Qarabağ, Hüquq
31.05.2018 / 18:00

Ölümsüzlük zirvəsində

Ölümsüzlük zirvəsində
“Mərd oğullar - mərdliyilə öyünməzlər,
Torpaq altda ölümüyə gömülməzlər”.

Xalq şairi Məmməd Arazın müəllifi olduğu bu sətirlər Azərbaycanın mərd oğulları üçün deyib. Polis mayoru Şahlar Şükürov da belə igidlərdən idi.

Azərbaycan Milli Qəhrəmanı Şahlar Şükürov 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

Orta məktəbi bitirərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1972-ci ildə hərbi xidmətə yollanıb. Ordu sıralarından təxris olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrindən birində çalışıb. Daha sonra Ucar Rayon Polis Şöbəsində xidmətini davam etdirib.

Bir müddət burada çalışdıqdan sonra Rostov Milis Akademiyasına qəbul olub. Akademiyanı bitirdikdən sonra Zərdab Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Ş. Şükürov erməni daşnaklarının Qarabağa və Ermənistanla həmsərhəd bölgələrimizdə dinc əhaliyə qarşı törədilə vəhşiliklərin qarşısının alınması üçün döyüş əməliyyatlarında iştirak edib. O, tez-tez müharibənin qaynar nöqtələrinə baş çəkib, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edib.

1990-cı ilin iyul ayında Tərtər-Kəlbəcər istiqamətində hərəkət edən içərisində Şahların da olduğu maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumuna məruz qalıb. Şahlar qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə qəhrəmanlıq göstərib, son patronuna qədər döyüşərək şəhid olub.

Ölümündən sonra Şahlar Şükürov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Doğulduğu Zülfüqarlı kəndində dəfn edilib. Zərdab rayonunda qəhrəmanın adına küçə və məktəb var.

Aslan Qiyaslı/polis leytenantı

Baxış sayı: 64