Gündəm, Maraqlı, Sağlamlıq
27.07.2015 / 09:40

Cinsə görə zəka

Cinsə görə zəka

Uşaq bağçalarının tərbiyəçiləri və çoxuşaqlı valideynlərə yaxşı məlumdur: qızlara nisbətən oğlanlar oxuyub-yazmağı ləng öyrənirlər. Bu fikri bütün ibtidai sinif müəllimləri də təsdiqləyə bilər: aşağı siniflərdə qızlar daha yaxşı oxuyurlar. Səbəbi?
Uşaqlar lap əvvəldən fərqli inkişaf edirlər. Adətən, dünyaya gələn anda oğlan qızdan iri, başı və çəkisi qızınkına nisbətən böyük olur. Oğlanlar qızlara baxanda 2-3 ay gec danışmağa başlayırlar. Valideynlər bu fərqləri çox aydın hiss edirlər.
Yeni doğulmuşların beyin biotoklarını qeydə alan neyropsixoloqlar aşkar ediblər ki, oğlan və qızların beyni lap əvvəldən fərqli işləyir. Belə ki, beyin qabığının müxtəlif nahiyələrinin elektrik potensialının qarşılıqlı təsirini öyrənməklə, dölün cinsini təyin etmək olar.
8 yaşınadək oğlanların eşitmə itiliyi orta hesabla yüksək olur. Qızların dəri hissiyyatı da yüksəkdir – geyim diskomfortu onları daha çox qıcıqlandırdığı kimi, təmasa, sığala qarşı da daha həssasdırlar.
Qızların oyunları daha çox görməyə əsaslanır: onlar bütün sərvətlərini – gəlincikləri, parçaları, muncuqları, düymələri qarşılarına tökürlər və məhdud məkanda oynayırlar: onlara kiçik bir guşə bəs edir. Oğlanların oyunları isə uzaqgörməyə əsaslanır: onlar bir-birinin ardınca qaçır, oyuncaqları ətrafa səpələyir, tutulası mümkün olan hər şeyi nişan alaraq atəş açırlar. Oğlan uşağının tam psixoloji inkişafı üçün qıza gərək olandan daha geniş məkan lazımdır. Əgər üfüqi məkan onlara darlıq edirsə, şaquli məkanı ələ keçirirlər: şkafa dırmaşır, divanın söykənəyini «minir», qapıdan sallanırlar…
Oğlan və qızların çəkdiyi şəkillər lap ilk yaşlardan fərqlənir. Qızlar albomu «şahzadələrlə», gül-çiçəklə, evlərlə bəzəyir, oğlanlar isə maşın, döyüş səhnələri, texnika rəsmləri ilə doldururlar…

Təbiətin düşüncəsi

Oğlan və qızların psixikasındakı fərqlər nə ilə şərtlənir? Təkamül prosesində daim iki əks meyl mübarizə aparır: bir tərəfdən təbiət növü lazım olan əlamətləri möhkəmlətməli, məhz onları irsən ötürməli və varisləri öz valideynlərinə mümkün qədər çox oxşatmalıdır. Digər tərəfdən, tərəqqi gələcək dəyişiklikləri, törəmələrin müxtəlifliyini tələb edir. Həmin törəmələrin arasında eləsi tapılmalıdır ki, növün yeni şəraitə uyğunlaşmasına, yaşayış mühitinin genişlənməsinə imkan versin.
Qadın və kişi cinsi bu iki meyli özündə əks etdirir. Qadın cinsi təkamülün daha dəyərli qazancını öz genetik yaddaşında saxlayır, kişi cinsi isə əksinə, köhnəni asanca itirir və təzəsini qazanır. Qadın cinsi dözümə, kişi cinsi isə tərəqqiyə yönəlib.
Növü yaşatmaq üçün qadın cinsinin nümayəndəsi daha çox gərəkdir, buna görə də, təbiət onları «qoruyur», kişi cinsinə onun «heyfi gəlmir». Əgər belə demək mümkünsə, təkamülün bütün yenilikləri bir növ kişi cinsinin nümayəndələrinin üzərində sınaqdan çıxarılır. Kişilərdə həm faydalı, həm də zərərli mutasiyalar daha çoxdur. Məsələn, 100 kar qadından 122 kar oğlan doğulur. Çəpgöz, pəltək, dispepsiyalı, psixi inkişafı ləngiyən uşaqlar arasında da oğlanlar çoxdur. Uşaq bağçalarındakı loqopedik qruplarda da oğlan uşağı daha çoxdur.
Kişi beyni daha iri, daha inkişaf etmiş olsa da, daha az etibarlı və tez korlanandır. İstər təbiət, istər sosial yönümlü bütün dəyişikliklərdən kişilər daha çox əziyyət çəkir. Lakin təbiət onlara axtarış qabiliyyəti verib ki, dözümlü olsunlar, daha isti və doyumlu yaşayış məskəni tapa bilsinlər. Bu səbəbdən də yaşından asılı olmayaraq, bütün kişilər yeni məkanın mənimsənilməsinə, risqli işlərə meyllidirlər. Onlar qəliz situasiyalarda belə qeyri-ənənəvi qərarlar çıxarmağı bacarırlar.

Kimin gücü nədədir?

Bəs bu kişi xüsusiyyətləri oğlanların tədrisində özünü necə göstərir? Məktəbəqədər və kiçik məktəb yaşında qızların nitqi daha yaxşı inkişaf etsə də, düşüncə tərzləri eynitipli olur. Oğlanlar isə bir qayda olaraq qeyri-standart və maraqlı düşünürlər.
Alimlər gimnaziyanın 1-ci sinfində belə bir eksperiment aparıblar. Uşaqlardan soruşublar ki, kərpic nəyə gərəkdir? İlk cavab səthi olub: ev tikmək üçün. Sonra qızlar təşəbbüsü ələ alıblar: tövlə, qaraj, hasar tikmək də olar… tikinti mövzusu tükənəndən sonra bir oğlan səsini çıxarıb: «Anam vedrədə turşu tutanda üstünə kərpic qoyur ki, ağır gəlsin». Yenidən qızlar əllərini qaldırırlar – kərpicdən ağırlıq kimi istifadəyə dair ən müxtəlif misallar çəkirlər. Mövzu bitir. Yenə oğlan səsi eşidilir: «Ocağın altına kərpic düzmək olar ki, ot yanmasın». Qızlar ləngimədən mövzunu genişləndirirlər. Yeni ideyalar isə yenə də oğlanlardan gəlir: «Kərpicin üstünə taxta qoysaq, yelləncək olar», «Davada kərpici mərmi əvəzinə atmaq olar».
Əlbəttə, bu nümunə o demək deyil ki, heç bir qız yeni ideya vermək qabiliyyətində deyil. Hər halda, prinsipial baxımdan yeni tapşırıqları oğlanlar və kişilər daha yaxşı həll edirlər. Amma tapşırığın dəqiq həllinə və səliqəli tərtibatına əhəmiyyət vermirlər. Oğlan riyazi məsələnin qeyri-standart həllini tapa bilər, amma hesablamada səhv edib nəticədə «iki» alar. Balaca qızlar isə bütün qadınlar kimi, məsələni şablon yolla həll etsələr də, detalları dəqiq yerinə yetirirlər.
Qızların nitqi itidir, onlar sürətlə oxuyur və səliqə ilə yazırlar, amma duyğunun sözlə ifadəsi, krossvordların həlli oğlanlarda daha uğurlu alınır.
Əgər oğlunuz böyük bacısından yazıb oxumağı daha ləng öyrənirsə, kefinizi pozmayın: bu, kişi dərrakəsinin xüsusiyyətidir. Üstəlik, oğlanlar inkişaf tempinə görə qızlardan geri qalırlar. Onların uşaqlığı daha uzun çəkir. 7 yaşlı oğlan bioloji yaş baxımından öz qız yaşıdından bir yaş kiçikdir.
Oğlanların öz böyümə yolu var. Lakin onlar daha çox informasiyanın mənimsənilməsinə meylli olduqlarından (qızları insanlar arasındakı münasibət daha çox maraqlandırır), onların intellektual inkişafından ötrü narahat olmağa dəyməz.

Arzu ƏLƏSGƏROVA / İnform.az

Baxış sayı: 446