Gündəm, Hüquq
16.05.2018 / 10:20

Dilə gəlir xatirələr - FOTO

Dilə gəlir xatirələr -
“Daxili işlər orqanlarında xidmət edən əməkdaş gərək yorulmadan, həvəslə çalışsın ki, bu ada layiq olduğunu sübuta yetirsin.Bu sahədə peşəkar olmaq üçün gərək öz üzərində daha çox işləyəsən. Polisin fəaliyyəti hər zaman göz önündədir. Ona görə məsuliyyəti özündə dərk etməlisən”.

Elə bu fikirlərlə də söhbətə körpü salmış olduq polis veteranı Rövşən Rüstəmovla. Bundan sonra xatirələr dilə gəldi, çünki çəkilən zəhmət, əldə edilən uğurlar həmişə yaddaqalan olur . Bəzən istər-istəməz həmin illərə nostalgiya yaranır. Həmsöhbətim də yayın qızmarında, qışın ayazında, sazağında keçirdiyi xidmət günlərini xatırladı.

R. Rüstəmov 1956-cı ildə İsmayıllı rayonu Talıstan kəndində dünyaya gözlərini açıb. Atası da, anası da kolxozçu olub. Uşaqlığı, orta məktəb illəri də elə doğulduğu kənddə keçib. Hərbi xidmətdə Ukraynanın Donetsk şəhərində olub.

Ordudan qayıtdıqdan sonra bir sıra sahələrdə çalışsa da, 1979-cu ildən taleyini daxili işlər orqanlarına bağlayıb. Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri kimi xidmətə başlayıb. Milis məktəbində təhsil aldıqdan sonra Qax, Şamaxı, Qobustan Rayon Polis Şöbələrində müxtəlif vəzifələrdə çalışıb. Xidmət etdiyi müddətdə bir sıra ağır cinayətlərin açılmasında fəal iştirak edib.

“1993-cü ildə baş vermiş hadisə ölkədə rezonans doğurmuşdu. Mədəniyyət sahəsi ciddi itki vermişdi. 2 nəfər şəxs saz-söz ustadı, ölkənin tanınmış aşığı Aydın Çobanoğlunu Qobustan rayonu ərazisində amansızlıqla qətlə yetirib, qaçmışdılar. Həmin vaxtlarda mən də Qobustanda işləyirdim.

Bu cinayətin açılmasında fəal iştirak elədim. Cinayətkarlardan birinin İsmayıllıdan olduğu və orada gizləndiyi dəqiqləşdikdən sonra onun axtarışı mənə həvalə olundu. Səbəbi isə məlum idi. Anadan olduğum, boya-başa çatdığım rayonun hər qarışını yaxşı tanıyırdım. Bu da öz nəticəsini verdi. Onu yaxaladıq və istintaq orqanlarına təhvil verdik”.

R.Rüstəmov 2013-cü ildə təqaüdə çıxdıqdan sonra da fəaliyyətini uğurla davam etdirir. İsmayıllı RPŞ-nin Veteranlar Şurasının sədridir. İctimaiyyət, eləcə də azyaşlılar arasında keçirilən tədbirlərdə fəal iştirak edir.

Dilə gəlir xatirələr -


Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 45