Elm-təhsil
25.05.2018 / 10:15

AXC- Milli varlığımızın siyası təsdiq günü(Foto)

AXC-
Gəncə Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib.

Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

GDU-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə Başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı” – deyə G. Fətəliyeva qeyd edib.

Vurğulanıb ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalıb. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib.

Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Ümumi tarix kafedrasının professoru Həsənbala Sadıqov qeyd edib ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verib. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib.

Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb. Nəhayət, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şəraitdən bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşub.

GDU-nun dosenti Cavid Bağırzadə bildirib ki, Rusiya imperiyanın dağılması ilə Azərbaycanda azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqilliyi Tiflis şəhərində elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olub. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi.

Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.

AXC dövründə Milli Ordu quruculuğundan danışan Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov bildirib ki, ordunun formalaşması prosesinin necə getməsi barədə hissə komandirləri mütəmadi olaraq hesabat verirdilər. Həmin hesabatlar həm diviziya komandirinə, həm Ümumi qərargaha, göndərilirdi.

Hissə komandirləri komplektləşmənin, silah və texnika ilə təchizatın vəziyyəti, işlək silahların miqdarı, xarab silahların bərpası, şəxsi heyətin əhval-ruhiyyəsi, ərzaq, geyim və tibbi vəziyyəti, təlim-tərbiyənin gedişi, fərariliyin vəziyyəti, qoşunların yerləşdirilməsi və sənədləşmənin aparılması barədə yuxarı orqanlara məlumat verməli idilər. Bütün bu məsələləri özündə birləşdirən xüsusi hesabat forması hazırlanmışdı ki, onların öyrənilməsi rəhbər orqanlara formalaşma prosesini daimi nəzarət altında saxlamaq imkanı verirdi.

Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov qeyd edib ki, yenicə yaranmış AXC-nin xarici dövlətlərlə əlaqələrinin zəifliyi müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasına böyük əngəllər yaradırdı.

20-ci əsrin sonlarında ikinci dəfə müstəqilliyinə nail olan Azərbaycanda sonradan hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyü rəhbərlərinin də siyasətdəki naşılığı ölkəmizi beynəlxalq aləmdən təcrid etdi. Xarici siyasətdə bir-birinin ardınca atılan uğursuz addımlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi.

Ermənistanın hərbi təcavüzünə məruz qalan müstəqil dövlətimizin əraziləri bir-birinin ardınca işğal olunurdu. Azərbaycanın ağır iqtisadi böhranı və daxili qeyri-sabitliyi getdikcə dərinləşirdi. Belə bir şəraitdə hadisələrin gedişindən baş çıxara bilməyən AXC-Müsavat cütlüyünün rəhbərləri çaşqınlıq içərisində qalmışdılar. Onlar heç bir ölkə ilə məntiqli diplomatik əlaqələr qura bilmirdilər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan Ulu Öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu.

Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil dövlət indi onun siyasi davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur.

Sonda Musiqi kafedrasının tələbələrinin ifa etdikləri vətənpərvərlik musiqiləri konfrans iştirakçılarında daha böyük coşqu yaradıb.

AXC-


AXC-


AXC-


AXC-


İnform.az

Baxış sayı: 44