Siyasət
06.06.2018 / 18:00

“Məni proseslərdən kənarda saxladılar”- Elçibəyin ədliyyə naziri

“Məni proseslərdən kənarda saxladılar”-
"Mətbuat vasitəsilə öyrəndik ki, Gəncədə hadisələr başlayıb..."

İnform.az-ın xəbərinə görə bunu Ədalət Partiyasının sədri, Əbülfəz Elçibəy hakimiyyəti zamanı ədliyyə naziri vəzifəsində çalışan İlyas İsmayılov teleqraf.com-a verdiyi müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- İlyas müəllim, Elçibəy hökumətində ədliyyə naziri vəzifəsini daşıyan şəxs olaraq Gəncədə iyunun 4-də baş verən qiyamı necə xatırlayırsınız?

- Mən həmin prosesdə iştirak etməmişəm. Təsəvvür edin ki, məni o işlərə qatmadılar, dəvət edib məsləhət, müzakirələr aparmadılar. Odur ki, bu mövzuda bir fikir deyə bilmərəm. Baş verənlər də artıq illərdir ki, məlumdur.

- Ancaq siz həmin dövrdə hökumətin üzvü olmuşunuz...

- Bəli, hökumətin üzvü idim, ancaq hökumətin üzvlərini toplayıb müzakirələr belə aparmadılar. Belə mühüm hadisə baş verəndə sözsüz ki, hökumətin üzvlərini toplayıb iclas keçirilməli, baş verən hadisə haqqında müzakirələr aparılmalı idi. Ancaq bizim baş verənlərdən xəbərimiz belə olmadı.

- İyun qiyamı haqqında məlumatı necə əldə etdiniz?

- Hər kəs necə əldə etdisə, biz də o cür. Mətbuat vasitəsilə öyrəndik ki, Gəncədə hadisələr başlayıb.

- Həmin dövrdə Penitensiar Xidmət ədliyyə naziri kimi sizə tabe idi?

- Bəli, bu xidmət Ədliyyə Nazirliyinə tabe idi.

- Amma tabeçiliyinizdə olan Pentensiar Xidmətin rəisi Məmməd Zeynalovun qiyamdan xəbəri olub, hətta Gəncəyə də gedib, atışma zamanı da yaralanıb...

- Mənim bundan xəbərim yoxdur. Həmin şəxsi xatırlamıram. Mən bu proseslərdə iştirak etməmişəm.

- Sizi və digər təcrübəli şəxsləri bu prosesə cəlb etsəydilər, vəziyyət necə olacaqdı
?

- Bilirsinizmi, indi mən məchul bir iş haqqında danışmağı doğru saymıram. Hər halda 1993-cü il iyunun 4-də Gəncədə hadisə baş vermişdi. Bu hadisə hökumətin iclasında müzakirə olunmalı idi. Hamıdan təklif gözlənilməli, dəstək alınmalı idi. Ancaq bizim bu hadisələrdən xəbərimiz olmadı. Hakimiyyətdə olan əsas komanda özü bu hadisə zamanı istədiyi kimi davrandı.

- Hökumətin toplantısı çağırılsa, bu məsələlər geniş müzakirəyə çıxarılsa, vəziyyət dəyişə bilərdimi?

- Mən bir söz deyə bilmərəm. Hadisə artıq baş verib və bunun üzərindən də 27 il zaman keçib. Oldu və bitdi. Yenidən onun müzakirəsinə nə ehtiyac var?

- AXC hökumətinin ən yüksək çinli nümayəndələri iddia edirlər ki, Sürət Hüseynovun başlatdığı qiyama Rusiya, azərbaycanlı kommunistlər, SSRİ-dən qalma beşinci kalon dəstək verib. Siz bu iddia haqqında nə deyə bilərsiniz?

- Mən hüquqşünasam. Bu səbəbdən əlimdə konkret fakt olmadan fikir söyləyə bilmərəm. İndi kimsə fərziyyə irəli sürə bilər. Mənim bu fərziyyələrə münasibət bildirmək öhdəliyim yoxdur.

- Həmin dövrdə nazir olmuşunuz. Azərbaycan-Rusiya münasibətləri necə idi?

- Mənim fikrimcə, iki ölkə arasında münasibətlər normal idi. Azərbaycanın Moskvada, Rusiyanın isə Bakıda səfirlikləri fəaliyyəti göstərirdi. Məsələlər də müzakirə edilirdi.

- Yəni kontaktlar var idi?

-Əlbəttə. Yəqin ki, var idi. Səfirliklər əlaqələrin qurulması üçündür.

- İranla münasibətlər nə yerdə idi?

-Mən hardan bilim? Mənim məlumatım yoxdur.

- Ədliyyə naziri kimi İranın ədliyyə naziri ilə kontaktlarınız olurdumu?

- Xeyr, heç bir münasibətim olmayıb.

- Həmin dövrdə ədliyyə naziri kimi İran və ya Rusiyaya səfəriniz olubmu?

- İrana olmayıb. Nazir kimi Rusiyaya səfər etmişəm və qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalamışam. Bu həm Əbülfəz bəyin, həm də Heydər Əliyevin vaxtında olub.

- Qiyama Rusiyanın və rusiyameyilli şəxslərin dəstəyi olması fikri ilə razı deyilsiniz?

- Bilirsinizmi, hər ağızdan bir fikir səslənir. Mən bu fikirlərə münasibət bildirməliyəm? Başqalarından fərqli olaraq mən hüquqşünasam və əlimdə təsdiq olunmayan fakt olmasa, fikir deyə bilmərəm. Hüquqşünasın fikri qanunun mətnindən və həyatda baş verən faktın təhlilindən asılıdır.

- Gəncədə Sürət Hüseynovun başlatdığı hadisənin hüquqi dildə adı nədir?

- Necə yəni adı nəydi?

- Siz hüquqşünas kimi Gəncədə baş verənləri qiyam hesab edirsinizmi?

- Mən bu hadisə ilə məşğul olmamışam. Ancaq qeyd edim ki, bu işi araşdıran xüsusi komissiya olub. Siz, onun rəyi ilə tanış olun.

- Siz Gəncədə baş verənləri qiyam hesab edirsinizmi?

- Bu məsələni araşdıran xüsusi komissiyanın rəyi var. Həmin rəylə tanış olun və onunla hesablaşın.

- Qiyamın qarşısını almaq olardımı?


- Həyatda hər şey ola bilərdi. Amma ala bilmədilər.

İnform.az


Baxış sayı: 58