Şərhlər
15.06.2018 / 21:20

Hədər getməyən 21 il

Hədər getməyən
Bəxtiyar Məmmədovun facebook səhifəsindən:

Dəyərli media mənsubları – həmkarlarım, böyük metropolitençi ordusu – həmkarlarım!

Dostlar, yoldaşlar, uzaq-yaxın tanışlar, bir sözlə, hər kəs!

Evimin qapısını açıb içəri girəndən gözlərimi kompüterə zilləyib mənə ünvanladığınız sətirləri ən dadlı təam kimi bir-bir həzm edirəm.

Təbriklərə, xoş sözlərə, dəstəyə, etimad və etibara bu qədər gec reaksiya, bu qədər cavab verdiyim üçün üzürlü sayın və əsla, sayğısızlıq hesab etməyin. Xoş niyyətli ismarıclarınız və sözləriniz, fikir və rəyləriniz, verdiyiniz dəyər və dəstək gərgin bir günün ağırlığını, yorğunluğunu, necə deyərlər, bitdə-bitdə canımdan çıxarır, mənə ruh, inam verir ki, hər şey yaxşı olacaq.

Tam səmimiyyətlə dərin təşəkkürümü, minnətdarlığımı, ehtiramımı qəbul edin. Açığı, bu qədərini gözləmirdim də. Heç bu təyinat da deyil, məhz münasibətiniz bu gün bir dünya boyda qazancım, gələcək üçün stimulum, bir ömür boyu xatiratım olacaq.

Adda-budda yazı həvəsini, marağını qəti qərara dəyişərək, 1997-ci ildə qədəm qoyduğum peşə fəaliyyətinin qazancını bu gün həmkarlarımın etimadında, münasibətində, dəstəyində gördüm.

Deməli, ötən 21 ilim hədər getməyib. Vaxtilə sosiallaşmış biri olsam da, metropolitenə qurban verdiyim sosial şəbəkənin öncül fəallığının bəhrəsini rəhbərindən fəhləsinə qədər zəhmətkeş metropolitençi kollektivimin etimadında, münasibətində, dəstəyində hiss etdim.

Deməli, ötən o 21 ilin 10 ili həm hədər getməyib, həm də dağ qüdrətli arxam, dayağım olub. Elə bu hisslər də mənə güc, qüvvət, inam verir, heç vaxt tükənməyən nikbinliyimi artırır.

Əmin olun ki, mənim əbədi sərvətim olan metropolitenin mətbuat xidmətinin bunaqədərki şəffaflığı, açıqlığı, dürüstlüyü nəinki qüvvədə qalacaq, hətta onun sirli yeraltı aləmini sizə daha da yaxınlaşdırmaq üçün bütün gücümü, bilik və bacarığımı əsirgəməyəcəyəm.

Bunun üçün əsasım "Bakı Metropoliteni"QSC-nin sədri Zaur Hüseynovun, mənə göstərdiyi etimadla yanaşı, qarşıma qoyduğu yeni və böyük vəzifələr, sevimli kollektivimin etibarı, həmkarlarımın gözləntiləri, metropoliteni sevdiyim qədər də sevdirmək həvəsi, sevdiyim sənətimin gücünə, həmkarlarımın peşəkarlığına, xoş məramına inamımdır.

Hər kəsə bir daha təşəkkür edirəm!

Qarşılıqlı hörmət içində, ən əsası, birlikdə böyük nailiyyətlərə qadir olduğumuza əminəm.

Sağ olun, var olun, heç vaxt əskik olmayın!

İnform.az

Baxış sayı: 49