Maraqlı
25.07.2015 / 15:44

Dünyanın ən varlı yazıçıları

Dünyanın ən varlı yazıçıları

“Forbes” jurnalı dünyanın ən gəlirli yazıçılarının adını açıqlayıb. Siyahı 2014-cü ilin iyunundan 2015-ci ilin iyununa qədər yazıçıların çap, elektron və audio kitablarının satışından və əsərlərinin ekranlaşdırılmasından qazandıqları gəlir əsasında hazırlanıb.

15. E.L.Ceyms (Böyük Briyaniya) – 12 milyon dollar
Erotik mövzulu “Bozun 50 çaları” trilogiyasının müəllifi olan Ceyms, bu gün də kitablarının satışından gəlir əldə edir. 2013-cü ildə kitabın dünyada 1 nömrəli bestseller olduğu zaman isə yazıçı xanım 95 milyon dollar qazanmışdı. Əsasən elektron versiyalarda yayılan “Bozun 50 çaları” eyniadlı kommersiya filminin çəkilməsinə də rəvac verib.

14. Rik Riordan (ABŞ) – 13 milyon dollar
Qədim Yunan mifologiyasını müasir həyata gətirərək yeniyetmələr üçün Persi Ceksonun sehrli macəralarından bəhs edən romanlar yazan Riordan oxucular arasında populyarlığını saxlaya bilir.

13. Gilian Flin (ABŞ) – 13,5 milyon dollar
İlk dəfə 2014-cü ildə “İtmiş qadın” romanı ilə tənqidçilərin diqqətini özünə cəlb edən Flin təkcə həmin il kitabının 1,8 milyon çap nüsxəsini sata bilib. Romanı əsasında çəkilən “İtmiş Qız” filminin çəkilişindən sonra əsərin satış göstəriciləri daha da artıb.

12. Syuzan Kollinz (ABŞ) – 13,8 milyon dollar
Əsasən yeniyetmə auditoriyasını əhatə edən “Ac oyunlar” trilogiyasının müəllifi də peşəsindən böyük maliyyə gəliri əldə edir. Təkcə 2012-ci ildə ABŞ-da “Ac oyunlar” silsiləsinin 27,7 milyon nüsxəsi satılıb. “Ac oyunlar” silsiləsinin kino versiyasının da uğurlu alınması yazıçıya əlavə dividendlər gətirib.

11. Den Braun (ABŞ) – 14 milyon dollar
Ötən il 27 mliyon dollar gəlir qazanmış Braun bu il 13 milyon dollar qazanıb. Professor Lenqdonun macəralarından bəhs edən sonuncu kitabı “İnferno”dur.

10. Con Qrişem (ABŞ) – 14,5 milyon dollar
1988-ci ildən bəri hər il yeni “Ədliyyə trilleri” janrında romanla oxucularının görüşünə gələn Con Qrişem 25 ildir ki, ənənəsinə sadiq qalır. Onun sonuncu kitabı 2008-ci ilin iqtisadi böhranından həbs edən və 2014-cü ilin noyabrında işıq üzü görən “Boz Dağ” romanıdır. Romanın bu günə qədər 620 mindən artıq nüsxəsi satılıb.

9. Nora Roberts (ABŞ) – 18 milyon dollar
Nora Robert yaradıcılığı boyu 220-dən artıq sevgi və detektiv romanı yazıb. Son illərdə populyarlığı azalan yazıçının son əsəri – “Nəsil lənəti” yalnız 298 min nüsxədə satılıb. Buna baxmayaraq, əvvəllər yazdığı çoxsaylı əsərlər ona hər il müntəzəm gəlir gətirir.

8. Stiven Kinq (ABŞ) – 19 milyon dollar
Əsərləri ən çox Hollivudda ekranlaşdırılan yazıçı kimi tarixə düşən Stiven Kinq, karyerası boyu kitab satışlarından 500 milyon dollar gəlir əldə edib. Yazıçının son romanı mistik hadisələrdən bəhs edən “Yuxu həkimi” əsəridir.

7. Coan Roulinq (Böyük Britaniya) – 19,5 milyon dollar
“Harri Potter” silsiləsinin müəllifi bu əsəri ilə dünyanın aparıcı uşaq ədəbiyyatı yazıçısına çevrilib. Silsilə başa çatdıqdan sonra isə Roulinq daha çox Robert Gelbreyt imzası ilə detektiv romanlar yazır. 2015-cilin payızında xanım yazıçının “Şər karyerası” adlı yeni romanı işıq üzü görəcək.

6. Canet İvanoviç (ABŞ) – 21 milyon dollar
Stefani Plam personajının detektiv sərgüzəştlərindən bəhs edən İvanoviç əsərlərinin populyarlığını itirməməsi səbəbindən böyük gəlir əldə edir. Yazıçı etiraf edir ki, əldə etdiyi gəlirinin böyük hissəsini alış-verişə xərcləyir.

5. Ceff Cinni (ABŞ) – 23 milyon dollar
Uşaqlar haqda “Acizin gündəliyi” kitabını yazan Ceff Cinni də yaşının azlığına baxmayaraq, ən çox qazanan yazıçılardan biridir. İki məktəblinin macəralarından bəhs edən əsər ötən il 1,4 milyon nüsxə satılıb. Əsər 45 dilə tərcümə olunub.

4. Daniela Stil (ABŞ) – 25 milyon dollar
40 ildən artıqdır ki, yazıçılıqla məşğul olan Daniela Stil ilk dəfə 1973-cü ildə roman yazıb. Hər il 3 roman yazan xanım müəllif qadın problemləri, uşaqlar və müharibə məsələlərinə xüsusi diqqət ayırır. Dünya üzrə Stilin kitabları 600 mliyondan artıq nüsxədə satılıb.

3. Veronika Rot (ABŞ) – 25,5 milyon dollar
26 yaşının olmasına baxmayaraq, Veronika Rot ABŞ-da çox tələb olunan yazıçılardan biridir. Onun antiutopik “Divergent” romanı təkcə ötən il 349 milyon nüsxədə satılıb. Onun “Divergent” və “İnsurgent” romanları əsasında çəkilən filmləri isə kitabların satışını daha da artırıb. Hazırda gənc müəllif 2 hissəli yeni roman üzərində çalışır.

2. Con Qrin (ABŞ) – 26 milyon dollar
Daha bir gənc amerikalı yazıçı Con Qrin isə gəlirlərinin miqdarına görə 2-ci pillədə qərarlaşıb. Yeniyetmə auditoriya üçün yazan Qrinin ən məşhur əsəri əsasında populyar filmin də çəkildiyi “Ulduzlar günahkardır” romanı olub. Həmin roman 2014-cü ildə 3,5 milyon tirajla satılıb.

1. Ceyms Patterson (ABŞ) – 89 milyon dollar

Bütün qələm yoldaşlarını qabaqlayan Patterson təkcə ötən il həmmüəlliflərilə birlikdə 16 kitab yazıb. Həmin kitabların 30 milyon nüsxəsi oxucular tərəfindən əldə olunub. O, hər yeni romanı ilə ABŞ-ın bestsellerləri reytinqində ilk pillələri tutur. Müstəntiq Aleks Korss, xəfiyyə Maykl Bennet və “Qətlləri Araşdıran Qadınlar Klubu” silsiləsi ilə Amerika ədəbiyyatına yeni nəfəs gətirən Ceyms Patterson hər il müstəqil kitab mağazalarına və məktəb kitabxanalarına bir neçə milyonluq yardımlar edir.ABŞ-ın “Forbes” jurnalı dünyanın gəlirli yazıçlarının adını açıqlayıb. Siyahı 2014-cü ilin iyunundan 2015-ci ilin iyununa qədər yazıçıların çap, elektron və audio kitablarının satışından və əsərlərinin ekranlaşdırılmasından qazandıqları gəlir əsasında hazırlanıb.

İnform.az

Baxış sayı: 399