Gündəm, Hüquq
08.05.2018 / 13:00

Polislərlə çiyin-çiyinə

Polislərlə çiyin-çiyinə
Bu yaxınlarda Paytaxtın Nərimanov rayonundakı “İSTƏK” liseyində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Paşa Kərimov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd edib. Bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniyaya qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyi ön plana çıxıb və problemə münasibətdə yeni mərhələ başlanıb.
Qeyd olunub ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib.

Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
P.Kərimov daha sonra narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurduğunu, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün böyük təhlükə olduğunu bildirən P.Kərimov yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verib.

Polislərlə çiyin-çiyinə


Xəyalə Məmmədova/DİN Mətbuat Xidmətinin əməkdaşı


Baxış sayı: 47