Gündəm, Maqazin, Şərhlər
27.07.2015 / 15:21

Azisin konsertinə sözardı

Azisin konsertinə sözardı

Dəhşətə gəlirəm, tənqid edən siz idiniz, niyə belə döndünüz?!


Xəyalə ƏLİYEVA / İnform.az


Konsertdə olmasam da, vətəndaş jurnalistikasının və KİV-lərin sahəsində özümü qismən konsertdə hiss elədim. Foto şəkillərdə tanış simalar gördüm. Həmcinslərimin üzündəki Azis sevgisi kişilərimizdə necə təəssürat yaratdı, onu bilmirəm. Amma, konsertdən fotolarda xanımlarımızın Azisə vurğunluğunu simalarındakı xoşbəxtlik aydın görünür. Biz Azərbaycan qadınlarını xoşbəxt etmək, üzündə təbəssüm yaratmaq qəliz məsələdir. Azərbaycan kişisinin bacara bilmədiyi məsələni Azis ombasını silkələyərəkmi bacardı?! Azis gözlənildiyindən fərqli imicdə ölkəyə gəldi. Görünür konsert təşkilatçıları homofob cəmiyyətimizdən “camaatın anası, bacısı var” sohbətini Azisə ərz edib ki, “kral” ölkəyə kişi imicində gəlib. Məqsədim Azizin orientasiyasını və yaxud konsertini müzakirə etmək deyil. Onsuzda bizdə Azislərdən çoxdur, amma nə çarə ki, onun kimi populyarlıq qazana bilməyiblər. Mən homofob deyiləm və ümumiyyətlə, kiminsə yataq otağı heç kimə maraqlı olmamalıdır. Mənim danışmaq istədiyim başqa mövzudur. Azis Bakıya gələcək xəbərlərinə minlərlə ayrı-ayrı səhifələrdə şərhlər yazıldı. Belə təhqirlərin 90 faizini elə xanım həmyerlilərim yazırdı. Rəyləri oxuyub analiz etmək kimi, bir vərdişim olduğundan təxmini müsbət və mənfi rəylər yadımdadır.
Konsert baş tutdu. Yenə, səhifələr xəbər paylaşıb ki, konsert uğurlu başa çatıb. Maraqlısı odur ki, özü də tənqid-təhqir edənlərin bir neçəsi də dostluğumdadır. Onlar konsertdən selfi çəkib, paylaşıblar. Dəhşətə gəlirəm, tənqid edən siz idiniz, niyə belə döndünüz?! Bəzilərimiz əqidəsizliyi hər sahəyə daşımışıq- siyasətə də, incəsənətə də.
Sovet dövründə yaşamış babam var idi. Böyük Vətən Müharibəsində iştirak etmişdi. Öləndən sonra xeyli medallarını, ordenlərini övladları saxlamışdı. İnsan olaraq yaxşı insan deyildi. Çox sərt idi. Deyilənə görə, özündən başqa heç kimi istəmirdi. Nənəmə, övladlarına zülm edirmiş. Bütün günü tüfəngi əlində ona tuşlayırmış, buna tuşlayırmış. Elə övladları da, haqqında müsbət fikirdə deyildi. Kommunist psixologiyalı bu kişi ölənədək əqidəsini şəxsiyyətini dəyişmədi. Necə idisə, qəbirə də elə girdi. Övladlarına belə əyilmədi. Bir dəfə dilinə gətirib demədi ki, sizi çox incitmişəm. Ölürəm haqqınızı halal edin, filan.
Misalı ona görə gətirdim ki, istər ateist ol, istər buddist, istərsə də hansısa dinlərə mənsub ol, amma, əqidəni dəyişmə, dönük olma. Kimisə də qınayanda, tənqid edəndə ondan əmin olma ki, bu sənin və yaxınlarının başına gəlmiyəcək. Və əgər dünən söydüyün üzdən bugün öpürsənsə, sən o öpdüyün üzdən qat- qat mundarsan. Əslində dönüklük kökdən gəlir. Atalarımız belə riyakarlıgı, yaltaqlığı, dönüklüyü təbliğ edən kifayət qədər fikirlər səsləndiriblər və təəssüf olsun ki, o fikirlər bugün də misal olaraq çəkilir. Daha fərqində deyilik, bu atalar sözləri qorxaq, yaltaq dönük toplum yaratmağında dolayısıyla günahkardır. Onlarla bu məzmunda atalar sözündən birini misal çəkim: “Ayıya dayı de, körpünü keçənə kimi”.
Bir gün Homofob, bir gün LGTB bayraği profilimizdə, bir gün müxalif, bir gün iqtidar, bir gün ateist, bir gün mömin. Deyirlər, əqidəmiz sovetlə birgə məzara girdi. Əslində əqidəmizi elə SSRİ adlı imperiyanın şovinist siyasəti məzara gömdü.
Kim olursan, ne olursan ol, amma, qəbrə kimi də eyni ideologiyada, eyni əqidədə ol. Sovetlərdən əvvəlki kişilər kimi…
Genofondumuzun "refreş"ə ehtiyacı var.Bizimsə bunun üçün Freydimiz yoxdur.

Baxış sayı: 708