Araşdırma, Qarabağ
08.05.2018 / 14:07

Şuşa - Topxana meşəsi - FOTO

Şuşa - Topxana meşəsi -
Yenicə nəşr edilən “Azərbaycan Milli Azadlıq Ensiklopediyası”(sovet dövrü:1920-1991) kitabımdan Şuşanın işğalı ilə bağlı yazını oxuculara təqdim edirəm.

ŞUŞA – TOPXANA MEŞƏSi.

1988-ci ilin noyabrında Bakıda gərginlik xeyli dərəcədə artmışdı. Buna səbəb Əsgəran Rayon İcraiyyə Komitəsinin 28 oktyabr 1988-ci ildə Şuşanın Topxana sahəsində Ermənistanın Knaker alüminium zavodunun fəhlələri üçün pansionat və həmin zavodun məişət əşyalarının istehsalı sexinin filialı üçün tikinti sahəsinin təmizlənməsi qərarı olmuşdu. Ermənistan Respublikasındakı alüminium zavodu üçün Azərbaycanın ən gözəl meşəsini qırıb, yerində qab-qaşıq istehsalı sexinin tikilməsi xalqımız üçün bir təhqir idi.

Qarabağin, eləcə də dünyanın gözəl şəhərlərindən olan Şuşa dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə yerləşir. Əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu şəhərdə dağlar arasından Qarqar çayı axır. 200 hektara yaxın ərazini Şuşa qoruğu əhatə edir.

Şuşada görkəmli Azərbaycan yazıçı və şairləri – M.P.Vaqif, X.Natəvan, Q.Zakir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, müğənni Bülbül, dahi bəstəkar Ü.Hacıbəyov, dirijor Niyazi, görkəmli elm və siyasi xadimlər – Əhməd Ağaoğlu, Behbud Cavanşir yaşayıb yaratmışlar.

1992-ci ilin mayın 8-də Azərbaycanın gözəl guşəsi və tarixi şəhəri olan Şuşa ermənilər tərəfindən işğal edildi.

Şuşanın müdafiəsində də ciddi səhvlərə yol verildi. Mühasirədə qalan Şuşanı isə müdafiə etmək getdikcə mümkün olmurdu. Bununla bağlı Dövlət Müdafiə Komitəsində 1992-ci ilin martın 12-də Şuşadakı vəziyyət müzakirə edildi və aprelin 26-da buradakı bütün hərbi qüvvələr ümumi komandanlığa tabe edildi. 1992-ci ilin aprelin 30-da Müdafiə naziri Rəhim Qazıyevin əmri ilə Şuşa və Laçında Xalq Cəbhəsi könüllülərindən ibarət hərbi hissələr buraxıldı. Şuşa taburunun komandiri Ramiz Qəmbərov müəmmalı şəkildə öldü. 1992-ci ilin mayın 3-5-də Ağdamda Qarabağ uğrunda döyüşən könüllü hərbi hissə komandirlərinin müşavirəsi keçirildi. Müşavirə iştirakçılarının xalqa müraciətində həmin hərbi hissələrin Hərbi Birliyi və Birliyin Hərbi Şurasının təsis olunduğu bildirilirdi. Nəzarət, təşkilat və təchizat işləri ilə Birliyin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun məşğul olacağı qeyd edilirdi. Beləliklə, Rəhim Qazıyevlə Surət Hüseynov qarşıdurması yaranırdı.

Aprelin 25-də eks-prezident A. Mütəllibov Şamaxıda öz tərəfdarları qarşısında çıxış edib, qeyri-qanuni yolla devrildiyini söyləmişdi. Burada o fikir də səslənmişdi ki, onun istefa verməsində Şuşanın ermənilərə verilə biləcəyi faktı da olmuşdu. Mayın 2-də A. Mütəllibovun silahlı tərəfdarları Azərbaycan Teleradio şirkətinə gələrək birbaşa efirə çıxmağı tələb etsələr də, niyyətləri baş tutmamışdı.

Bu ərəfədə minalanmış sahələr zərərsizləşdirilmiş, xeyli döyüşçü qısa müddətə məzuniyyətə buraxılmışdı. Şuşa taburu ştatında 1500-ə yaxın döyüşçü olduğu halda, hücum günü 500 döyüşçü var idi. 200 nəfər könüllü əsgər sılahı ilə şəhəri tərk etmişdi. Xüsusi milis taburunun döyüşçüləri mayın 4-də Şuşanı tərk edib, Böyük Kirsdə mövqe tutmuşdular.

Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Hücumda 80 T-72 tankı, 6000-ə yaxın döyüşçü, o cümlədən xarici muzdlular iştirak edirdi. Şuşadakı milli qüvvələr qəhrəmancasına döyüşdülər. Lakin onlara kömək gəlmədi. Axşam şəhərdə qalan 30-40 müdafiəçi də şəhəri tərk etdi.

Döyüşlərdə şəhərin 155 müdafiəçisi şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü.

Şuşanı müdafiə etməkdə cavabdeh olan Azərbaycan Ordu hissələri Elbrus Orucovun komandanlığı altında düşmənə ciddi müqavimət göstərmədən Şuşadan bir qədər aralıdakı Turşsu kəndində mövqe tutdular. Şuşanı döyüşsüz tərk etmək əmrinin verilmə səbəbində isə heç şübhəsiz siyasi məqsədlər var idi (sonradan Şuşanı müdafiə etməyən Elbrus Orucova general rütbəsi və Milli Qəhrəman adı verildi.

Şuşanın işğalı ilə erməni quldurları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını başa çatdırdılar.

ERMƏNİ İŞĞALLARI XRONİKASI

1990-cı ilin iyulun 11-də Kəlbəcərə gedən sərnişin avtobusu Mardakertdən keçərkən erməni quldur dəstəsi tərəfindən atəşə tutuldu. Nəticədə 3 nəfər ölmüş (biri müşayiət edən əsgərdir), 20-dən artıq adam yaralanmışdı.

1991-ci ilin sentyabrın 14-18-də ermənilər Goranboy bölgəsində Erkeç, Manaşid, Buzqov, Baş Qışlaq kəndlərini ələ keçirdilər. Bu döyüşlərdə yerli özünümüdafiə dəstələri fədakarlıqla müqavimət göstərsələr də, güclü hücumların qarşısını almaq mümkün olmadı.

1991-ci ilin oktyabrın 28-də Tuğ kəndi, 31-də Salaketin kəndi düşmənlər tərəfindən ələ keçirilib yandırıldı. Noyabrın 18-də isə ermənilər güclü artilleriya atəşindən sonra Xocavənd qəsəbəsini tutdular. Burada iki sakini və bir yaşlı körpəni diri-diri yandırdılar.

Noyabrın 20-də Zamzur, 23-də Əmiranlar kəndləri işğal edildi.

Dekabrın 23-də ermənilər Meşəli kəndində dinc, köməksiz əhalini gülləbaran etdi. 33 nəfər, o cümlədən 29 sakin öldürüldü, üç ailə evində yandırıldı.
1992-ci ilin yanvarın 13-də isə kənd tamamilə dağıdıldı.

Dekabrın 23-də Daşbaşı, Axullu kəndləri işğal edildi, yandırıldı.

1991-ci ilin dekabrın sonlarında erməni quldur dəstələri Xankəndi yaxınlığındakı Kərkicahan qəsəbəsinə hücum etdilər. Qanlı döyüşlərdə qəsəbə dəfələrlə əldən-ələ keçdi. Burada ilk dəfə odatan silahdan istifadə etdilər. Döyüşlərdə 30 azərbaycanlı əsgər qəhrəmancasına həlak oldu.

1992-ci ilin yanvarın 19-da Kərkicahan düşmən əlinə keçdi və tamamilə yandırıldı.

1992-ci ilin yanvarın 21-də Qeybalı, fevralın 21-də Şuşanın Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi.

1992-ci ilin yanvarın 25-dən 26-na keçən gecə Azərbaycan Ordu hissələrinin Şuşanın mühasirəsini yarmaq üçün Daşaltı tərəfdən keçirdiyi əməliyyatlar uğursuzluğa düçar oldu. Satqınlıq etmiş bələdçilər bir taqım əsgəri və zirehli maşınları minalanmış əraziyə saldılar. Nəticədə 33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı. Döyüşlərdə düşmən tərəfdən də 150 nəfərin itki verdiyi qeyd olunur.

Bir neçə gün sonra Şuşanın mühasirəsinin Ağdam istiqamətində yarılması məqsədi ilə keçirilən Xromot-Xanabad əməliyyatı da nəticə vermədi.

1992-ci ilin yanvarın 29-da Xankəndi üzərində uçan Ağdam-Şuşa vertolyotu ermənilər tərəfindən vuruldu. Vertolyotdakı 40 nəfərədək adam (bütün sərnişinlər və heyət üzvləri) həlak oldu.

1992-ci ilin fevralın ortalarında ermənilər Qarabağlı kəndinə hücum etdilər. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən döyüşdən sonra ermənilər Qarabağlını ələ keçirib, onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. Qalan əhali əsir alındı.

Şuşa - Topxana meşəsi -


Şuşa - Topxana meşəsi -


Şuşa - Topxana meşəsi -


Nəsiman Yaqublu/tarix elmləri doktoru

modern.az

Baxış sayı: 170