Gündəm, Şərhlər
25.07.2015 / 13:17

Quranda yaradılış

Quranda  yaradılış

Aydın MƏDƏTOĞLU / İnform.az


Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də kainatın, göyün, yerin, günəşin, ayın, ulduzların, dağların, planetlərin, bürclərin və insanın “Yaradılış”ı ilə bağlı xeyli ayələr mövcuddur. Tədqiqatçılar göstərirlər ki, “Quran”da elmlə bağlı kainat, səma cisimləri və Yer kürəsi ilə əlaqədar xeyli fikirlər mövcuddur və onların heç biri müasir elmi birliklərlə ziddiyət təşkil etmir. (Bax: Vasim Məmmədəliyev, Yaradılış, “Türk Eli”, Mart 2010, No6, səh.19) .
“Qurani-Kərim”dən seçdiyimiz “Yaradılış”la bağlı ayələrdə göstərilir ki:
“Allah, Göylərin və Yerin eşsiz yaradıcısıdır... Hər şeyi o yaratmışdır və hər şeyi haqqı ilə bilən odur” (Ənam,101).
“Allah Göyləri və Yeri haqq ilə yaratdı” (Nəhl,3).
“Biz, Göyləri, Yeri və ikisinin arasındakıları ancaq haqq ilə yaratdıq” (Hicr, 85).
“Biz, Göy üzünü qoruyucu bir tavan kimi yaratdıq” (Ənbiya, 32).
“Gecəni, gündüzü, Günəşi, Ayı da yaradan odur. Onların hər biri (Günəş və Ayın-A.M) bir orbitdə hərəkət etməkdədirlər” (Ənbiya,33).
“Göylərlə Yer bitişik halda ikən bizim onları bir-birindən ayırdığımızı və hər canlı şeyi Sudan yaratdığımızı görüb düşünmədilərmi?!... Yer silkələnməsin, onları atıb-tutmasın deyə Yer üzündə bir sıra dağlar ucaltdıq” (Ənbiya, 30, 31).
“Şübhəsiz ki, Rəbbiniz, Göyləri və Yeri 6 gündə(6 Dövrdə-A.M) yaradan, sonra Ərşi yaradıb hökmü altına alan, gecəni, durmadan onu qovalayan gündüzlə bürüyüb örtən, Günəşi, Ayı və Ulduzları yaradaraq əmrinə tabe etdirən Allahdır. Biləsiniz ki, yaratmaq da, əmr etmək də ona məxsusdur” (Əraf, 54).
“Yeddi qat Göyü və bir o qədər də Yeri yaradan Allahdır” (Talaq, 12).
“Səmada bürclər yaradan, orada Günəşi və nurlu Ayı vücuda gətirən Allah nə qədər uca, nə qədər uludur” (Furqan, 61).
“Allah, Göydən Yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınız dünya ilinin min ilinə bərabər olan bir gündə ona (Allah dəzgahına) yüksələr”(Səcdə,5).
“Yeri 2 gündə yaradan Allah, Yer üzünə sabit dağlar yerləşdirmiş... sonra duman halında olan Göyə və Yer kürəsinə üz tutaraq onlara: istəsəniz də, istəməsəniz də vücuda gəlin-demiş, ikisi də: istəyərək gəldik-demişlər. Beləcə, Allah onları iki gündə 7 qat olaraq yaratmış və hər birinə öz vəzifəsini bildirmiş, yaxın səmanı ulduzlarla bəzəmiş və hifz etmişdir. Bütün bunlar əziz, alim Allahın təqdiridir” (Fussilət, 9-12).
“Allah Yerə girəni də, Yerdən çıxanı da, Göydən enəni də, Göyə qalxanı da bilir... Göylərin və Yerin hökmü onun əlindədir. Bütün işlər axırda ancaq Allaha qayıdacaqdır. Gecəni gündüzə, gündüzü də gecəyə qatan odur”(Hədid, 4,5,6).
“Görməkdə olduğunuz göyləri dayaqsız olaraq yüksəldən, sonra Ərşi yaradıb hökmü altına alan, Günəşi və Ayı iradəsinə tabe edən, bütün işləri yoluna qoyan Allahdır... yeri döşəyən, onda möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən odur... Yer üzündə bir-birinə qonşu qitələr, üzüm bağları, əkinlər, bir kökdən və müxtəlif köklərdən budaqlanmış xurma ağacları vardır... Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün Allahın qüdrətinə dəlalət edən əlamətlər vardır” (Ərrəd, 2, 3, 4).
“Biz Səmada bürclər yaratdıq, onları ulduzlarla bəzədik... Biz Yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik... yaşayış üçün lazım olan hər şey yaratdıq... Biz yüklənmiş külək göndərdik, Göydən yağmur endirib sizə su verdik. Həqiqətən, dirildən də öldürən də bizik, varis olan da biz” (Hicr, 16, 19, 20, 22, 23).
“Məgər biz yeri döşək, dağları da dirək etmədik mi?! Biz üstünüzdə 7 qat möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir Günəş yaratdıq” (Ən-Nəbə, 6,7,12,13)
“Göylərin və Yerin hökmü onundur... o hər şeyi yaratmış və onu əvvəlcədən müəyyən etmişdir” (Furqan, 2)
“Səmada bürclər yaradan, orada bir Günəş və nurlu Ay vücuda gətirən Allah nə qədər uca, nə qədər uludur” (Furqan, 59, 61)
“Küləkləri öz mərhəməti ilə müjdə olaraq göndərən odur” (Əraf, 57)
“Allah, Göyü yaratdı. Qübbəsini ucaltdı, düzəldib nizama saldı. Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi. Bundan sonra da Yeri döşəyib yararlı hala saldı” (Naziat, 27-30)
“Dağlara baxıb onları donmuş hərəkətsiz zənn edərsən, halbuki onlar bulud kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir” (Nəml, 88)
“Allah,Göyləri Gördüyünüz kimi, dirəksiz yaratmış, sizi atıb-tutmasın, yırğalamasın deyə Yerdə möhkəm durmuş Dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir” (Loğman,10)

Baxış sayı: 1153