Gündəm, Şərhlər
25.07.2015 / 13:12

Yeddi müdrikin ziyafəti

Yeddi müdrikin ziyafəti

(Müdriklər və korifeylər silsiləsindən)


Əlisa NİCAT / İnform.az


Əvvəli burada

Xilon suala belə cavab verir:
-O hökmdar yaxşıdır ki, ölüm barəsində yox, ölməzlik haqqında düşünür.
Pittaq suala belə cavab verir:
-O çar yaxşıdır ki, təbəələrinə ondan qorxmağı yox, ondan ötrü qorxmağı öyrədir.
Kleobul belə deyir:
-O çar yaxşıdır ki, qətiyyən sadəlövh olmasın.
Biant da suala belə cavab verir:
-Yaxşı hökmdar o hökmdardır ki, qanunlara itaət etməyin nümunəsini göstərsin.
Nəhayət Solon deyir:
-O çar yaxşıdır ki, özünün diktatorluq hakimiyyətindən imtina etsin.
Periandr bütün bunlara qulaq asıb yekun vuraraq deyir.
-Görünür ən yaxşı hakimiyyət xalq hakimiyyəti ruhunda olan tək hakimiyyətlilikdir.
Bununla 7 müdrikin ziyafəti başa çatır. əlbəttə Plutarxın əsərində onların başqa söhbət və mübahisələri də əks olunub, lakin biz bununla kifayətlənib fəlsəfə tarixinin ilk səhifələrini yazan bu 7 müdriklə xudahifizləşirik.

İndi isə öz vətənini-Skifiyanı tərk edib Yunanıstana gələn ən qədim türk müdriklərindən biri olan Anaxarsis (Anaxar) barədə bir neçə kəlmə.
Onun adı çox vaxt 7 müdrikin arasında çəkilir. Öz gözlənilməz və mənalı cavabları və atmacaları ilə yunanlıarın diqqətini cəlb edib marağına səbəb olan Anaxar çox ayıp, ətrafda baş verənlərin mahiyyətini dəqiq qiymətləndirə bilən bir mütəfəkkirdir. Bunu təsdiq edən bir neçə misal:
Yunanların Skiflərdən fərqli olaraq doğruluğu, sevdiyini və təqdir etdiyini deyənlərə Anaxar belə cavab vermişdir:
-Bəs bazarlarda daim yalan deyən və alıcıları aldadan yunanlar deyl?
Şərab aludəsi olmamaqçün nə etmək lazımdır? Sualına isə Skif müdriki belə cavab verib:
-Sərxoşlara tez-tez baxmaq lazımdır.
Biz başqa yazılarımızda və kitablarımızda Anaxar barədə az-çox danışdığımıza görə bununla kifayətlənib bizdə haqqında çox az məlumat verilən və çox az tanınan dünyanın ilk təmsil yazanı iki janrın banisi olan Ezop barədə söhbət açaq.
O, əslən kiçik Asiyanın Friqiya əyalətindən idi. zahirən çox xoşagəlməz olub. Iri girdə başı, girdə burnu, zənci dodaqları, əlləri gödək, qozbel bir adam olub. Amma başı əla işləyirmiş. Özü də qul imiş. Onun sahibi bu eybəcər quldan xilas olmaqçün başqa iki qulla bərabər Yunanıstanın Samos adasına gəlir. Burada Ezopu Ksanf adlı bir filosof sahibkar alır.
Ezop ağasının qulu kimi çox tərs, nataraz işlər görür, amma hamısı məntiqli və ağıllı olduğuna görə sahibi ona heç nə demir. Ezopun kəlamları və deyimləri çoxdur. Lakin o, dünya ədəbiyyatına və fəlsəfi fikrinə daha çox öz təmsilləri ilə düşüb.
O, Delf şəhərinin sakinlərini məbədə gətirən qurban və hədiyyələr hesabına yaşadıqlarını görb onları ələ salır. Bundan hirslənən Delf əhli onu aparıb qayadan atır.
Ancaq rəvayətə görə Ezopun bu ölümü Delf əhalisinə çox baha başa gəlir. Onun ölümündən sonra şəhərdə vəba xəsdəliyi yayılır və əhalinin çoxu ölür.
Qeyd etdiyimiz kimi Ezop dünya tarixində ilk təmsillərin müəllifi kimi daha çox tanınır. Onun təmsilləri qısa və sadədir. LAKİN HEÇ BİRİNDƏ NƏTİCƏ BİLİNMİR. Ona görə ədəbiyyatda “Ezop dili” termini yaranmışdır. Yəni müəllif fikrini birbaşa deyil, çox az adamın anladığı bir şəkildə ifadə edir.
Ezopun 3 təmsilini oxuculara təqdim edirik.

Qurbağalar
İki qurbağa göl quruduğuna görə özlərinə yeni yer axtarmağa çıxırlar. Gəlib bir quyuya rast gəlirlər. Onların biri deyir:
-Daha nə fikirləşməli, atılkaq içinə.
İkinci qurbağa belə deyir:
-Yaxşı, əgər birdən quyu qurusa bəs ordan necə çıxacağıq?
Ezop demək istəyirdi ki, bir iş tutmazdan əvvəl onun nəticəsi barədə fikirləşmək lazımdır.

Qoca və ölüm
Bir dəfə bir qoca meşəyə gedib çoxlu odun doğrayır. Sonra şələləyib belinə alaraq evə yollanır. Amma yol uzaq imiş. Qoca yorulub şələni yerə qoyur və əlini göyə qaldırıb bu əzabdan xilas olmaqçün Allahdan ölüm istəyir.
Əzrayil o dəqiqə peyda olub soruşur ki, niyə məni çağırdın?
Qoca tez deyir:
-Çağırdım ki, şələmi belimə götürməkdə mənə kömək edəsən.
Ezop demək istəyir ki, həyat necə ağır olsa da, insan necə bədbəxt olsa da yaşamaq şirindir.

Zevs və ilan
Zevs özünə toy edirdi. Bütün heyvanlar hədiyyələrlə gəlir. İlan da dişində bir qızılgül sürünə-sürünə gəlib, gülü ona uzadır. Zevs ona belə deyir:
-Hamının hədiyyəsini qəbul edirəm amma sənin dişində gətirdiyin bu gülü yox.
Ezop demək istəyir ki, pis adamların iltifatı da təhlükəlidir.
İndi də Ezopun iki atmacası:
Ezop yaraşıqlı, ama pozğun bir adama demişdir:
-Ola bilsin ki, geyinməyin yaxşıdır, amma soyunmağın çox pisdir.
Bir dəfə Xilon Ezopdan soruşur:
-Zevs nə ilə məşğuldur?
Ezop deyir:
-Yüksəkləri alçaltmaq, alçaqları yüksəltməklə.

Ardı var...

Baxış sayı: 1684