Gündəm, Şərhlər
27.07.2015 / 13:30

Gizli dialoqlardan biri

Gizli dialoqlardan biri

Xanəmir TELMANOĞLU / İnform.az


Ey, dili qafil fil faili məchul fani f...

Bu gün ən çox ictimai yerlərdə səslənən şikayətlər və edilən narazılıqlar böyüklərin kiçiklərə qarşı və yaxud da qadınların, yaşlı qadınların kişilərə qarşı olan əsəbi, gərginliyi, deyingənliyi, şikayətləridir. Məsələ necədir əslində? Mən həmişə metroda və avtobuslarda bir şeyə diqqət etmişəm. Yaşlı insanlar metroya, avtobusa mindikləri zaman boş yerin olmasına baxmayaraq, keçib oturmurlar. Əksəriyyəti belədir. Önündə olsa belə, xeyri yoxdur, üstəlik o yaşlı insan isə, heç vaxt oturmayacaq. Niyə? Nə üçün sualları adamın canını alır!
Mindikləri avtobus və metrolarda boş yerləri qoyub, digər boş olmayan yerə dikilən gözlərin məqsədi nə ola bilər ki? Əslinə baxanda heç nə! Nə ola bilər ki,.. Bir də görürsən ki, biri durur, deyir, “gəlin, əyləşin”. O da önündəki boş yeri qoyub gəlir və bir başqasının oturduğu yerdən qaldırıb sonra onun yerində oturur. Ümumiyyətlə, yaşlı insanların boş yer olduğu halda, ictimai yerlərdə nədən başqasını qaldırıb yerində oturmaq kimi, bir şakərləri olmalıdır? Mən bu suala bir neçə aspektdən yanaşmaq istərdim. Bu mövzunu bu şəkildə qabartmaqda məqsədim yaşlı nəslin səhvlərini tutmaq, üzə çıxarmaq deyil. Sadəcə bir maraq xatirinə olaraq, müşahidəmdən doğan heyrətimi söndürmək fikrimdəyəm. Həm də düşünürəm ki, istənilən etiraz doğuran, diqqət cəlb edən hər hansı bir hadisənin mahiyyəti və mənası olmalıdır. Uzaq başı cəmiyyətə verilən suallar və cəmiyyətə göndərilən ismarıclar hər zaman açıq və net şəkildə özünü göstərmədiyi kimi, hər zaman da özünü doğrulda bilməmə kimi bir ehtimalı da var.
Mənə elə gəlir ki, yaşlı nəslin nümayəndələrinə qarşı bu hərəkətlərindən dolayı, gənclərin heç zaman qızğın və əsəbi olmaması lazımdır. Niyə deyirsiniz? Çünki bizim yaşlı nəslin nümayəndələri illərdir düşdüyü mühitə uyğun olaraq, heç vaxt öz yerlərində oturmayıblar. Yəni, bu dünyada onlara məxsus olan, onların taleyinə yazılmış yerlərdə həmişə başqalarını (ərəbi, monqolu, rusu, ingilisi, yəhudini, ermənini, fransızı, almanı) görüblər. Onlar öz yerlərində oturmayıblar. Ona görə də məncə, yaşlı nəslin nümayəndəsi olaraq, (bu xalqın əsrlərdir itirdiklərini, əllərindən verdiklərini, bizlərə verilən əzabları) sanki, öz qisaslarını gənclərdən alırlar. Gənclər isə onların bu münasibətlərinə hörmət göstərməlidirlər. Niyə desəniz, deyərəm ki, çünki yaşlılar, həm də min illik keçmişimiz olmazın zülm və böhtanlarıyla üz-üzə qaldığında, o gənclərin heç biri onların yanında olmayıb. Daha doğrusu, onlara qarşı edilən haqsızlığa qarşı səs qaldırmaq üçün yetərli yaşa, hüquqa, yetgiyə sahib olmayıblar. Bəlkə bu qocaların çoxu da, heç o gənclər kimi eyni aqibəti yaşamayıb. Ancaq, yaşın gətirdiyi bir psixoloji təlqin, basqı, təzyiq var ki, sən yaşlısansa, demək sən həm də keçmişsən, keçmişə, dünənə, tarixə, yaşanmışlara cavabdehlik daşıyırsan.
Digər bir nüansı vurğulamaq istərdim. Bu ölkədə yaşlı nəslin insanları boş yerlərdə deyil, dolu yerlərdə otururlar, oturmaq istəyirlər ki, onlar hələ də elə zənn edirlər, hər boş, bomboş, bombalamboş yerlərin heç biri onlara deyil, kimlərəsə məxsusdur. Çünki bu coğrafiyada onların öz yerlərində bir kərə özü olmayanlar, yəni, başqaları nə vaxtsa oturublar. Bunun üçün onlardan kimsə, heç bir sual sormayıb. Buna görə, kimsə onları sorğu-suala çəkməyə-çəkməyə, həm də onları sakitləşdirən bir hərəkət edib söz işlətməyib, fikir bildirməyiblər.
Başqa bir səbəb: yaşlılar bu məmləkətdə boş yerlərdə ona görə oturmayıb, oturanları qaldırıb yerində əyləşirlər ki, onlar şüuraltı olaraq, özlərindən sonra bir yaşlının, cəmiyyətə eyni sinfə mənsubların da gələ biləcəyinin mesajını ötürürlər. Onların tək olmadıqları həmən aydınlaşır. Yaşlılar həm də bu jest və münasibətləri ilə, yəni boş yerləri qoyub gəncləri öz yerlərindən qaldırıb, yerlərində əyləşməklə, onlar bu ərazilərdə talelərinin kimlərin əlində olduqlarını yoxlamaq istəyirlər. Təbii ki, bunu bilincli olaraq etmək, onların ağıllarından keçməz. Sadəcə, şüuraltı şəkildə bu yollarla bəyan edirlər ki, bizlər sizlərə toxunub, həm də varlığımızı eşitdirmək, var olduğumuzu göstərmək istəyirik. Bu, yəni belə bir ərkiyanalıq, ictimai yerlərdəki belə bir səssiz dialoqlar, qarşılıqlı anlaşmalar necə pis ola bilər ki? Məncə, yaşlıların boş yerlər dura-dura gənclərin oturduğu yerlərə doğru üz tutmaları onların susqunluğunun sona erməsi və dialoqa üz tutmalarının ən açıq və bariz nümunəsidir. Yaşlılar bu cəmiyyətdə gənclərlə, qüvvəsi qollarında və ağlı başında olanlarla dialoqa girməyin ən maraqlı üsulunu Azərbaycanda sınaqdan çıxarırlar. Gəlin etiraf edək ki, gənclər də bu dialoqa öz yetərli əxlaq imkanlarıyla cavab verə bilirlər.
Başqa bir səbəb isə, bu boş yerlərə toxunmamaq kimi bir instiktə yiyəlik etdiklərini cəmiyyətə ötürən yaşlı nəslin nümayəndələri, dediklərində, düşündüklərində, anlayışlarında həqiqət axtarışına çıxdıqlarını vurğulayırlar. Özü də sərt şəkildə. Bundan gözəl özünü təqdim etmə üsulu harda var və olub, dostlar!
Mən bizim yaşlı nəslə getdikcə heyran qalıram.
Bir də düşünmək lazımdır ki, bu hadisələr onların evdən (səfərə) çıxdığı vaxtlar baş verir. Onlar avtobus və qatarlarda icra etdikləri hərəkətlərini özlərinə aid deyil, bir xalqın bir qisim insanlarının keçmiş təcrübəsindən çıxarıb, sanki sınağa çəkib sonra o hərəkətə: - gənc nəsillə əlaqə yaratmağa qərar verirlər.

Baxış sayı: 499