İqtisadiyyat, Sosial
31.05.2018 / 16:30

“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib- Bakıda(Foto)

“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib-
Bakıda BƏT-in Baş direktorunun iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.

İnform.az-ın xəbərinə görə, konfransda BƏT-in Baş direktoru Qay Rayder, BƏT-in və digər beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edib.

Tədbirin Bakı şəhərində keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları və bütün konfrans iştirakçılarını salamlayaraq, son onilliklər ərzində texniki tərəqqi və sosial inkişaf sahəsində uğurlara nail olunduğunu, lakin eyni zamanda mövcud qlobal problemləri, o cümlədən dünyada 800 milyon insanın yoxsulluqdan aşağı həddə yaşadığını diqqətə çatdırıb.

Nazir BMT-nin Davamlı İnkişaf Gündəliyinin bu problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.

S.Babayev qeyd olunan Məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri qeyd edib, bu uğurların Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb.

O, ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını, layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. S.Babayev BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir o cümlədən BƏT-lə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb.

Eyni zamanda, BƏT-in Baş direktoru Qay Rayderin 2013-cü ildə irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsünə ölkəmizin də dəstək verdiyini bildirən nazir BƏT Baş direktorunun Azərbaycana hazırkı ilk səfərini Azərbaycanla BƏT münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.

S.Babayev Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu, Bakı “Expo2025” sərgisi üçün müəyyən olunan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunun ümumbəşəri aktuallıq kəsb etdiyini vurğulayıb. Nazir bildirib ki, Sərginin mövzusü özü-özlüyündə insan həyatını səciyyələndirən üç alt-mövzu ilə əhatə olunur: Səhiyyənin gələcəyi, Təhsilin gələcəyi və Əməyin gələcəyi. Nazir “EXPO2025”-in Bakı şəhərində təşkil olunmasının qlobal əhəmiyyətini, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində xüsusi önəmini diqqətə çatdırıb. S.Babayev tədbir iştirakçılarına məhsuldar müzakirələr və uğurlar arzu edib.

Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov gündəliyin mühüm komponenti olan 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb.

BƏT-in Baş direktoru Q.Rayder çıxış edərək, Azərbaycana ilk dəfə səfər etdiyini, bu səfərdən və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. Ölkəmizin ötən il BƏT-in İdarə Heyətində təmsil olunmaq hüququ qazandığını qeyd edən Q.Rayder diqqətə çatdırıb ki, gələcək biz düşündüyümüzdən daha yaxındır və biz gələcəyə hazır olmalı, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin mahiyyətini anlamalıyıq.

Bu proseslərin iş yerlərinin artmasına, yaxud azalmasına səbəb olacağı sualı ortaya çıxır. Eyni zamanda, baş verən dəyişikliklər fonunda bərabərsizliyin artması meylləri də özünü göstərir. BƏT-in Baş direktoru bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə sosial ədalətin, işçilərin əmək və sosial hüquqarının qorunmasına diqqətin vacibliyini, BƏT-in missiyasının da sosial ədalətlə bağlı olduğunu vurğulayıb. Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin bu günkü dünya üçün aktuallığından bəhs edib, Azərbaycanın bu Məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib.

Plenar sessiyada AHİK-in sədri Səttar Möhbalıyev, ASK-nın prezidenti Məmməd Musayev, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.

Sessiyada həmçinin “Bakı EXPO 2025” ilə bağlı təqdimat olub.

Təqdimatdan sonra Q.Rayder, S.Babayev, S.Möhbalıyev və M.Musayev mətbuat konfransı keçiriblər.

Tədbirin gündəliyinə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda, həmçinin “İqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin etmək olar”, “Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid”, “Dayanıqlı İnkişaf məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi” mövzularında panel iclasların keçirilməsi və müvafiq mövzularda məruzə və təqdimatların edilməsi, müzakirələrin aparılması da daxildir.

“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib-


İnform.az

Baxış sayı: 53