Qarabağ, Hüquq
17.05.2018 / 11:30

Vətəni qorumaq üçün

Vətəni qorumaq üçünTorpaqlarımıza erməni təcavüzü başlanan ilk vaxtlardan Azərbaycanın bütün bölgələrindən daxili işlər orqanlarının əməkdaşları vətəni qorumaq üçün döyüş mövqelərinə yollanıblar.

Yurdumuzu müdafiə etmək, düşmənə layiqincə cavab vermək üçün əlinə silah alıb mərd-mərdanə döyüşə atılıblar. Bu ağır döyüşlərdə igidlik göstərən polislərimizdən biri də İlqar Allahyarovdu.
İlqar Allahyarov 1968-ci il Laçın rayonunun Alıqulu kəndində anadan olub.

Orta məktəbi bitirib, Moskva şəhərində hərbi xidmətdə olub. Ordudan təxris olunduqdan sonra Laçın Rayon Polis Şöbəsinə polis nəfəri kimi daxil olub. Polisdə işlədiyi dövrdə erməni faşistlərinin torpaqlarımıza hücumu intensiv hal alıb. O, düşmənə qarşı aparılan hərbi əməliyyatlarda yaxından iştirak edib, cəsarətlə döyüşlərə atılıb.

1992-ci ildə Suarası kəndi uğrunda gedən döyüşdə əsir düşən 10 nəfəri xilas edib. İlqar bütün yolları, dağ cığırlarını yaxşı tanıyırdı. Hocaz yüksəkliyini geri qaytarmaq üçün başlanılan əməliyyatlarda tankların əlverişli mövqeyə çıxmasına kömək edib.

Bu əməliyyatlar zamanı yüksəklik geri qaytarılıb və düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Həminin düşmənin xeyli texnikası, hərbi sursat qənimət kimi götürülüb.

İlqarın igidlikləri bunlarla bitməyib. O, 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra mühasirəyə düşmüş Milli Ordunun əsgərini xilas edib. Həmçinin Kəlbəcərin Lev kəndində 30 nəfərə yaxın dinc sakini sağ-salamat çıxarmağa nail olub. 1994-cü ilin sentyabr ayında yenidən döyüşə qayıdıb.

Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüş zamanı şəhid olub. Onun bu igidlikləri diqqətdən kənar qalmayıb, ölümündən sonra “Vətən uğrunda” medalı ilə tətif olunub.

Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 278