Siyasət, Müsahibə
08.06.2018 / 11:33

"Bizim Ermənistanla münasibətimizdə elə bir xüsusi dəyişiklik baş verməyəcək..."- İran səfiri

"Bizim Ermənistanla münasibətimizdə elə bir xüsusi dəyişiklik baş verməyəcək..."-
"Trampın İranla nüvə sövdələşməsindən çıxması haqqında çoxlu təhlillər səsləndirilib."

İnform.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə teleqraf.com-a verdiyi müsahibəsində deyib.

Müsahbiəni təqdim edirik:

- Cənab səfir, əvvəlcə istərdik, oxucularımıza özünüz və diplomatik təcrübəniz haqqında məlumat verəsiniz.

- Dost və qonşu bir ölkədə səfir kimi çalışmaq mənim üçün fəxarət sayılır. Mən üç dəfə ardıcıl olaraq və ümumilikdə 12 il müddətində doğulub boya-başa çatdığım Urmiya şəhərinin İslami Şura Məclisinin üzvü olmuşam. İran parlamentində olduğum və eləcə də siyasi və beynəlxalq sahələrdə fəaliyyətimə görə İran və Azərbaycan əlaqələrinin tarixindən məlumatlıyam. Hazırda da iki millət və dövlət arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi yolunda addım atdığıma görə sevinirəm.

- İki ölkə arasında siyasi sahədə münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- İran İslam Respublikası ilə Azərbaycan Respublikası qonşu ölkələrdir. İki millət arasında bir çox müştərək məsələlər mövcuddur. Bütün bunlar isə iki ölkə arasında dostluq əlaqələrinə səbəb olub. Bəlkə də bizim münasibətlərimiz bəzi zamanlarda müəyyən problemlərlə üzləşib, lakin buna rəğmən, iki ölkənin rəhbərliyi hər zaman iki millət arasında mövcud olan dostluq əlaqələrinin genişlənməsinə xüsusi təkid ediblər. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşuq. Xoşbəxtlikdən son illər ərzində iki ölkə arasında mövcud olan münasibətlər yaxşı vəziyyətdədir. İki ölkənin rəsmiləri arasında da çox səmimi münasibətlər mövcuddur. İnanıram ki, gələcəkdə də münasibətlər bu səviyyədə və bundan daha yaxşı səviyyədə davam edəcək.

- Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir fəaliyyət göstərir və Gürcüstanın qoşulması ilə dördtərəfli əməkdaşlıq formatı da reallaşacaq. Ölkələrimiz arasında bu cür formatların perspektivini necə dəyərləndirirsiniz?

- Şübhəsiz üçtərəfli və dördtərəfli əməkdaşlıqlar ikitərəfli münasibətləri möhkəmləndirir. Biz olduqca önəmli olan coğrafi bir məkanda yerləşirik. Bir çox ikitərəfli və üçtərəfli layihələr də beynəlxalq əhəmiyyətli layihələrdir. Hətta bizdən uzaqda yerləşən ölkələr də xüsusi maraqla həmin layihələri izləyirlər. Bu baxımdan biz Azərbaycan ilə hər hansı müştərək layihə üzərində əməkdaşlığı dəyərləndiririk.

- Hazırda Tehran-Bakı münasibətlərində hansı sahələr prioritetdir? Ölkələrimiz arasında müasir iqtisadi əlaqələrin əsas xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
4 il əvvəl İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü kimi Azərbaycanla İranın birgə ticarət dövriyyəsinin qənaətbəxş olmadığını söyləmişdiniz, indi hansı qənaətdəsiniz?

- Hazırda iki ölkə arasında əməkdaşlıq üçün bir çox sənədlər mövcuddur. Azərbaycanla İranın dəmir yolu xətlərini birləşdirən “Astara-Astara” layihəsinin tamamlanması və “Şimal-Cənub koridoru”nun istifadəyə verilməsi iki ölkə münasibətlərinin dərinləşməsinə səbəb olan ən əhəmiyyətli layihələrdir. İki ölkənin müştərək iqtisadi komissiyası ardıcıllıqla fəaliyyət göstərir. Astara və Biləsuvar keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı əldə olunan razılıq ikitərəfli əməkdaşlıq və regional tranzitin inkişafında çox böyük təsirə malikdir. Bütün bunlar iki ölkə rəhbərliyinin iradəsi ilə həyata keçən yeniliklərdir. Bu gedişatın davamlı olması ilə İran və Azərbaycan arasında iqtisadi əlaqələrin daha yaxşı səviyyəyə çatmasına ümid edirik.

- Azərbaycan-İran münasibətləri hansı sahədə daha az inkişaf edib və ya hansı sahədə əməkdaşlıq tamamilə yoxdur. Səfir kimi iki ölkə münasibətlərinə hansı yeni töhfələr vermək fikrindəsiniz?

- Hər şeydən önəmli olanı budur ki, bu gün iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər iradə və əzmkarlıq mövcuddur. İran Azərbaycan xalqının gündəlik tələbatı və ehtiyacı olan malların, həmçinin texniki mühəndis xidmətlərinin ixracı üçün böyük potensiala malikdir. Son zamanlar da iki ölkə arasında bununla bağlı xüsusi heyətlərin qarşılıqlı səfəri və çox gözəl müzakirələri olub.

- Neftçalada avtomobil, Pirallahıda əczaçılıq müəssisələrinin tikintisi istiqamətində işlər nə yerdədir?

- Xoşbəxtlikdən son aylar ərzində Neftçalada avtomobil zavodu ilə bağlı çox yaxşı irəliləyişlər olub. Yaxın günlərdə həmin zavodun istehsal etdiyi ilk avtomobillər Azərbaycan bazarına çıxarılacaq. Bu da iki ölkə arasında mövcud olan əməkdaşlığın uğurlu bir nümunəsidir.

Pirallahıda olan müştərək əczaçılıq müəssisəsi ilə bağlı isə son zamanlar müəyyən addımlar atılıb və yaxşı anlaşmalar əldə edilib. Tez bir zamanda bununla bağlı da ikitərəfli razılıq əldə edilməlidir.

- Zaman-zaman İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində töhfəsi barədə danışılır. İran bu danışıqlarda iştirak edə bilərmi? Ümumilikdə İranın münaqişənin həlli istiqamətində mövqeyi nədən ibarətdir?


- İran İslam Respublikası digər ölkələr və ATƏT-in Minsk qrupundan öncə iki ölkə arasında baş alıb gedən müharibənin ən qızğın dövründə müharibənin qarşısını almaq üçün vasitəçilik etməyə çalışıb. Biz hər zaman Azərbaycan xalqının yanında olmuşuq. 1993-cü ildə ilk qaçqınlar düşərgəsi də İran ərazisində qurulub. Biz bu gün də müharibənin bitməsi üçün hər bir yardımı etməyə hazırıq.

- Ermənistanda hakimiyyət dəyişikliyi oldu, İranın Ermənistanda baş verənlərlə bağlı reaksiyası hiss edilmədi, rəsmi Tehranla Sərkisyan hökuməti arasında münasibətlər yaxşı idi, bəs Paşinyanla münasibtlər necə inkişaf edəcək?

- Müxtəlif ölkələrin daxili siyasi məsələləri, o cümlədən, Ermənistanda hakimiyyət dəyişiklikliyi bu ölkənin öz daxili məsələsidir. Bizim Ermənistanla münasibətimizdə elə bir xüsusi dəyişiklik baş verməyəcək.

- Hər il nə qədər azərbaycanlı İrandakı müqəddəs yerlərə, o cümlədən Məşhədə gedir? İran bu səfərlərin təşkilində iştirak edirmi?

- Mənə görə, Azərbaycan vətəndaşlarının İranı ziyarəti və xüsusilə də Məşhəd səfəri çox adi bir məsələdir. Şübhəsiz, imamların məzarını ziyarət etmək istəyən insanlar bu kimi səfərlərdən mənəvi həzz alırlar. İmam Hüseyn əleyhissəlamın 40 mərasimi günlərində də İraqda yerləşən imamların məzarını ziyarət etməyə yollanırlar. Bildiyiniz kimi, biz Azərbaycan vətəndaşlarının İran ərazisinə vizasız girişinə icazə vermişik. Azərbaycan dövləti də İran vətəndaşlarının Azərbaycana rahat gəlişi üçün bir sıra addımlar atıb. Hesab edirəm ki, turizm sahəsinin genişlənməsi iki ölkə münasibətlərində ən önəmli sahələrdən biri sayılır.

- Vaxtilə Bakıda “Əlhudə”, eyni şəkildə Tehranda Azərbaycan kitab mağazası vardı, artıq niyə bu mağazalar fəaliyyət göstərmir?


- Bəli, bilirəm ki, bir zamanlar Bakıda “Əlhudə” kitab mağazası fəaliyyət göstərirdi və indi bu kitab mağazasının Bakıda olmaması çox güman ki, nəşriyyat evinə bağlı bir qərardır. Amma, İranla Azərbaycanın mədəni sahədəki əməkdaşlığı yaxşı dinamikaya əsaslanır. Hər il iki ölkədə mədəniyyət günləri keçirilməkdədir.

- Gündəmin əsas müzakirə mövzularından biri də ABŞ Prezidenti Donald Trampın ölkəsinin İranla bağlı nüvə sövdələşməsindən çıxdığını bəyan etməsidir. Bu bəyanatı necə qarşıladınız?

- Trampın İranla nüvə sövdələşməsindən çıxması haqqında çoxlu təhlillər səsləndirilib. Amma, mənim qənaətim budur ki, bu hərəkət qətiyyən Amerika xalqı üçün yaxşı mesaj deyil. Təəccüb edirəm ki, niyə Amerika xalqı buna qarşı biganə qalır. Trampın nüvə sövdələşməsindən çıxması İsrailin baş nazirinin təzyiqi ilə baş tutdu və bu, Amerika xalqı üçün təhqiredicidir ki, bu ölkənin prezidenti özünün xarici siyasət proqramını İsrailin baş nazirinin qərarı ilə nizamlayır.

- ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların İranla bağlı strategiyasını açıqladı. Cənab səfir, İran hansı addımları atacaq?

- Amerikanın yeni Xarici İşlər naziri Mayk Pompeo İranla mübarizə proqramını elan etdi. Əlbəttə, biz də əlibağlı oturmayacayıq. Bugünki dünya birtərəflilik dünyası deyil. Amerikanın İran əleyhinə olan planları heç bir nəticəyə çatmayacaq.

- Avropa təmkinlilik nümayiş etdirir. Bu, İran diplomatiyasının uğurudur, yoxsa gələcəkdə Avropa da anti-İran siyasətinə köklənə bilər?

- Avropa ölkələri yalnız nüvə sövdələşməsi ilə bağlı mövqeyi ilə deyil, bir çox iqtisadi və ticari məsələlərlə bağlı da Amerika ilə problem yaşayır. Trampın davranışı bütün Avropa ölkələrinin rəhbərləri üçün xoşagəlməzdir. Vaşinqton elə davranır ki, guya bütün Avropa ölkələrinin rəhbərləri Amerikaya itaət etməyə borcludurlar. Şübhəsiz, Avropa ölkələri müstəqilliyini və ləyaqətini qorumaq üçün Amerikanın bu cür qərarları ilə mübarizə aparacaqlar.

- ABŞ-ın İsrailin öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi geniş müzakirələrə səbəb oldu, Qüds məsələsində niyə müsəlman ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və İran birgə mövqe nümayiş etdirmədi?

- ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi Yaxın Şərq böhranında Amerikanın mövqeyinə heç bir köməklik göstərməyəcək. İsrail hərbçiləri həmin gün 60 nəfər günahsız fələstinlini öldürdü və belə bir rejimin yanında yer almaq Amerika üçün rüsvayçılıqdır. Müsəlman ölkələri və hətta müsəlman ölkələri regiondan kənardakı ictimai rəydə bu məsələyə çox həssas yanaşdı. İslam Əməkdaşlıq Təşkilatının İstanbuldakı iclasında bütün müsəlman ölkələrinin vahid rəyi ilə pislənildi.

- Ayrı-ayrı KİV-lər İsrailin Suriyadakı İran hərbi bazalarına güclü zərbə endirdiyi, hətta 5 milyardlıq yatırımı məhv etdiyini yazır. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- İsrail Fələstin xalqının müqavimətindən qorxur. Fələstin xalqı öz ərazisinin işğalından onlarla il keçməsinə baxmayaraq, İsrailin təcavüzkar siyasətlərinə təslim olmayıb. İsrailin problemlərinin İrana aid edilməsi İsrail dövlətinin istifadə etdiyi yalan mexanizmlərindən biridir.

- Sonda Azərbaycandakı yaşayış tərziniz barəsində danışmanızı istərdik. İran Prezidenti Həsən Ruhani ölkədə Azərbaycan dilinin təşviqinə çağırış etdi. Nə kimi işlər görülə bilər? Siz özünüz Azərbaycan dilini necə öyrənmisiniz?

- Mən Bakıda özümü heç vaxt yad ölkədə və yad mühitdə hiss eləməmişəm. Azərbaycanda olduğum müddətdə istər Azərbaycan xalqı, istərsə də rəsmi şəxslərlə şahidi olduğum əməkdaşlıq atmosferi çox səmimi və dostcasına olub. Bakı çox gözəl şəhərdir, çox sevimli və qonaqpərvər sakinləri var.

Sizin “Azərbaycan dilini necə öyrənmisiz” sualınız buna bənzəyir ki, mən sizdən soruşum, nəfəs almağı necə öyrənmisiniz.

Sizə müvəffəqiyyət arzulayıram.

İnform.az

Baxış sayı: 54