İqtisadiyyat
05.06.2018 / 11:35

“Azərbaycan Aİ-nin neftə tələbatının beş faizini təmin edir"- Rüfət Məmmədov

“Azərbaycan Aİ-nin neftə tələbatının beş faizini təmin edir"-
"Son beş il ərzində Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox investisiya yerləşdirib."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,5 mindən çox Avropa şirkəti fəaliyyət göstərir:

“Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq daim yaxşılaşır. Ötən ilin yekunlarına əsasən, Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 9,4 milyard avro təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 42 faizidir. Bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur”.

Nazir müavini qeyd edib ki, Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır:

“Azərbaycan Aİ-nin neftə tələbatının beş faizini təmin edir. Mayın 29-u işə salınmış Cənub Qaz Dəhlizi sayəsində Avropa Azərbaycan qazı ilə də təmin olunacaq”.

R.Məmmədov əlavə edib ki, Azərbaycan həmçinin Aİ ölkələri ilə ikitərəfli münasibətlərin inkişafına diqqət ayırır:

“Bugünədək Azərbaycan 24 Aİ ölkəsi ilə ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı, 17 ölkə ilə investisiyaların təşviqi və müdafiəsi ilə bağlı saziş imzalayıb. Bundan başqa, biz 9 Aİ ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalamışıq”.

İnform.az

Baxış sayı: 43