Baş xəbər, Mədəniyyət
15.06.2018 / 10:00

Üç ildir oxuduğunuz xəbərlərdən xəbəriniz VARMI???

Üç ildir oxuduğunuz xəbərlərdən xəbəriniz
Xalidə Xalid

Bu gün KİV-informasiya agentlikləri, televiziya,radio, internet ictimai həyatın bütün sahələrində xüsusi nüfuz və məşhurluq qazanıb.

Buna görə də, müxtəlif informasiya vasitələrini maliyyələşdirmək yolu ilə ictimai informasiya istehsalına və istehlakına külli miqdarda vəsait sərf olunur.

Sosial informasiya indi daha çox ictimai marağın, beynəlxalq əlaqələrin güclənməsinə və dəstəklənməsinə xidmət edir.

Hər gün yeni xəbər, hər gün yeni mövzu tapmaq, onu oxucunun anlaya biləcəyi formada ona təqdim etmək hər bir mətbu orqanının əsas və vacib vəzifəsi sayılır.

Yüngül, bayağı, milli dəyərlərə, milli mədəniyyətə ziyan verə biləcək məlumatların, və yaxud da ki, "olmayan yerdən qan çıxarmaq" prinsipi ilə işləmək nə jurnalistə, nə də onun çalışdığı mətbu orqanına müsbət rəy, yüksək imic gətirmir.

Milli jurnalistikamızın unudulmaz ustadlarından sayılan, öz sözü ilə milli mətbuatımızda imzasını qoyan neçə-neçə jurnalistin müəllimi olan, mərhum Nurəddin Babayevin gözəl bir sözü var:

"Tərbiyəçi olmaq üçün, tərbiyələnmək lazımdır"


Mətbuat-oxucunun öyrənmək istədiyi bir məktəbdir. Mətbuat oxucunu yaxşı mənada tərbiyələndirən bir məbəddir.

Onu həmin tələbəyə layiqincə tanıdıb, ondan öyrətmək isə jurnalistin birbaşa ümdə vəzifəsidir.

Əgər bu gün oxucu istənilən mətbu orqanında rəzillik, iyrənclik, zorlama, müxtəlif cinayət hadisələriylə bağlı məlumat oxuyub, bu məlumatlarla ruhunu zədələyirsə, bunun günahkarı birbaşa həmin mətbu orqanının rəhbəridir.

Sadəcə söz xətrinə mənəviyyatdan danışmaq, on xəbərdən birini "mənəviyyat"-a həsr etmək, hələ mənəviyyatı təbliğ etmək demək deyil.

Mənəviyyat mövzusu geniş mənada hər bir insanı( cinayətkarı belə) düşündürə biləcək mövzudur.

Bu mövzuda yazan jurnalistin özü bu məvhumu dərindən anlamalıdır.

Bu mövzu təkcə oxucunu deyil, kiçik yaşlı məktəblidən başlamış, aliminə qədər hər kəsi düşündürməli və bu mövzu aktual olaraq mətbuatın gündəminə çevrilməlidir.

Jurnalist səviyyəsiz bir adamı lider kimi, liderliyə malik olan bir şəxsiyyəti səviyyəsiz bir adam kimi oxucuya "sırımaq"qabiliyyətinə malikdi.

Jurnalistin məqsədi səviyyəsiz, oxucunu əzən xəbərlə reytinq qazanmaq deyil, onun mənəviyyatına, ruhuna işıq saça bilən xəbərlə reytinq qazanmaq olmalıdır.

Jurnalist peşəsi peşələr içərisində ən yüksək mövqeni haqq edə biləcək peşədir.

Özünü jurnalist adlandıran kəs öncə bu sözün məsuliyyətini anlamalıdır. Hansı işə imza atdığını dərindən dərk etməlidir.

Yazmaq xətrinə, "qazanmaq"xətrinə jurnalist olmaq olmaz.

Bu peşənin ustadı Həsən bəyin həyatını, onun Milli mətbuatımızı ərsəyə gətirmək yolunda qarşılaşdığı çətinliklərə necə sinə gərdiyini bilməyən, onun həyatı və yaradıcılığı ilə tanış olmayan, özünə jurnalist deyən şəxs əlbəttə ki, cılız, səviyyəsiz yazılarla gündəmdə qalmağa çalışacaq.

Bu gün rəhbəri olduğum İnform.az saytının üç yaşı tamam olur.

2015-ci ilin iyun ayının 15-də Milli Qurtuluş günü fəaliyyətə başlayan bu mətbu orqanının əsas məqsədi və məramı Zərdabi ənənələrini davam etdirmək və onu qorumaq olub.

İnform.az media orqanı olaraq verilən xəbərin məsuliyyəti və cəmiyyətə göstərdiyi təsir imkanlarını nəzərə alaraq, bütün fəaliyyətini yaxşı əməllər, müqəddəs amallar,dövlətimizin və dövlətçiliyimizin əbədi sabitliyi yolunda mübarizə, maariflndirmə və ən əsası doğru xəbəri çatdırma üzərində qurub.

Qloballaşma, inteqrasiya, hər gün inkişaf edən informasiya texnologiyaları əsrində yaşayan, yaradan beyin insanı üçün cılız, bəsit mövzular önəm kəsb etməməlidir.

Jurnalistin özü də öz peşəsinin alimi sayılır. Öz yeni ideyaları, yeni fikirləri, yeni araşdırmaları ilə alimlik dərəcəsini qazanır.

İnform.az saytının da ən ümdə məqsədi, XXI əsr-texnologiya, yeniləşmə dövrünün nəbzini tutmaq, oxucunu bəsitlikdən, cılızlıqdan uzaqlaşdırıb, onu düşünməyə, onu yaratmağa sövq edən mövzularla gündəmdə qalmaqdır.

İnform.az üç yaşlı körpədir, yenicə addımlayır.

Fəaliyyətə başladığı gündən addımlarını yerə möhkəm basmağa çalışıb və çalışır.

Oxucu İnform.az-da fərqli əhval-ruhiyyəyə köklənir.

Çünki hər səhər və ya axşam saytı açanda onu iyrənc zorlama, valideynin, qohumun doğma qızına, bacısına, bacısı qızına təcavüz və ya müxtəlif vahiməli cinayət hadisələrinin təfərrüatıyla dolu xəbər qarşılamır.

Onu ciddi, məsuliyyətli, dəqiq mənbələrə söykənən məlumatlar salamlayır.

Keçən il bir monitorinq keçimək qərarına gəldim.

Belə ki, sayta tez-tez şou aləminin qalmaqallarından, zorlama və cinayət hadisələrindən bəhs edən məlumatlar qoyuldu.

Və həmin məlumatların izləmə sayı ilə ciddi, samballı məlumatların izləmə sayını müqayisə edirdim.

Şahidi olduğum faktlara təəccüblənmirdim.

Misal üçün ciddi xəbər yüz dəfə oxunurdusa, belə xəbər iki-üç min dəfə ən azından oxunurdu.

Bütün bunlardan sonra qəti qərarımı verdim:

Xalqın mənəviyyatını, millətin sabahını bizlər təmziləməliyik belə iyrəncliklərdən, biz mətbuat işçiləri, biz qələm sahibləri, biz yaradıcı insanlar, biz xalqın düşünən beyinləri.

Bizim üçün ən yüksək reytinq-XALQIN ruhunun, zehninin daha da güclü inkişafı və oxucunun zövqünün müsbət mənada förmalaşması olmalıdır.

Buna nail olmağa gücümüz yetərsə, sahib olduğumuz və ya sözçüsü olduğumuz mətbuat orqanı ən yüksək reytinqini qazanacaq.

Bunu əminliklə deyirəm və saytımızın bütün oxucularını özlərini ciddi və maarifləndirici məlumatlara daha çox oxumağa sövq etməyə çağırıram.

Sözümü gözəl şairimiz Səyavuş Sərxanlının bu misraları ilə bitirərək deyirəm, yaxşıya imza ataq, əziz həmkarlarım, yaxşılarımızı dünyaya tanıdaq, pislər onsuz da tanınırlar:

Dünyada tanıyıb bircə nəfəri,
Bir xalqın başına dolanmaq olar...


İnform.az

Baxış sayı: 794