Gündəm, Şərhlər
27.07.2015 / 12:11

Koalisiyaya qarşı müharibə oyunu

Koalisiyaya qarşı müharibə oyunu

Əgər vətəndə sülh yox savaş varsa, bu savaşı bütün cahana yayacaqsan


Ceyhun ÇİNGİZOĞLU / İnform.az


Türkiyə parlament seçkilərinə getdi və məlum oldu ki, AKP təkbaşına hakimiyyətə gələ bilməyəcək. Səbəbkar elə Ərdoğan özüdür. Özünə çox inanırdı və bir neçə ciddi siyasi səhv etdi. Beləliklə də, Türkiyə yenidən koalisiya hökumətinin ümidinə qalmalı olacaqdı. Türkiyə konstitusiyasına görə, Böyük Millət Məclisinin sədri seçildikdən sonra, qırx beş gün ərzində hökumət qurulmalıdır. Və nəhayət gözlənilən an gəlib çatdı. Ərdoğan, yeni hökuməti qurma işini baş nazir Əhməd Davudoğluna həvalə etdi. Davudoğlu da konstitusiyaya uyğun olaraq CHP, MHP və HDP-ni tək-tək ziyarət edərək koalisiya üçün danışıqlar apardı. Hamıya bəlli idi ki, danışıqların ilkin raundu nəticəsiz olacaq. Necə ki, oldu. Şəxsən bəndəniz üçün AKP-MHP koalisiyası ən optimal variantdır.
Partiyalararası danışıqlar başlamadan CHP və MHP koalisiya üçün bəzi şərtlərini açıqladı. Əslində bu şərt deyildi. Bunun adı, “işi yoxuşa aparmaq”dır. Oyuna gəlməkdir... Qaranlıq otaqlardakı qaranlıq adamların oyunu... Məlumdur ki, CHP artıq bir türk partiyası olmaqdan çıxıb. HDP zatən bəlli. O ki, qaldı MHP-yə, uzun illərdən sonra hakimiyyətə gəlmək üçün, hakimiyyətdə təmsil olunmaq üçün, bir ülkünü yüksəltmək üçün əllərinə düşən fürsətdən istifadə etmək əvəzinə, özlərini gəlin köçəcək qız kimi naza qoyurlar. Yuxarıda qeyd etdik ki, koalisiya danışıqlarının ilk raundu nəticəsiz qaldı. Bu dönəmdə Türkiyənin gündəmini təbii ki, ancaq koalisiya məşğul edirdi. VƏ QƏFİL BİR PARTLAYIŞ... Gündəm dəyişdi, ordu ayağa qaldırıldı və bir nömrəli döyüş hazırlığı əmri gəldi. Koalisiya işi də qaldı. Çünki ölkə olaraq Türkiyə AKP dönəmində ikinci dəfə qonşu ölkəyə ordu yeridəcəkdi. O ölkəyə ki, oraya giriş var amma... Amma çıxış da varmı?
İŞİD terrorundan sonra dərhal gizli bir əl (əslində bu əlin sahibi bəllidir) PKK-nı da bölgədə aktivləşdirdi. Bu da o deməkdir ki, Türk ordusu ikiyə bölünməli, yarısı İŞİD-lə mübarizəyə, yarısı PKK ilə mübarizəyə ayrılmalıdır. Məsələ onda deyil ki, ordu zəifdir filan. Məsələ ondadır ki, PKK mövqelərinin bombalanması Türkiyədə qurulacaq olan koalisiyaya birbaşa təsir edir. Belə ki, neçə illərdir ki, elan edilmiş atəşkəs pozulurdu. Atəşkəsin pozulması isə yalnız daxili və xarici düşmənlərin işinə yarayır.
İŞİD və PKK kimi terror təşkilatlarını bölgədə Türkiyəni zəiflətmək üçün yaradan Qərb, nəhayət ki, Türkiyənin Suriya və İraq adlı ərəb bataqlığına girməsinə nail oldu. Son bir neçə gündür ki, Suriya və İraq əraziləri Türkiyə F-16-ları tərəfindən bombalanır. Müharibə edən ölkədə isə təbii ki, iqtisadi-sosial vəziyyət gərginləşir və insanların dövlətə və hökumətə olan inamı itir. Bu da o deməkdir ki, yaxın günlərdə Türkiyədə koalisiya qurulmasa, vaxtından əvvəl seçkiyə gediləcək ki, nəticədə AKP və Ərdoğanın sonu gələcək. Koalisiya qurulsa belə, əgər ölkə müharibə apararsa, koalisiyanın uzun ömürlüyüyü şübhə altına düşür. Belə bir vəziyyətdə ya Türkiyədə tələm-tələsik hökumət qurulacaq, ya da vaxtından əvvəl seçkiyə gediləcək. Hərçənd ki, ikinci variant az ağlabatandır. Çünki müharibə edən hökumətə heç kim səs vermir. Bunu cənab Ərdoğan çox gözəl bilir.
İndi gələk Qərbin oyununa. Türkiyənin bölgədə və dünyada güclənən nüfuzu, eyni zamanda da Qərbdən uzaqlaşaraq Rusiyaya meylli olması fonunda oldu olanlar. Birazdan Qərbin bütün iti-qurdu çullanacaq Türkiyənin üzərinə. Bütün işsiz və yer altına çəkilmiş xəfiyyələr başlayacaq fəaliyyətə. Başlayacaqlar yalandan Türkiyəni dəstəklədikləri bəyanatlarını yayımlamağa. Guya ki, bu bəyanatlar olmasa nə olacaq. Belə yerdə böyük Atatürkün “Vətəndə sülh, Cahanda sülh” kəlamı yada düşür. Bu kəlam da uzun illərdir ki, yalnış anlaşılır. Əslində burada Böyük Öndərin demək istədiyi odur ki, əgər vətəndə sülh yox savaş varsa, bu savaşı bütün cahana yayacam.
Türkün də bütün dünya ilə savaşmasını çox gözəl bilirsiniz. Çünki biz dünya ilə savaşası olsaq, döyüşməyə adam tapmırıq. Necə ki, babam Atilla bütün Avropanı şumlayıb keçdi və sonra papanız sizi bağışlaması üçün ona diz çöküb yalvardı. Nə tez unutdunuz , Vyana qapısına gəlməyimizi. Nə tez unutdunuz, Əmir Teymurun sizə yolladığı əmrləri. Siz də unutqansınız, şimal qonşumuz da. Onlar da iki yüz il sərasər Çingiz Xan dövlətinə müticəsinə xərac aparıblar. Siz uşaqlarınızı bizim haqda olan əfsanələrlə böyüdürsünüz. O əfsanələr ki, bizim üçün həqiqətdir və yaşanmış şeylərdir. Bütün bunları birdə yaşamaqmı istəyirsiz?
Bir də bu hadisələr o fonda baş verdi ki, Qarabağın qaytarılacağı haqda söz-söhbətlər yayılmağa başladı. Dərhal da Qərb, erməni adlı itini aktivləşdirdi. Onlar da başladı hürməyə. Yəni, Türk dünyasının liderləri olan hər iki dövlətin uğurları artıq bəzi dairələri ciddi-ciddi narahat etməyə başlayıb. Cənablar, iki min ildir hökm etdiyimiz torpaqları sizə güzəştə gedəciyimizi düşünürsünüzsə, deməli, axmaqsınız. Bəlkə kölnüzdən yeni əfsanə keçir? Hansı ki, sonuncunu təxminən bir ay öncə yaşatdıq...

Baxış sayı: 767