Sosial, Hüquq
25.05.2018 / 17:55

Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib - FOTO

Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib -
Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib.

İnform.az DGK-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edib. Nazir bildirib ki, sahibkarlara verilən dövlət dəstəyinin artırılması, maarifləndirmə işlərinin gücləndirilməsi, zəruri hallar istisna olunmaqla sahibkarlıq subyektlərində yoxlamaların ləğv edilməsi, lisenziyaların verilməsinin asanlaşdırılması və digər tədbirlər sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasında və stimullaşdırılmasında mühüm rol oynayıb.

Bu sahənin daim dövlət başçısının diqqətində olduğunu qeyd edən Şahin Mustafayev münbit sahibkarlıq mühitinin formalaşdırılması, qeyri-neft sektorunun sürətli inkişaf dinamikası, ixracın təşkili və təşviqi sahəsində görülən işlərdən danışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən ən önəmli tədbirlərdən biri olduğunu bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə milli iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihə və proqramların əhəmiyyətindən bəhs edib.

Vergilər naziri Mikayıl Cabbarov münbit sahibkarlıq mühitinin yaradılması istiqamətində vergi sahəsində dövlət başçısının həyata keçirdiyi siyasət, bu siyasətin ölkənin iqtisadi inkişafı və fiskal siyasətinin stimullaşdırılmasındakı rolu barədə məlumat verib, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi sahəsindəki pozuntuların aradan qaldırılması məqsədilə həyata keçiriləcək yeniliklərdən söhbət açıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin aqrar sahənin inkişafı sahəsində reallaşdırdığı məqsədyönlü proqramların nəticəsi olaraq ölkə iqtisadiyyatında bu sahənin payının nəzərəçarpacaq dərəcədə yüksəldiyini, istehsalatda innovativ layihələrin tətbiqi hesabına səmərəliliyin və məhsuldarlığın artdığını, bunun da, öz növbəsində, ölkənin ixrac potensialının güclənməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev konfransda çıxış edərək təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirildiyini bildirib və bu sahədə dövlət başçısının həyata keçirdiyi islahatların mühüm rol oynadığını vurğulayıb. Prezidentin sahibkarlığın inşkişafına xüsusi diqqət göstərdiyini qeyd edən Səfər Mehdiyev son illər bu məqsədlə gömrük sahəsində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verib və şəffaflığın təmin olunması, münbit biznes mühitinin yaradılması istiqamətində həyata keçirilən yeniliklərdən danışıb.

Komitə sədri diqqətə çatdırıb ki, qlobal ticarət zəncirində baş verən yeniliklər, ticarətin inkişafı fiskal siyasəti həyata keçirən dövlət qurumlarında bir sıra islahatları labüd edir. Səfər Mehdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar da müasir çağırışların reallaşdırılmasına əsaslanaraq sahibkarlıq mühitinin yaxılaşdırılmasına, ticarətin maneəsiz və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaradır.

Komitə sədri onu da qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, sahibkarlar və sahibkarlıq subyektləri ilə dövlət qurumları arasındakı münasibətlərdə yeni yanaşmalar formalaşıb.

Komitə sədri daha sonra sahibkarlara göstərilən elektron xidmətlər, faydaları barədə məlumat verib və yaxın günlərdə bu xidmətlərə yenilərinin əlavə olunacağını deyib. Belə ki, artıq sahibkarlar idxal etdikləri mal və nəqliyyat vasitələrinin sərhədkeçmə və təyinat gömrük orqanına çatma vaxtı, idxal etdikləri mallara görə gömrük vergi və rüsumlarının miqdarı barədəki məlumatları mobil telefonlarına göndərilən qısa mesajlar vasitəsilə əldə edə biləcəklər.

Səfər Mehdiyev sahibkarlıq mühitinin yaxşılaşdırılması və inkişaf etdirilməsi, gömrük-biznes münasibətlərinin tam şəffaf şəkildə reallaşdırılması istiqamətində səylərin daha da artırılacağını diqqətə çatdırıb.

Daha sonraAzərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digərləri çıxış edərək ölkə iqtisadiyyatının inkişafı, Prezident İlham Əliyevin sahibkarlara dəstəyi, münbit sahibkarlıq mühitinin yaradılması istiqamətindən görülən işlərdən danışıblar.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb.

Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib -


Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib -


Sahibkarlar Gününə həsr olunan konfrans keçirilib -


İnform.az

Baxış sayı: 46