Araşdırma
22.05.2018 / 11:00

Türkiyənin Azərbaycan əsilli ilk qadın hüquqşünası- ARAŞDIRMA

Türkiyənin Azərbaycan əsilli ilk qadın hüquqşünası-
Kəmalə Nuriyeva/fəl.ü.f.d

XX əsr müharibələr və inqilablar əsri oldu. İki dünya müharibəsi və onların ardınca uzun ideoloji soyuq müharibə dövründə milyonlarla insan həyatını itirdi və milyonlarla insan ölkəsini tərk etmək məcburiyyətində qaldı. Xüsusilə Sovet İttifaqında kommunist ideologiyasının nəzarəti altında olan millətlər insanlıq tarixinin ən böyük faciələrindən birini yaşadılar.

Bu ideologiyaya qarşı mübarizə aparmaq və ölkələrini müstəqilliyə qovuşdurmaq ümidi ilə xarici ölkələrə mühacirət edənlər də az deyildi. Müstəqillik idealları uğrunda inamla və inadla mübarizə aparan bu insanlar mövcud şərtlərin, şəraitin ağırlığına və qarşısındakı düşmənin gücünə baxmayaraq, əllərindəki bütün imkanlardan istifadə edərək sona qədər döyüşdülər.

Əfqanıstandan Avropaya qədər uzanan geniş ərazidə və 70 ildən artıq zaman kəsiyində həyata keçirilən siyasi fəaliyyətlər bir neçə nəsil tərəfindən reallaşdırılmış bir mübarizədir.

Türk dünyasının siyasi və mədəni fikir tarixində böyük xidmətləri olmuş, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə tarixində dərin iz qoymuş Əhməd bəy Ağaoğlu (1869-1939) və ailəsi də bu mübarizənin nümayəndələrindəndir.

İlk təhsilini anadan olduğu Şuşada alan Ə.Ağaoğlu, Sarbonna Universitetinin hüquq fakültəsini bitirib vətənə dönür və burada həm maarifçilik, həm də siyasi fəaliyyətlə məşğu olur. Dövrünün bir sıra mətbuat oraqanlarında məqalələrlə çıxış edir, qəzet redaktoru olur, “Difai” təşkilatını qurur. Həmin dövr üçün türkçülüyün mərkəzi olan Türkiyəyə gedən Ə.Ağaoğlu orada qalmaq və fəaliyyətini davam etdirmək qərarına gəlir və 1910-cu ildə ailəsini də İstanbula aparır.

Türkiyə Cümhuriyyətinin qurulmasında yaxından iştirak etmiş Əhməd bəy Ağaoğlu AXC dövründə qısa müddətə yenidən Azərbaycana qayıtmış və 1918-ci ilin noyabr ayında Azərbaycan Parlamentinin üzvü seçilmişdi.

1914-cü ildən nümayəndəsi olduğu Osmanlı Məclisi-Məbusanında (Parlament) səlahiyyətləri davam etdiyindən türkiyəli tədqiqatçı Fəxri Sakalın da yazdığı kimi, tarixə eyni zamanda iki türk parlamentinin üzvü olan ilk və yeganə siyasi xadim statusu ilə daxil olmuşdu.

1919-cu il yanvarın 7-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyini tanıtmaq üçün Bakıdan ayrılan Ə.Ağaoğlu ürəklərə müstəqilliklə bağlı sevinc və coşğunluğun hakim olduğu həmin anlarda bu ayrılığın əbədi olacağını yəqin ki, düşünməmişdi.

Türkiyəyə mühacirət etmiş, daha sonra bu dövlətin vətəndaşlarına çevrilmiş Ağaoğlular ailəsinin 3 nəsli təxminən son bir əsrdə Türkiyənin elm, ədəbiyyat sahələrində öz sözlərini demiş, mədəni və siyasi tarixinə öz möhürlərini vurmuşlar.

Əhməd bəylə Sitarə xanımın 7 övladından ikisi – Vəzir və Bəşir adlı oğlanları kiçik yaşlarında vəfat etmiş, digərləri – Sürəyya, Tezer, Əbdürrəhman, Səməd və Gültəkin isə mükəmməl təhsil almış, Türkiyənin ictimai, siyasi və mədəni həyatında tanınmışlar.

Tezer Taşkıran nənəsinin, Ə.Ağaoğlunun anası Təzəxanımın adını daşısa da ailə Türkiyəyə mühacirət etdikdən sonra sənədləşmədə adı Tezer kimi qeydə alınmış və bu adla da tanınmışdır. 1905-ci ildə Bakıda anadan olmuş, İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirmişdir. Müxtəlif məktəblərdə müəllim və direktor olmuş, fasilələrlə TBMM-nin üzvü seçilmişdir. Türkiyənin XX əsr tarixinə kişi məktəbində dərs deyən ilk qadın müəllimə kimi daxil olmuşdur.

Yazıçı, publisist, dövlət xadimi, siyasətçi Səməd Ağaoğlu 1909-cu ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Türkiyədə – Ankarada almış, Ankara Universitetinin hüquq fakültəsini bitirmiş, daha sonra hüquq təhsilini davam etdirmək üçün Strasburqa getsə də növbəti tədris ilində xaricə çıxmaq icazəsini ala bilmədiyindən təhsilini yarımçıq qoymuşdur. Üç dəfə Türkiyənin BMM-nə üzv seçilmiş, Dövlət Naziri, Baş Nazirin müavini olmuşdur. Dövlət çevrilişi zamanı ömürlük həbs cəzasına məhkum olsa da amnistiyaya buraxılmışdır. 1967-ci ildə xanımı ilə bərabər Bakıda olmuş, lakin ata yurdu olan Şuşa şəhərinə gedə bilməmişdir. “Sovet Rusiya İmperatorluğu” əsərinin bir fəslini Azərbaycana həsr etmişdir. “Mərmərə dənizində ada”, “Qafur müəllim”, “Babamın arkadaşları”, “Babamdan xatirələr ” və s. kimi 20-dən artıq kitabların müəllifi olmuşdur.

Ə.Ağaoğlunun övladlarından Əbdürrəhman və Gültəkin siyasətdən uzaq olsalar da, hər ikisi ali təhsil almış, oğlu Əbdürrəhman mühəndis və iş adamı, qızı Gültəkin isə Türkiyənin ilk ali təhsilli pediatrlarından biri, həkim-professoru olmuşdur.

Əhməd bəy Ağaoğlunun ilk övladı Sürəyya xanım isə Türkiyənin və ümumilikdə Türk Dünyasının ilk qadın hüquqşünası kimi yaxın tariximizə öz adını yazmışdır.

İstanbul Universitetinin Hüquq fakültəsinin qapılarını qızların üzünə açdıran, ilk qız tələbələrindən olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdır. 1910-cu ildə ailəsi ilə bərabər Türkiyəyə köçən balaca qızcığazın uşaqlığı və gəncliyi atasının ideologiyası və vəzifələri səbəbindən “Türk Ocağı” ziyalıları, M.K.Atatürk və yaxın dostlarının əhatəsində keçmişdir.

1920-ci ildə İstanbul qız məktəbini bitirmişdir. Qız məktəbində oxuduğu müddətdə məktəb yoldaşları ilə bərabər məktəbin mərasim salonunda dalğalanan fransız bayrağını endirib türk bayrağını asan və “Sizin ölkənizi kimsə işğal etsə, siz eyni münasibət göstərməzdinizmi?” deyə biləcək qədər cəsur olan Sürəyya Ağaoğlu Türkiyənin və ümumilikdə, Türk Dünyasının ilk qadın vəkili olmaq cəsarətini də göstərmişdir.

1921-ci ildə İstanbul Darülfünunun hüquq fakültəsində təhsilə başlamaqla Türkiyənin ilk hüquq təhsili alan xanımlarından biri və müstəqil vəkil kimi fəaliyyət göstərən hüquqşünası kimi təkcə Türkiyədə deyil, həm də Avropada tanınmışdır.

Universitetdə birinci kursda oxuduğu müddətdə həyatının ilk hüquq və “ədalət” dərsini Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Naziri olmuş Behbud xan Cavanşirin qatilinin məhkəməsində alır. AXC-nin SSRİ-yə ilhaqından sonra bir sıra dövlət xadimləri kimi xaricə mühacirət edənlər arasında olan Behbud xan Fransaya getməyə hazırlaşsa da, bir müddət İstanbulda qalmalı olur.

Lakin, həmin dövrdə Türkiyədə erməni-türk davasının qızğın vaxtında bir sıra Türkiyə və Azərbaycan dövlət xadimləri kimi Behbud xanın adı da erməni təşkilatlarının qara siyahısında olur.

Maltada sürgündə olan Ə.Ağaoğlunun həyat yoldaşı Sitarə xanım bir müddət Behbud xanı ailəsi ilə bərabər evində gizlətsə də Behbud xanın rus əsilli xanımı bu məhbəs həyatına dözə bilməyəcəyini söyləyir. Bundan sonra təhlükənin artıq sovuşduğunu deyən qonaqlar Sitarə xanımın “Otelə getməyin, 48 saat keçməz ki, ermənilər Behbud xanı vurarlar” xəbərdarlığına baxmayaraq “Perepalas” otelinə köçürlər.

Sürəyya Ağaoğlu xatirələrində yazır ki, “ertəsi günü səhər erkəndən anama Behbud xanın “Perepalas” otelinə gedərkən yolda bir erməni tərəfindən vurulduğu xəbəri gəldi. Anam dərhal “Perepalas” otelinə getdi və Behbud xanın xanımını və qardaşlarını bizə gətirdi”. Sitarə Ağaoğlunun xahişi ilə ailənin yaxın dostu Heydər Rifət bəy məhkəmədə vəkil olur. Sürəyya xanım “Bir ömür belə keçdi” xatirə kitabında yazır ki, “Universitetin birinci kurs tələbəsi kimi çox məsul bir işə cəlb olunmuşdum”.

Belə ki, S.Ağaoğlu ingilis dilini bildiyindən Heydər Rifət bəyin dəvəti ilə tərcümələrin dəqiqliyinə nəzarət etmək üçün məhəkəmə prosesinə qatılmış, onun prosesdə iştirakı üçün H.Rifət bəy xüsusi icazə almışdı.

Davamı var...

İnform.az

Baxış sayı: 92