Mədəniyyət
16.05.2018 / 11:00

Varlıq axtarışında olan rejissor – Bela Tarr

Varlıq axtarışında olan rejissor –
Bela Tarr – 1955-ci ildə Macarıstanın Pécs şəhərində anadan olub.

Ancaq həyatının önəmli hissəsini Budapeşt şəhərində keçirib. Filmoqrafiyasına da bunun böyük təsiri vardır. Kariyerasına ciddi tərsir edən şeylərdən bir digəri isə valideynləri ilə bağlıdır.

Anası 50 ildən çox teatrda suflyorluq etmiş, atası isə quruluşçu rejissor olaraq işləyib. Yəni ikisi də həmişə incəsənətlə iç-içə olub. Bu da sonralar gələcəyin dahi rejissoru üçün bir öncəlik halına gəlib.

Bela Tarr Tolstoyun “İvan İlyiçin ölümü” adlı əsərinə çəkilən filmin aktyor seçmələrinə anası ilə gedəndə cəmi 10 yaşı var idi. Bela bu rola seçilsə də, çox qısa zaman sonra rolda imtina edib.

“Szörnyek évadja” filmindən başqa bir də heç bir filmdə də aktyor kimi rol almayıb.

Filmə olan sevgisinə agah olanda isə 16 yaşı var idi və elə bu yaşlarda ilk həvəskar filmlərini çəkməyə başlayır. Həvəskar olaraq çəkilişlər apardığı bu illərdə Macarıstanın işçi və yoxsul təbəqəsindən olan insanlar haqqında bir çox sənədli filmlər ərsəyə gətirir.

Öz sözlərinə görə o illərdə əsas qayğısı fəlsəfədən danışmaq olub, sadəcə incəsənəti fəlsəfəni çatdırmaq üçün bir vasitə olaraq görüb. Çəkdiyi bəzi qısa filmlərdən sonra Macarıstan höküməti ona qadağalar qoyur, universitetdəki təhsilinə mane olur. Ancaq bütün bunlara baxmayaraq Bela Tarr film çəkilişlərinə davam etməyi bacarır.

“Family Nest” (Csaladi tüzfeszek) adlı ilk tam metrajlı filmini çəkəndə hələ 22 yaşı var idi və filmin çəkiliş heyətinin böyük bir hissəsi həvəskar idi.

Hətta aktyorlar Bela ilə olan dostluq əlaqələrinə görə maddi maraqlarını bir kənara qoyub, heç bir gəlir gözləmədən canla-başla filmdə rol alır. Film altı gün ərzində çəkilir.

Tənqidçilər filmdə rejissor Con Kassavetesin (ing. John Cassavetes) kinomatoqrafiyasından hissələr olduğunu desə də, Bela Tarr bu tənqidlərə cavab olaraq rejissorun heç bir filmini izləmədiyini bildirib.

1979-cu ildə premyerası olan bu filmdən sonra çəkdiyi iki filmdə də (Szabadgyalog ve Panelkapcsolat) üslubu demək olar ki dəyişməyib.

“Panelkapcsolat” filmi professional aktyorların rol aldığı ilk filmidir. 1982-ci ildə Şekspirin “Makbet” adlı pyesini televiziya filmi olaraq çəkib. Film iki hissəlidir: 5 dəqiqəlik giriş və 67 dəqiqəlik olan ikinci hissə.

İlk dört tam metrajlı filminin ssenarisini də özü yazan Bela Tarr, “Oszi almanach” filmindən sonra macar rejissor Laslo Krasnahorki (Laszlo Krasznahorkai) ilə birlikdə “Karhozat” adlı filminin ssenarisini yazdı.

Krasnahorkinin “Satantango” adlı romanını səhnələşdirmək nə az, nə çox düz 7 il vaxtını aldı. 450 dəqiqəlik (7 saat 30 dəqiqə!) filmin premyerası 1994-cü ildə olub.

Syuzen Sonteg (ing. Susan Sontag) bu filmdən sonra Bela Tarra “modern kinomatoqrafiyanın xilaskarlarından biri” deyir və hər il “Satantango” filmini bir dəfə izləməyin onu xoşbəxt etdiyini bildirır. Ümumiyyətlə, “Satantango” filmi bir müddət sonra modernist film cərəyanının öncüsü olaraq tarixə öz adını yazdı.

Varlıq axtarışında olan rejissor –

Satantango (1994)

“Satantango” filmindən sonra 35 dəqiqəlik “Utazas az Alföldön” filmini çəkdi. 5 illik səssizlikdən sonra “Werckmeister Harmoniak” adlı filminin premyerası oldu. Çətin bir dönəmdə çəkilən bu film tənqidçilər tərəfindən bəyənildi.

Varlıq axtarışında olan rejissor –

Werckmeister harmoniak (2000)

Daha sonra Corc Simenonun (ing. Georges Simenon) yazdığı eyniadlı romana “A Londoni ferfi” adlı filmini çəkdi və filmin 2005-ci ilin may ayında Kann (Cannes) Film Festivalında göstərilməsinə qərar verildi, ancaq filmin prodüserlərindən birinin festivaldan bir neçə ay öncə intihar etməsi filmin festivala getməməyinə səbəb oldu. Ancaq film 2 il sonra Kannda göstərişə çıxdı. Elə festivaldan sonra Bela Tarr son filminin çəkilişlərinə başladığını bildirdi.

“A torinio lo” adlı son filminin 15 fevral 2011-ci ildə Berlin Beynəlxalq Film festivalında premyerası olur. Festivalda müsbət qarşılanan, “Torino Atı” adı ilə məşhurlaşan film bir çox festivallar dolaşır və Berlin festivalından da “Böyük Jüri” mükafatını qazanır.

Varlıq axtarışında olan rejissor –

A torinoi lo (2011)

Filmlərinin musiqisini Mihayl Viq (Mihaly Vig) bəstələmişdir. Viqlə Bela Tarr bir çox məsələdə əməkdaşlıq etmiş, hətta Viq “Satantango” kimi bir çox filmdə də rol alır.

Bela Tarrın ailə həyatı bütövlükdə film studiosundan keçir. Belə ki, həyat yoldaşı Aqnes Hranitski (Agnes Hranitzky) ilə “Satantango” filminin çəkilişləri üçün yolları kəsişmiş və bütün filmlərində də bu əməkdaşlıq davam edir. Hranitski Bela Tarr kinomatoqrafiyasında əvəzsiz rola sahibdir.

Bela Tarr kinomatoqrafiyasının özünəməxsusluğu onun uzun səhnə planlamasında və Hollivud filmlərinin əksinə yavaş ritmlə irəliləməsidir. Çünki Tarr öz izləyicisini fokuslamaq, düşüncəsizcə ekrana kökləmək istəmir, o insan mövcudluğu ilə bağlı düşüncələrə qərq olur və izləyicini də düşünməyə məcbur edir. Bəzən bu düşüncələr distopik bir vəziyyət yaratsa da, bəzən isə ekranda gördüyümüz şey tamamilə anarxiya və xaosdur.

Filmlərində xaosu bu qədər gözə batıran Tarr əslinə qalsa, postmodern determinist anlayışa sahibdir. Bu xaotik olmayan, amma proqnozlaşdırıla bilməyən bir deterministik baxışdır. Bu məqamda tez-tez sistemə öz tənqidini edərək Bodriyarın (Jean Baudrillard) matriksinə də toxunur. Bütün bunlara baxmayaraq var olan bioiqtidarın dialektik tarixi gedişatını “oxuyan” rejissor, beləliklə, “var olan”la “mən”in arasında qeyri-müəyyən, amma bir o qədər güclü sədd yaradır.

Məğlubiyyət daha yeni yaranmağa başlayan mədəniyyət dediyimiz şeyi daha da mürəkkəb hala gətirib. Ona görə də rejissor filmlərində həmişə səssiz, tənha bir qəsəbəni seçib, heç yerə getməyən, getsə də, dönə bilməyən insaların təsvir edib və bununla da, hərəkəti bütləşdirib. Ancaq unutmaq olmaz ki, qəsəbəyə bir başqa yerdən gələn yad sirk, yaxud qaraçı camaatı “yad” anlayışı ilə bağlı qayğılarımıza söz vermiş, kosmopolitliyə, “yersiz-yurdsuzluğa” aid bir fikir irəli sürüb.

Tarr bir çox müsahibəsində də qeyd etdiyi kimi adi, “obivatel” deyəcəyimiz insanların həyat hekayələrini çəkməyi sevir. Bəzən itirənlər, bəzən unudulanlar, bəzən də məğlublar…/kayzen.az

Baxış sayı: 48