Din
11.05.2018 / 16:10

Şabranda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb- FOTO

Şabranda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb-
Şabranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə mayın 11-də öz işini davam etdirib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, gənclər, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

Seminar-müşavirəni giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov mövzunun əhəmiyyətinə toxunub. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənclərin dini sahədə maariflənməsinə öz müsbət təsirini göstərir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ənənə halını almış multikultural və tolerant mühit bütün dünyada təbliğ və təşviq olunmaqdadır. DQİDK sədrinin birinci müavini onu da qeyd edib ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Onun sözlərinə görə, ölkəmizdə 2 mindən artıq məscid mövcuddur. Təkcə son 11 il ərzində 150-ə yaxın məscid tikilib, 90-a yaxın məscid əsaslı şəkildə bərpa edilib.

Yeni yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu haqqında da məlumat verən S. Salahlı deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin edəcək.

DQİDK sədrinin birinci müavini, eyni zamanda gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maaairfləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırıb. Qeyd edib ki, gəncləri dini radikalizm, ekstremizm və digər zərərli vərdişlərdən qorumaq, onlara düzgün savad, elm öyrətmək lazımdır.

Sonda çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə vurğulayıb ki, terrorizm getdikcə daha da gəncləşir və gənclərin terror təşkilatlarına cəlb edilməsi halları çoxalır.

Sektor müdirinin sözlərinə görə, dünyada müsəlmanların sayının artması bəzi qüvvələri narahat edir ki, həmin dairələr müsəlman dövlətlərində təfriqə yaratmaq istəyirlər. İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsi islamofobiya hallarının artması ilə nəticələnib. A. Əlizadə, eyni zamanda dini radikal qrupların təbliğat metodlarından da bəhs edib.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Şabranda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb-


İnform.az

Baxış sayı: 57