Din
24.05.2018 / 16:35

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı nəşr olunub

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı nəşr olunub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı çap edilib.

Üç fəsildən ibarət olan kitabın birinci fəslində XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, xüsusilə də dini vəziyyət, ermənilərin 1905-1906-cı və 1918-ci illərdə törətdikləri soyqırımları haqqında ətraflı danışılır.

Həmçinin bir qrup ziyalımızın o dövrdə apardığı maarifçilik mübarizəsi və bu mübarizənin bazasında formalaşan milli müstəqillik ideologiyasının formalaşmasından bəhs edilir.

Kitabın ikinci fəsli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə həsr edilib. Bu fəsildə müstəqilliyin elan edildiyi gündən işğal gününədək din sahəsində görülən işlər, dinin cəmiyyət həyatındakı rolu, Dini Etiqad Nazirliyinin təşəkkül tapması, ölkənin ictimai həyatında fəal iştirak etmiş görkəmli din xadimləri, habelə parlamentdə təmsil olunan müsəlman fraksiyalar, müsəlman və qeyri-müsəlman xeyriyyə cəmiyyətləri və s. haqqında oxuculara geniş məlumat təqdim olunur.

Nəşrin üçüncü fəslində isə Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olan müstəqil Azərbaycanda həyata keçirilən din siyasəti haqqında söhbət açılır. Bundan başqa, Ulu Öndər Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Xalq Cümhuriyyətinin zəngin mənəvi irsinə olan hörmət, bu irsin geniş şəkildə araşdırılması, eyni zamanda onun qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində atılan ardıcıl addımlar və görülən işlər əyani şəkildə göstərilir.

Kitab hazırlanarkən Azərbaycan Xalq Cümhuriyyəti dövrünü geniş şəkildə araşdıran mütəxəssislər, görkəmli tarixçilər və elm xadimləri ilə geniş məsləhətləşmələr aparılıb, onların əsərlərindən bəhrələnilib, çoxsaylı arxiv materiallarından istifadə olunub. Ümid edirik ki, bu nəşr Cümhuriyyət dövründə mövcud olmuş dövlət-din münasibətlərinin doğru-düzgün öyrənilməsi istiqamətində gənclərimiz və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün dəyərli vəsait olacaqdır.

Qeyd edək ki, kitabın müəllifləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Elnarə Kərimova, Aqşin Axundov, Azad Nəhmədov, Turan Nəsirova və Saleh Arslandır.

Baxış sayı: 68