Gündəm, Şərhlər
25.07.2015 / 13:07

“Qara bayraqlılar” üçün “qırımızı xətt”

“Qara bayraqlılar” üçün “qırımızı xətt”

Ankara- Vaşinqton müttəfiqliyinin sınaq məqamıdır


Aqil CAMAL / İnform.az


İraq və Suriyanın ardınca, İŞİD-in adı indi də, Türkiyə ilə paralel çəkilməyə başladı. Şübhəsiz ki, tarix bu qrupun necə ortaya çıxdığına, kimlərə xidmət etdiyinə daha geniş işıq tutacaqdır. Amma bölgədəki mənzərəyə geniş fonda baxanda bir məqam daha aydın görünür: İŞİD həm də qurulması planlanan “kürd dövləti” ssenarisinin əsas oyunçularından biri kimi nəzərdə tutulub.
Bu barədə İŞİD yeni ortaya çıxdığı zaman da yazmışdım. 21-ci əsrdə heç bir terror təşkilatı böyük dövlətlərdən dəstək almadan uzun müddət fəaliyyət göstərə bilməz. Hansısa dəstənin silahlıları gedib mağarada, dağda gizlənə bilər, amma, sadəcə öz gücləri ilə düz ərazidə uzun müddət mübarizə apara və şəhərlər ala bilməz. Bu, şübhəsizdir. Bununla belə, hamı İŞİD-ə qarşı olduğunu deyir. Həm ərazisində yerləşdiyi dövlətlər, həm qonşu dövlətlər, həm də böyük dövlətlər deyirlər ki, biz İŞİD-ə qarşıyıq. Amma, İŞİD fəaliyyətini açıq ərazilərdə davam etdirir.
Artıq İŞİD-PKK qarşıdurması Suriyadan Türkiyə ərazisinə transfer edilir. Təbii ki, İŞİD-PKK qarşıdurmasının Türkiyə ərazisinə keçməsində bəzi qüvvələrin maraqları var. Bu qüvvələrin əsas hədəfi Türkiyəni zəiflətmək, sarsıtmaqdir ki, onun bölgənin ən böyük və qüdrətli dövləti kimi rolu azalsın. Nəticədə isə, müəyyən öhdəlikləri asanlıqla üzərinə götürmüş olsun.
Onu da etiraf etmək lazımdır ki, baş verən hadisələrdə Türkiyənin daxili siyasətdəki proseslərin də birbaşa təsiri var. Hələ də Türkiyədə hökumətin formalaşmaması və hadisələrə adekvat reaksiya verə bilməməsi də öz təsirini göstərir. Hətta bu vəziyyət mövcud durumu daha da ağırlaşdırır. Xeyli müddətdir, yeni hökumətin qurulmaması İŞİD və PKK-ya qarşı qəti tədbirlərin görülməsinə də maneə yaradır.
Bu arada diqqət çəkən pozitiv məqam son günlər ABŞ ilə Türkiyə rəhbərliyi arasında təmasların artmasıdır.
Artıq, Türkiyənin özü üçün təhlükə hesab etdiyi mənbələrin zərərsizləşdirilməsində Ankara ilə Vaşinqton arasında razılığa gəlindiyi təəssüratı var. Son iki gündə Türkiyə Silahlı Qüvvələrinin bölgədə İŞİD-ə, həmçinin, İstanbul başda olmaqla, bir sıra şəhərlərdə PKK tərəfdarlarına qarşı həyata keçirdiyi əməliyyatlar bunu deməyə əsas verir. Türkiyə mətbuatı yazır ki, bir müddət əvvəl Barak Obamanın İŞİD-lə mübarizə missiyasının nümayəndəsi kimi Ankaraya gələn, istefada olan ABŞ generalı Con Allenlə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu arasında razılıq əldə olunub. Razılığa əsasən, qardaş ölkə İncirlik hərbi bazasını müəyyən şərtlərlə ABŞ ordusunun istifadəsinə verəcək. Bölgənin təhlükəsizliyinin təmin olunmasında, lazım gələrsə, Türkiyə öz topçu birlikləriylə əməliyyatlara dəstək verə biləcək. Razılaşma bilavasitə PKK-nin Suriya qanadı sayılan PYD-ni hədəfə almasa da, PYD qüvvələrinin bölgənin təhlükəsizliyinə kölgə salan və Türkiyənin sərhəd toxunulmazlığını təhdid edən hərəkətləri halında gərəkli müdaxilə mümkün olacaq.
Uzun müddətdir, Türkiyənin təhlükəsizliyinə təhdid təşkil edən ünsürlərə qarşı rəsmi Ankaranın ciddi tədbirlər almaması ölkə ictimaiyyəti tərəfindən də etirazla qarşılanırdı. Son günlər özünü göstərən aktivlik, həmçinin baş nazir Əhməd Davudoğlunun son açıqlamaları onu deməyə əsas verir ki, artıq, Ankara qara bayraqlı İŞİD-çilərin və bölücü PKK-çıların Türkiyənin “qırmızı xətti”ni tapdalamasına seyrçi qalmayacaq. Bu işdə, bir-birinə “müttəfiqim” deyən Vaşinqtonla Ankaranın anlaşmasının və birgə hərəkət etməsinin həyati əhəmiyyəti var.

Baxış sayı: 550