Hüquq
12.06.2018 / 12:32

Vəkillər Kollegiyası vəkil İradə Cavadova ilə bağlı qəbul edilən qərarın səbəbini açıqlayıb

Vəkillər Kollegiyası vəkil İradə Cavadova ilə bağlı qəbul edilən qərarın səbəbini açıqlayıb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında Vəkillər Kollegiyasının üzvü, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

İnform.az-ın xəbərinə görə, bu barədə "Report"a Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata görə, şikayətçi K.M. kollegiyaya göndərdiyi 21.04.2018-ci il tarixli teleqramla vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən vəkil İradə Cavadova barəsində tədbir görülməsini xahiş edib.

Bildirilib ki, şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib, şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb: "Şikayətçi K.M. öz izahatında, ilkin müraciətdə qeyd edilənləri bir daha təsdiq edib və əlavə olaraq bildirib ki, vəkil İradə Cavadova tərəfindən əsassız olaraq onun barəsində məlumatların yayılması həqiqətən onun şərəf və ləyaqətinə toxunmuş və şikayətinin geri götürülməsi ilə əlaqədar vəkil İradə Cavadova tərəfindən ona təzyiqlər edib.

Vəkil İradə Cavadova komissyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib".

Komissiyanın rəyinə əsasən, müəyyən olunub ki, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını da təkzib etməyib: "Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanan müqavilədəki imzanın şikayətçiyə məxsus olub-olmaması məsələsinin araşdırılması isə intizam icraatı araşdırmasının predmeti olmayıb. Beləliklə, vəkil İradə Cavadova tərəfindən vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinin pozulması halları müəyyən olunduğundan sonuncu barəsində kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha KİV nümayəndələrindən yoxlanılmamış məlumatları dərc etməməyi, yaranmış suallarla bağlı bilavasitə Vəkillər Kollegiyasının mətbuat xidmətinə müraciət etmələrini xahiş edir. Eyni zamanada Vəkillər Kollegiyasının üzvülərindən xahiş olunur ki, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarına, o cümlədən şəxsi və ailə toxunulmazlığı hüquqlarına hörmətlə yanaşsınlar".

İnform.az

Baxış sayı: 43