Siyasət
04.06.2018 / 16:58

“O vaxt bildirirdilər ki, sizi məhv edəcəyik”- Hikmət Hacızadə

“O vaxt bildirirdilər ki, sizi məhv edəcəyik”-
"Rusiyada səfir işləyərkən Bakıya zəng etdim və hakimiyyətə qarşı qiyamın hazırlandığını bildirdim."

İnform.az-ın xəbərinə görə, bunu teleqraf.com-a açıqlamasında Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacəzadə deyib.

O, həmin dönəmdə qiyamın olacağı ilə bağlı Bakıya bir neçə dəfə zəng etdiyini, teleqram göndərdiyini bildirib:

“İyunun 4-dən əvvəl bir neçə dəfə Bakıyla əlaqə saxlamışam. Bu, sırf 4 iyunla bağlı deyildi. Ümumi olaraq, Bakını xəbərdar etmişdim ki, əvvəldən tədbir görmək lazımdır. Vəziyyətin pis olduğunu bilirdim. O vaxt bildirirdilər ki, sizi məhv edəcəyik. Moskvada danışırdılar ki, Azərbaycanda qiyam olacaq, hakimiyyəti devirəcəklər. Bunu Moskvada yaxşı bilirdilər.

“KQB” yaxşı işləyirdi, bundan bizim kəşfiyyat da, təhlükəsizlik strukturları da məlumatlı idilər. Surət Hüseynovun nə işlə məşğul olduğu hər kəsə, jurnalistlərə də məlum idi. Surətin qiyam edəcəyi böyük, yaxud, gizli bir sirr deyildi. Hamı bundan xəbərdar idi”.

Hikmət Hacızadə Əbülfəz Elçibəy hökumətini devirməyə çalışan Surət Hüseynovu dəstəkləyənlərin adlarını da açıqlayıb: “Surəti Nemət Pənahlı, Rəhim Qazıyev, Etibar Məmmədov, Ayaz Mütəllibovun adamları dəstəkləyirdilər. Milli Hərəkatda olmayan hər kəs bizə qarşı birləşmişdi”.

Xatırladaq ki, 1993-cü ilin iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı qiyam baş verib. S.Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşma nəticəsində dönəmin hakimiyyəti devrilib.

İnform.az

Baxış sayı: 46