Siyasət, Elm-təhsil
25.05.2018 / 12:30

“Azərbaycan Cümhuriyyəti - 100” adlı layihəyə start verilir

“Azərbaycan Cümhuriyyəti - 100” adlı layihəyə start verilir
AUKAA Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzalanmış sərəncamı rəhbər tutaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə cari ilin may və iyun aylarında Vita1000, British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyinin, Crispanın və Özsüt - Bakunun dəstəyi ilə “Azərbaycan Cümhuriyyəti - 100” adlı layihəni həyata keçirməyi planlaşdırır.

Bu barədə İnform.az-a AUKAA-dan məlumat verilib.

Məlumata görə, layihə çərçivəsində Böyük Britaniya və digər təhsil müəssisələrində təhsil almış gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət qurumlarının fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının Bakı və Gəncə şəhərlərində, Gürcüstan Respublikasının isə Tiflis şəhərində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirlərin Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yerləşdiyi indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasında, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin hökümətinin yerləşdiyi indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında və Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi binada keçirilməsi planlaşdırılır.

Həmçinin, layihə çərçivəsində “AXC-nin yaranması”, “Bakının işğaldan azad edilməsi”, “31 mart soyqırımı”, “Azərbaycan ordusunun Qarabağda erməni qüvvələri ilə döyüşləri və qələbəsi”, “Müstəqilliyin dünya dövlətləri tərəfindən de-fakto tanınması” mövzularında panellər, “Əbədi ezamiyyət” filminin nümayişi, Bakı şəhərində tarixi binalara gəzintilər, Tiflis şəhərində Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Mirzə Fətəli Axundzadənin məzarlarının və ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi də nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, 27 may 2018-ci il, saat 11:00 tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda layihənin açılış mərasimi keçiriləcək.

Parlamentimizin iclas zalında baş tutacaq açılışdan sonra iştirakçıları Fuad Axundovun rəhbərliyi ilə Cümhuriyyət dövründə dövlət qurumlarının yerləşdikləri və ziyalıların yaşadıqları tarixi binalara möhtəşəm bir tur gözləyir!

Qeyd edək ki, “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən yaradılmış və 3 sentyabr 2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb (qeydiyyat nömrəsi 1108-Q22-2545).

İnform.az

Baxış sayı: 61