Gündəm, Hüquq
06.06.2018 / 12:52

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

​DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, iyunun 5-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunanlar - Corat qəsəbə sakini Elvin Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440 qram marixuana aşkar edilib.

​Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muxax kənd sakini Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əldə edilmiş məlumat əsasında keçirilən tədbirlər nəticəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunan Fazil Məmmədovun şəhər ərazisindəki evdən 325 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu götürülüb.

Daxil olan məlumatlar əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Kürkəndi kənd sakini, əvvəllər məhkum olunan Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd, Qax RPŞ-nin əməkdaşları Tasmalı kənd sakini Ümidvar Yusifovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 310 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 58