Gündəm, Şərhlər
27.07.2015 / 13:38

“Şəhid” deyib keçməyin!

“Şəhid” deyib keçməyin!

Aqil CAMAL / İnform.az


Yaralanmış temiz alnından uzanmış yatıyor;
Bir hilal uğruna ya rab, ne güneşler batıyor!
(Mehmet Akif)


3 gün öncə daha bir şəhid verdik. “Sonuncu olsun!”- deyib birbaşa mətləbə keçmək istəyirəm.
Ermənistan-Azərbaycan cəbhəsində formal atəşkəs rejimi qüvvədədir. Mövcud status-kvonun dəyişməsi üçün də nə tərəflər ciddi səy göstərir, nə də beynəlxalq geosiyasi vəziyyət buna imkan verir. Belə vəziyyətdə tərəflər düşmənin canlı qüvvəsini kəskin nişançılar – snayperlər vasitəsilə məhv etməyə çalışırlar. Ara-sıra lokal toqquşmaları nəzərə almasaq, əsasən itkilər snayperlərin açdığı atəş nəticəsində baş verir.
Sonuncu şəhid Eldar Fətəliyevlə atəşkəs şəhidlərimizin sayı neçəyə çatdı?
Biz qürurlanırıq, Vətən torpağına daha bir oğulun qanı axdı, deyə.
Bu kimi vaxtlarla patriotizm fantanları da, o qədər yüksəklərə vurur ki, vəziyyəti dəyərləndirməyin, nəyin, necə baş verdiyini götür-qoy etməyin fərqində olmuruq.
Bu dünyaya gəlmiş hər bir insan kimi, snayper gülləsinə tuş gəlmiş əsgərin də yaşamaq haqqı vardı. Xüsusən də, belə gənclik çağlarında...
Amma adına şəhid deyib, söhbəti bağlayırıq.
Amma onlar da kiminsə övladı, qardaşı, kiminsə adaxlısı, kiminsə sevgilisi idilər...
Şəhid deyib, deyiləcək başqa sözlərin qarşısına sədd çəkirik.
Şəhid! Bitdi. Əgər əyninə əsgər forması geyibsə və naçar bir gülləyə tuş gəlibsə, təfərrüata ehtiyac duyulmaz.
Şəhidlik ali məqamdır, Vətən, dövlət, millət yolunda...
Amma atəşkəs dövründə itirdiyimiz əsgərlər həm də qurbanlardır.
Onlar Vətən uğrunda qurbandırlar. Eyni zamanda, bir az da ehtiyatsızlığın, onlar üzərində rəislik edənlərin məsuliyyətsizliyinin, arxayınçılığının qurbanıdırlar.
Məgər, insanlar min bir əziyyətlə övlad böyüdüblər ki, məsuliyyətsiz zabitin günahı ucbatından düşmənin snayper gülləsinə tuş gəlsin...
Bir halda ki, müharibə başlamayıb, xalqın övladlarını açıq güllə qarşısına çıxmağa kim izn verir?
Adi dövrdə əsgərləri itiririksə, onlara şəhid adı qoymaqla, işi bitmiş hesab etmək həm də məsuliyyətsizlik deyilmi?
Müdafiə naziri Zakir Həsənovun simasında ordumuzda son dövrlərdə xeyli yeniliklər həyata keçirilib. Bunlar çox gözəldir. Bunlarla yanaşı, atəşkəs dövründə hərbçilərin özünü qorumaları üçün də sərt qaydalar tətbiq olunmalıdır. Atəşkəs şəraitinə uyğun olan müdafiə sistemi hazırlanıb tətbiq edilməlidir. Bir halda ki, savaş getmir, şərti olaraq, atəşkəs rejimi qüvvədədir, hərbi qüvvələrin, əsgərlərin təmas xəttində müdafiəsi də məhz bu şəraitin şərtlərinə uyğun qurulmalıdır.
Camaatın övladına şəhid deyib, yaxasını kənara çəkmək olmaz. Əsgərin alnı mişen deyil ki, düşmən snayperi istədiyi vaxt onu rahatca nişan alıb həyatdan məhrum etsin.
Onsuz da ön cəbhədə xidmət keçən əsgərlər istisnasız olaraq, rayon yerlərindən gəlmiş və kasıb ailələrdən çıxan uşaqlardı. Elə son şəhidlərimizin tərcümeyi-halından da bu görünür. Kasıbçılıq, əzablı həyat, düşmənlə üzbəüz hərbi xidmət məhz onların alın yazısıdır. Bəs onların alınlarını düşmən gülləsindən qorumağa nədir sözünüz?

Baxış sayı: 427