Hərbi
21.05.2018 / 11:00

"Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyil"- Elxan Şahinoğlu

 "Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyil"-
"Naxçıvan istqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu təsadüfi deyil".

İnform.az tvreal.az-a istinadən bildirir ki, bunu "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ermənilərin Naxçıvanda törətdiyi təxribatı sosial şəbəkədə şərh edərkən bildirib.

“Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhədə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu, Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır“, - deyə Elxan Şahinoğlu bildirib.

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır. Və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

İnform.az

Baxış sayı: 342