Araşdırma
23.05.2018 / 12:00

Türkiyənin Azərbaycan əsilli ilk qadın hüquqşünası- ARAŞDIRMA

Türkiyənin Azərbaycan əsilli ilk qadın hüquqşünası-[right]Kəmalə Nuriyeva/fəl.ü.f.d [/righ

Əvvəli burada:http://inform.az/index.php?newsid=31962

Belə ki, S.Ağaoğlu ingilis dilini bildiyindən Heydər Rifət bəyin dəvəti ilə tərcümələrin dəqiqliyinə nəzarət etmək üçün məhəkəmə prosesinə qatılmış, onun prosesdə iştirakı üçün H.Rifət bəy xüsusi icazə almışdı.

Yenə S.Ağaoğlunun xatirələrində oxuyuruq ki, prokuror Riskatson-Hatt ölüm cəzası istəsə də 24 saat ərzində Türkiyə ərazisini tərk etməyə məcbur edildi. Yerinə təyin olunan yeni prokuror isə müttəhimə bəraət istədi. Təbii ki, qatilə bəraət verildi və elə həmin gecə vəkili ilə birlikdə Amerikaya qaçırıldı.

Özünü ədalətin təmsilçisi kimi görən gələcəyin gənc hüquqşünasının (məhkəmədə iştirak edəndə onun cəmi 18 yaşı vardı) yaddaşında bu məhkəmə prosesi ömürlük iz buraxır. Təkcə hakimiyyətin ingilislərin əlində olduğu bir zamanda, ingilis məhkəməsində qarşılaşdığı hüquqi və insani ədalətsizlik deyil, həm də həyatın, taleyin ədalətsizliyi onu sarsıtmışdı: “Prokuror Riskatson-Hatt “Kroket” otelinin zirzəmisindəki müvəqqəti saxlama kamerasından qatili yuxarı gətirəndə heyrətimi gizlədə bilmədim: balaca boylu, titrəyən və görkəmindən bir qorxağa bənzəyən bu adam dağ boyda Behbud xanı necə vurmuşdu?”

Sürəyya xanımın universitetdə təhsil aldığı ilk illər atasının Malta sürgünü dövrü ilə üst-üstə düşsə də, Azərbaycanın Avropada təhsil alan ilk hüquqşünaslarından olan Ə.Ağaoğlu qızını tutduğu çətin yolda yalnız buraxmır, məktubları ilə onu dəstəkləyir, yol göstərir. Belə məktublarının birində qızına yazır: “Cəza hüququ fənnini çox xoşladığını eşitdim. Sənin bu marağın yadıma özümün otuz iki il əvvəlki meylimi saldı. Mən də o zaman Paris Hüquq Məktəbində bütün fənlərdən daha çox cəza hüququna maraq göstərirdim. Bunun səbəbi bilirsənmi nədir? Cəza hüququ fəlsəfə ilə, yəni maddiyyatdan daha çox mənəviyyatla bağlıdır.

Lakin cəza nəzəriyyələrini yaxşı başa düşə bilmək üçün fəlsəfə ilə, mənəviyyat və iqtisadiyyatla məşğul olmaq lazımdır. Bu səbəbdən də hüquq fakültəsinin dərslərinə davam etməklə bərabər, ədəbiyyat fakültəsindəki dərslərə də ikinci bir ixtisas kimi getməyi yaddan çıxarma!” Yəni, başqa sözlə desək, ata özünün Fransada keçdiyi universal təhsil yolunu övladlarına da məsləhət görürdü.

Ali təhsilini 1925-ci ildə bitirən Sürəyya xanım 1928-ci ilədək Ankarada Şurayı-Dövlət Tənzimat Dairəsində fəaliyyət göstərir. 1927-ci ildə Ankara Barosunda (Vəkillər kollegiyası) qeydiyyata düşüb müstəqil hüquqşünas sənədi alaraq 1928-ci ildən Türkiyənin ilk qadın vəkili titulunu qazanır.

İngilis və fransız dillərini mükəmməl bilən S.Ağaoğlu çoxsaylı beynəlxalq konfrans və tədbirlərdə Türkiyəni və türklüyü təmsil edir, bir çox görkəmli ictimai-siyasi xadimlərlə, sənətkarlarla sıx dostluq əlaqələri saxlayırdı.

1946-cı ildə onun səyi nəticəsində İstanbul Barosu Beynəlxalq Barolar Birliyinə üzv olmuş, 1946-60-cı illər arasında bu təşkilatın idarə heyətində yeganə qadın olmuşdur. 1952-ci ildən Beynəlxalq Qadın Hüquqşünaslar Təşkilatının üzvü, 1980-82-ci illərdə Hüquqşünas Qadınlar Federasiyasının ikinci rəhbəri olan Sürəyya Ağaoğlu Türk Hüquqşünas Qadınlar Dərnəyi, Universitetli Qadınlar Dərnəyi, Azad fikirləri yayma dərnəyi, Soroptimistlər İstanbul Klubu, Türk-Amerikan Universitetlilər Dərnəyinin yaradıcılarından olmuşdur.

3 mart 1949-cu ildə maddi dəstəyə ehtiyacı olan uşaqları bir yerə toplayan, onları sığınacaqla təmin edən və təhsil almaları üçün şərait yaradan Uşaq Dostları Dərnəyini qurur. Bu dərnək bu gün də öz fəaliyyətini davam etdirir. Başlanğıcda kirayə götürülmüş kiçik, şəraitsiz məktəb binasında fəaliyyət göstərən dərnəyin hal-hazırda çoxmərtəbəli yataqxanası və tədris mərkəzi var. 1990-cı ildən Sürəyya Ağaoğlunun adını daşıyan Dərnəyin nəzdində yenə onun adını yaşadan Elm və Təhsil Vəqfi mövucuddur. Bu Vəqf isə təhsilini maddi imkansızlıq səbəbindən davam etdirə bilməyən gəncləri dəstəkləyir. Sürəyya Ağaoğlunun adını təkcə bu Dərnək və Vəqf yaşatmır. 2003-cü ildə anadan olmasının 100 illiyi münasibətilə onun xatirəsinə gümüş sikkə buraxılmışdır.

Çətin və bir o qədər də maraqlı həyat yolu keçmiş Sürəyya xanım 86 yaşı olmasına baxmayaraq hələ də fəaliyyətini davam etdirdiyi zamanda ani ehtiyatsızlıq səbəbindən dünyasını dəyişir. 1989-cu ildə İstanbulda iştirak etdiyi “Qadın hüquqları və müasirlik” adlı konfransdan çıxarkən yıxılır və beyin qanaması keçirərək vəfat edir. Sürəyya Ağaoğlu xatirələrində yazır ki, həm məktəb, həm də tələbəlik illərində dəcəl, “yaramaz” bir gənc olub. İstanbul Universitetinin tələbəsi olduğu zamanlarda pəncərələrin kənarında gəzməyi və bununla müəllimlərini gərginlikdə saxlamağı sevərmiş. Bir gecə yuxusunda pəncərədən yıxıldığını və dünyasını dəyişdiyini görür və bir daha bu “yaramazlığını” təkrarlamır. Bəlkə də müstəqil həyata başladığı ilk illərdə gördüyü bu yuxu ona ömrünün sonunu, vəfatını bildirirmiş...

İnform.az

Baxış sayı: 37