə bilərik.

Kənd turizminin inkişafı əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Bu mənada kənd-yaşıl turizmini inkişaf etdirmək üçün ilk növbədə regionlarda yol infrastrukturu öz həllini tapmalıdır.

Turistlərə icarəyə verilən kənd evlərində sanitariya-gigiyena qaydalarına diqqət edilməlidir. Bu sahə ilə məşğul olan şəxslərə peşəkar təlim və treninqlər keçirməlidir. Hesab edirəm ki, kənd-yaşıl turizminin inkişafında dövlət dəstəyinin rolu çox vacibdir.

Kənd evlərinin təmir edilməli, kommunal sistemində olan problemlər aradan qaldırılmalıdır. Kənd evlərində turistləri qəbul etmək üçün lazım olan bütün şərait yaradılmalıdır ki, bu sahəyə turist cəlb edə bilək. Çünki turistlər canlı reklam rolunu oynayır.

Bundan başqa, qiymət məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Həddən artıq baha qiymətlərlə turistləri qaçırmaq bizim ziyanımızadır. Hər bir turistin büdcəsi nəzərə alınmalı və ona uyğun təkliflər verilməlidir”.

Ekspert bildirdi ki, turistlərə qapılarını açan şəxslərə aidiyyəti dövlət qurumları da dəstəyi də mühümdür: “Vergi məsələlərində onlara müəyyən güzəştlərin edilməsi vacib məsələdir.

Dünyanın bir çox ölkələrində kənd turizmi geniş inkişaf edib və ən çox gəlir gətirən sahələrdən biridir. Bu həm də dövlətin imicinə müsbət təsir edən amillərdəndir.

Azərbaycanın təbiəti və coğrafiyası kənd turizminin inkişafı üçün kifayət qədər əlverişlidir. Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik. Bu sahənin inkişafı üçün reklam və marketinq məsələlərinə diqqət etmək lazımdır”.

banco.az

Baxış sayı: 109