Diaspora Akademiyası
11.05.2018 / 11:15

Fuad Muradov Bakı-Bruklin Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib

Fuad Muradov Bakı-Bruklin Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Bakı-Bruklin Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Assosiasiya və “Mənim Yolum” təşkilatının fəaliyyət istiqamətləri və iş planına dair geniş müzakirə aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Marietta Rozental Azərbaycan diasporu ilə yəhudi icmasının üzvləri arasında sıx əməkdaşlığın olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.

M.Rozental bu il mayın 23-də Bruklin-Bakı Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Nyu-Yorkda Bruklin meriyasında “Mədəniyyət günləri”nin, mayın 27-də isə İpək Yoluna həsr edilmiş rəqs festivalının təşkil ediləcəyini diqqətə çatdıraraq, bu tədbirlərin Azərbaycan mədəni irsinin ABŞ-da təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.

Dövlət Komitəsinin sədri Fuad Muradov qonaqları Bakıda görməkdən məmnunluğunu ifadə edərək, Bruklin-Bakı Dostluq Assosiasiyasının Azərbaycanın mədəni irsinin, tarixinin təbliğinə, mədəni əlaqələrin qurulmasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlığın zəruriliyini vurğulayan Dövlət Komitəsinin sədri təkcə mədəni sahədə deyil, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən AZZEM Beynəlxalq Fondunun rəhbəri Oleq Mövsümov və Elina Xanukova Azərbaycanın ABŞ-da təbliği istiqamətində bundan sonra da zəruri işlərin görüləcəyini diqqətə çatdırıblar.

İnform.az

Baxış sayı: 142