Din
18.05.2018 / 18:00

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib- Ağdamda(Foto)

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quzanlı qəsəbəsində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, rayonun aktiv gənclərinin və tələbələrin iştirak etdiyi seminar-treninqin birinci hissəsini giriş sözü ilə açan RİH başçısının birinci müavini Allahverən Əliyev dövlət və din münasibətləri, dini icmaların fəaliyyəti istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verilir.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, tolerantlıq və multikulturalizm milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

Sədr müavininin sözlərinə görə, müxtəlif konfessiyalar, sivilizasiyalar və məzhəblər arasında həmrəyliyin hökm sürdüyü Azərbaycan dünyaya nümunə olan ölkələrdəndir. Əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələri Azərbaycanda müxtəlif dövrlərdə dini ayrı-seçkiliyə məruz qalmayıb, sülh şəraitində yaşayıblar.

Respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən işlərdən də danışan G. İsmayılov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, eləcə də gənclərin dini sahədə düzgün maarifləndirilməsidir.

Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və başqaları dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər gənclərin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıblar.

Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan seminar-treninqin ikinci hissəsində rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Raqub Məmmədov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. R.Məmmədov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir.

Natiq, eyni zamanda ərazisinin böyük hissəsinin erməni işğal altında olan Ağdam rayonundakı mövcud dini durum barədə də geniş məlumat verib.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədilə paytaxtda və bölgələrdə dini maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Sədr müavini vurğulayıb ki, DQİDK müvafiq dövlət qurumları ilə birgə xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı preventiv tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir.

Dünyanın bəzi ölkələrində islamofobiya meyillərinin genişlənməsinin, dinlərarası və məzhəblərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu bildirən G. İsmayılov Azərbaycanın tarixi ənənələrinin dinlərin, məzhəblərin dinc, yanaşı yaşamasına imkan verdiyini qeyd edib. Sədr müavinin sözlərinə görə, sülh dini olan İslamın dini radikalizm və ekstremizm kimi hallara alət olunması yolverilməzdir.

DQİDK-nın sədr müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızdakı ictimai-siyasi və dini sahədəki sabitlik dövlətimiz üçün hər zaman prioritet məsələdir.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib-


İnform.az

Baxış sayı: 115