Elm-təhsil, Texnologiya
06.06.2018 / 14:25

“Elektron Təhsil” portalı – aztu.edu.az-ın fəaliyyəti niyə dayanıb?- AÇIQLAMA

“Elektron Təhsil” portalı – aztu.edu.az-ın fəaliyyəti niyə dayanıb?-
Məlum olduğu kimi, bir neçə gündür ki, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektron Təhsil” portalı – aztu.edu.az-ın fəaliyyəti dayanıb.

Bununla bağlı Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi İnform.az-ın sorğusunu cavblandırıb:

Belə ki, problemlə bağlı Azərbaycan Texniki Universitetində komisiya yaradılıb və portalın, həmçinin portalın məlumat bazasının yerləşdiyi serverlərin texniki təhlükəsizliyini həyata keçirən SİNAM şirkəti ilə operativ işlər həyata keçirilir.

SİNAM şirkətinin rəsmi açıqlamasına görə, portalın bir neçə gün işləməməsinin səbəbi elektrik enerjisinin qəfil kəsilməsi nəticəsində disk massivinin hər iki kontrollerinin eyni zamanda sıradan çıxması olub.

Disk massivində hazırda oxunması mümkün olmayan verilənlər bazasının məlumatları massivi təşkil edən disklərdə saxlanılır. Hazırda məlumatların xeyli hissəsi oxunur və aztu.edu.az portalının fəaliyyəti qismən bərpa olunub. Yeni kontrollerlərin quraşdırılmasından sonra portalın tam gücü ilə fəaliyyətinin bərpa ediləcəyi ehtimalı yüksəkdir.

Qeyd edək ki, serverlərdə sıradan çıxan kontrollerlər Azərbaycanda yoxdur. Həmin kontrollerlərin xarici ölkələrdən gətirilməsi istiqamətində SİNAM şirkəti tərəfindən işlər aparılır.


İnform.az

Baxış sayı: 627