Elm-təhsil
25.05.2018 / 12:45

Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi keçirilib- ADPU-da(Foto)

Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi keçirilib-
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi olduqca vacibdir. Biz bu sənədləri çevik şəkildə müzakirə və tətbiq etməliyik.

ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov çıxış edərək bildirib ki, tədris prosesinin keyfiyyətinin artırılması və professor-müəllim heyətinin obyektiv rəğbətləndirmə sisteminin yaradılması məqsədilə müvafiq əmr imzalanıb.

Həmin əmrlə ADPU-da Reytinq Qiymətləndirilməsi haqqında Müvəqqəti Qaydalar təsdiq edilib. Reytinq qiymətləndirilməsi haqqında Müvəqqəti Qaydalara əsasən professor-müəllim heyətinin 2018-ci il üzrə fəaliyyətinin qiymətləndirilməsi üçün müvafiq hazırlıq işlərinə başlanılıb, qaydaların icrasını təmin etmək üçün Universitetin Keyfiyyət Komissiyası yaradılıb. Universitetin Keyfiyyət Komissiyası katibliyinin işinin həyata keçirilməsi Keyfiyyətin təminatı şöbəsinə həvalə edilib. Aidiyyəti struktur bölmələri qarşısında əmrdən irəli gələn vəzifələrin həyata keçirilməsi qoyulub.

Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Rəşad Sadıqov bildirib ki, Reytinq Qiymətləndirməsinin tətbiqinin əsas məqsədi tədris prosesinin keyfiyyətinin artırılması üçün professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətini obyektiv, vahid meyarlarla müəyyənləşdirməkdir.

Reytinq Qiymətləndirməsinin yaradılması konsepsiyası universitetin, o cümlədən fakültə və kafedraların fəaliyyətinin müasir dövrdə ali təhsil müəssisələri qarşısında qoyulan milli və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlıdır.

Reytinq Qiymətləndirməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, digər normativ-hüquqi aktlarına, universitetinin Nizamnaməsinə, beynəlxalq və Azərbaycan ali təhsil müəssisələrində qiymətləndirmənin tətbiqi təcrübəsinə əsasən tərtib edilmişdir.

Reytinq Qiymətləndirməsinin əsas məqsədləri professor-müəllim heyətinin, kafedraların və fakültələrin mövcud pedaqoji, elmi-tədqiqat, tərbiyə və ictimai fəaliyyətinin vəziyyətinin obyektiv şəkildə qiymətləndirilməsi, professor-müəllim heyətinin universitet daxilində və ictimai həyatdakı fəaliyyətinin səviyyəsinin vahid meyarlar əsasında qiymətləndirilməsi, fakültələrin və kafedraların resurslarının, tədris işinin təşkilinin və elmi-tədqiqat işlərinin səviyyəsinin müəyyənləşdirilməsi, professor-müəllim heyətinin, kafedraların və fakültələrin tədris prosesinin yaxşılaşdırılmasına fərdi və kollektiv töhfəsini nəzərə almaqla onların maddi və mənəvi həvəsləndirilməsi, professor-müəllim heyətinin, kafedraların və fakültələrin Reytinq Qiymətləndirməsinin nəticələrini ümumiləşdirməklə onların fəaliyyətinin dinamikasının izlənilməsidir.

Reytinq Qiymətləndirməsi pedaqoji fəaliyyət, elmi-tədqiqat fəaliyyəti və ictimai fəaliyyət üzrə müəyyənləşdirilir. Hər bir fəaliyyət növü müəyyən edilmiş müvafiq balla qiymətləndirilir və toplanan ballar əsasında reytinq müəyyən edilir. Kafedra üzrə Reytinq Qiymətləndirməsinin hazırlanması üçün hər bir müəllim tərəfindən il ərzində həyata keçirilmiş fəaliyyəti özündə əks etdirən məlumatlar fərdi qaydada kafedraya təqdim edilir və onların əsasında kafedra üzrə müvafiq cədvəl doldurulur.

Fakültə üzrə Reytinq Qiymətləndirməsinin hazırlanması üçün hər bir kafedra tərəfindən il ərzində həyata keçirilmiş fəaliyyəti özündə əks etdirən məlumatlar dekanlığa təqdim edilir və onların əsasında fakültə üzrə müvafiq cədvəl doldurulur.

Hər il dekabrın 1-dək professor-müəllim heyəti tərəfindən təqdim edilmiş sənədlər əsasında doldurulmuş reytinq cədvəli onun dəqiqliyinə cavabdehlik daşıyan kafedra müdiri və dekan tərəfindən təsdiq edildikdən sonra sənədlər aidiyyəti üzrə təqdim edilir. Təqdim edilmiş sənədlərin və məlumatların dəqiqliyi universitetin rektoru yanında Keyfiyyət Komissiyası tərəfindən yoxlanılır və universitet üzrə Reytinq Qiymətləndirməsinin yekun aktı tərtib edilir.

Reytinq Qiymətləndirməsinin nəticələri hər təqvim ilinin sonunda universitet Elmi Şurasının iclasında təsdiq edilir.

Reytinqin hesablanma qaydaları və nəticələri barədə də ətraflı məlumat verən dosent R.Sadıqov qeyd edib ki, fakültələr tərəfindən Reytinq Qiymətləndirməsi üçün təqdim edilən sənədlərin araşdırılması, reytinqlərin hesablanması, müəyyən təhlillər üçün meyarlarının, metodların və vasitələrin işlənilməsi universitetin rektoru yanında Keyfiyyət Komissiyası tərəfindən aparılır və komissiyanın tərkibi hər il Elmi Şuranın qərarı ilə müəyyən olunur.

Keyfiyyət Komissiyanın üzvlərinin Reytinq Qiymətləndirməsi ilə bağlı vəzifələrinə fakültələrdən daxil olan sənədlərin həqiqiliyini və obyektivliyini yoxlamaq, professor-müəllim heyətinin, kafedra və fakültələrin reytinqini hesablamaq, il üzrə reytinq qiymətləndirməsinin nəticələri haqqında Yekun Akt tərtib edib rektora təqdim etmək, universitet daxilində Reytinq Qiymətləndirməsi ilə bağlı izahat və maarifləndirmə işləri aparmaq, analitik və statistik informasiya hazırlamaq, Reytinq Qiymətləndirməsi ilə bağlı diğər məsələləri həll etmək daxildir.

Müəllimlərin, kafedra və fakültələrin topladıqları bala əsasən onların reytinqi nümunəvi, fəal və fəal olmayan kimi müəyyənləşdirilir. Nümunəvi kateqoriyaya daxil olan müəllim, kafedra, kafedra müdiri, fakültə və dekan maddi və ya mənəvi rəğbətləndirilir. Fəal olmayan müəllimlərin, kafedra və fakültələrin fəaliyyəti təhlil olunur, nəzarətə götürülür və lazım olduqda universitet Elmi Şurasında müzakirə olunur.

Reytinq Qiymətləndirməsinin nəticələrinə görə rəğbətləndirmənin forması və həcmi rektorun təklifi əsasında universitet Elmi Şurası tərəfindən təsdiq edilir. Reytinq Qiymətləndirməsinin nəticələri cildlənərək tanışlıq üçün universitetin Kitabxana-İnformasiya Mərkəzində saxlanılır.

Professor-müəllim heyətinin, kafedraların və fakültələrin reytinq nəticələrinin dinamikası rəhbərliyə idarəetmədə illik fəaliyyətin qiymətləndirilməsinə əsasən diferensial əməkhaqqı sisteminin tətbiqində, vəzifə seçkilərində (müsabiqə yolu ilə) və ya təyinatında, əmək müqaviləsi müddətinin razılaşdırılmasında, elmi-tədqiqat işlərinin aparılmasında, elmi konfranslarda iştrak edilməsində, peşəkar inkişafla bağlı kurslara göndərilməsində, avadanlığın alınmasında qərar vermək üçün obyektiv əsas yaradır. Bu qaydalar universitetin Elmi Şurasında qəbul olunur və rektor tərəfindən təsdiq olunur. Qaydalara əlavə və dəyişikliklər eyni prosedura ilə həyata keçirilir.

Dosent R.Sadıqov qeyd edib ki, universitetdə tələbələrin müəllimdən məmnunluğu haqqında anonim sorğu keçiriləcək. Sorğuya müəllimin mühazirə və seminarları təq¬dimatı əsasında keçirməsi, dərsi səlis və aydın şəkildə izah etməsi, interaktiv metodlardan istifadə etmə bacarığı, tələbələrə fərdi yanaşması, onların fəal iştirakına şərait yaratması və dərsdənkənar köməklik göstərməsi, verdiyi sərbəst işlərin faydalılığı, kollokvium və imtahanlardan müvəffəq qiymət almaqda keçdiyi dərsin əhəmiyyətli olduğuna inam, bütün mövzuların mühazirə materiallarını təqdim etməsi,verdiyi qiymətlərin obyektivliyi ilə bağlı suallar daxil edilib.

Sonra təqdim edilən sənəd layihələri barədə müzakirə aparılıb. Professor Asəf Zamanov, dosent Sənan Əliyev, professor Buludxan Xəlilov, professor Fərrux Rüstəmov, dosent Şahin Pənahov, dosent Maqsud Nəcəfov, dosent Arzu Daşdəmirov, professor Müseyib İlyasov, professor İramin İsayev, dosent Ənvər İmanov, pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva və başqaları çıxış edərək sənədlə bağlı fikir və mülahizələrini bölüşüblər.

Sonda fakültə və kafedraların sənəd layihəsi ilə bağlı təkliflərini hazırlayaraq bir ay müddətində təqdim etmələri qərara alınıb.

Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi keçirilib-


Reytinq Qiymətləndirilməsi ilə bağlı hazırlanmış sənəd layihələrinin müzakirəsi keçirilib-


İnform.az

Baxış sayı: 83