Baş xəbər, Sağlamlıq
05.06.2018 / 16:25

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.

Bildirildi ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur.

Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir.

Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.

Bu gün Azərbaycanda səhiyyənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, indi respublikamızın bütün bölgələrində müasir səviyyədə tibb ocaqları yaradılıb.

Son illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət mərkəzindədir.

Dövlətimiz tərəfindən vətəndaşların məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanmaları ilə bağlı çox mühüm işlər görülür.

Naftalan Şəhər Mərkəzi Xəstəxanası kimi müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız şəhər sakinlərinə deyil, eyni zamanda, regionun sakinlərinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verəcək. Bu cür layihələrin icrası zamanı səhiyyə müəssisələrinin dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz edilməsi isə xüsusilə vacibdir. Xəstəxanada əsas korpus, keçid məntəqəsi, transformator yarımstansiyası, qazanxana və nasosxana binaları, oksigen stansiyası, dizel generator meydançası və stansiyası yaradılıb.

Xəstəxana binası ilə tanıqlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

İnform.az

Baxış sayı: 27